Region şəhərlərimizin gələcək hədəfləri

post-img

Urbanizasiya bölgələrin həyatına necə təsir göstərir?

Şəhərlərin meydana gəlməsi və inkişafı böyük tarixi dövr keçərək sivilizasiyanın formalaşmasında həlledici rol oynayıb. Azərbaycan da dünyada ən qədim şəhərlərin meydana gəldiyi mədəniyyət ocaqlarından biridir. Ölkəmizin qədim şəhərləri Naxçıvan, Dərbənd, Şamaxı, Qəbələ, Şəki, Bərdə, Şəmkir, Gəncə, Bakı, Ordubad və s. Böyük İpək yolu üzərində şəhərləşmədə önəmli rol oynayıb. Urbanizasiya bu şəhərlərin indiki həyatına necə təsir göstərir? ETN Coğrafiya İnstitutunun əməkdaşı, dosent Etibar Bədəlov XQ-yə növbəti müsahibəsində bu sualı belə cavablandırdı:

– Urbanizasiya sosial-iqtisadi, demoqrafik və coğrafi proses olub, tarixi inkişaf və coğrafi əmək bölgüsü əsasında baş verir. Şəhər həyat tərzi, onların genişlənməsi, sayının artması ilə özünü göstərir. Kiçik şəhərlər böyüyür, kəndlər qəsəbələrə, qəsəbələr şəhərlərə çevrilir. Onlarda yaşayan əhalinin sayı da artır. 1917-ci ildə ölkəmizdə urbanizasiya səviyyəsi 23,8 faiz, 1939-cu ildə 36,1 faiz təşkil edib. 1960-cı illərdə isə Azərbaycanda şəhər əhalisinin payı 52,7 faiz olmaqla, Rusiya ilə eyni səviyyədə olub. Sonra şəhər əhalisinin nisbəti azalmağa başlayıb və 2007-ci ildə yenidən yüksəlib.

Bəs səbəb nədir? Sovet məkanında unbanizasiya sahəsində ən aşağı göstəricilərdən biri ölkəmizdə olub. Bunun əsas səbəbi 1970-ci illərdə qəbul edilən “Yaşayış yeri və olduğu yer haqqında” Qanuna əsasən, ölkəmizin aparıcı şəhəri Bakıya qeydiyyatın məhdudlaşdırılması olub. Əgər digər şəhərlərə qeydiyyata düşmək üçün evlilik, mənzilə sahib olmaq və dövlət tərəfindən təyinatla işə götürülməklə mümkün idisə, Bakı üçün bu qaydalar sərtləşdirilmişdi.

Bundan əlavə, həmin vaxt kənd və şəhər arasında fərqlərin aradan qaldırılması əsas hədəflərdən biri idi. Mingəçevirdə, Gəncədə, Sumqayıtda xeyli sayda sənaye müəssisələri açılmışdı. Ətraf rayonların sakinləri bu şəhərlərin sənaye müəssisələrində çaışırdılar. Kəndlərin özündə də kifayət qədər iş yerləri var idi. Ona görə də şəhərlərə axın azalmışdı.

Müstəqilliyin ilk illərində də Azərbaycanda şəhər əhalisinin xüsusi çəkisi azalmağa başladı. 1990–1994-cü illərdə erməni təcavüzü nəticəsində ölkədə ölüm əmsalı 6,1 faizdən 7,3 faizədək artdı. Xarici ölkələrə miqrasiya sürətləndi. Nəticədə 1999-cu ildə şəhər əhalisinin payı 51,1 faiz təşkil etdi. 2002-ci ildən isə şəhər əhalisinin sayının artması prosesi başlayıb. 2012-ci ildə 9 milyon 235 min nəfər əhalinin 52,9 faizi, başqa sözlə, 4 milyon 889 min nəfəri şəhərlərdə yaşayırdı. Bu artım ilk növbədə neft və qaz sektorunun inkişafı ilə bağlı idi. Bakı digər şəhərlərə nisbətən daha sürətlə böyüməyə başladı. İş yerləri regionlarda deyil, daha çox paytaxtda cəmləşdi.

Həmin dövrdə iqtisadiyyatın digər bölmələri kimi, aqrar sahədə də tənəzzülün baş verməsi, təsərrüfatların dağılması kəndlinin əlinin işdən soyumasına səbəb oldu. Kənd və rayonlarda istehsal müəssisələrinin bağlanması, torpağın əkib-becərilməsinin çətinləşməsi ucqar bölgələrin sakinlərinin ümidini şəhərə, əsasən də Bakıya bağladı. Bundan başqa, torpaqlarımızın işğalı nəticəsində doğma yurd-yuvalarından didərgin düşən insanların da bir hissəsi müvəqqəti yaşayış yeri kimi pataxta üz tutdu. Artıq 1989–2020-ci illər şəhərlərin sayı 79-a, qəsəbələr isə 262-yə çatdı. 2018-ci ildə şəhər əhalisinin sayı 55,7 faizə yüksəldi. Bu göstərici 2020-ci ildə 54,9-a, 2024-cü ildə isə 54,5 faizə düşdü.

Xüsusilə, müstəqillik illərində Bakı və ətraf qəsəbələrinin sürətli böyüməsi paytaxtı aqlomerasiyaya çevirdi. Paytaxat əhalisi 2019-cu ildə 2 milyom 330 min, 2023-cü ildə isə 2 milyon 336 min nəfərə çatdı. Lakin reallıq fərqlidir. Qeyri-rəsmi məlumatlarda Bakı şəhərinin əhalisinin sayı 3–3,5 milyon nəfərdir. Yəni rəsmi statistikadan fərqli olaraq artım daha çoxdur. Bu, ilk növbədə, gündəlik iş, məhsullarını bazara çıxarmaq və təhsil almaq üçün gələnlərlə bağlıdır.

– İkinci Qarabağ müharibəsində qazanılan zəfər nəticəsində torpaqlarımız işğaldan azad olundu. Bir sıra şəhər və qəsəbələrimiz Vətənimizə qovuşdu. Azad olunmuş ərazilərdə urbanizasiya necə gedir?

– Erməni işğalı bir milyona qədər soydaşımızın həyatları boyu qazandıqları hər şeyi bir anın içərisində itirib, məcburi köçkünə çevrilməsinə səbəb oldu. Onlar uzun illər çox ağır həyat yaşadılar. Millətçiliyinin əsiri olan Ermənistan Azərbaycana olan torpaq iddiası ilə milyondan artıq insanın həyatını cəhənnəmə çevirdi. Artıq işğal keçmişdə qalıb. Torpaqlarımızın düşməndən azad olunması nəticəsində Şərqi Zəngəzurda 5 şəhər və 11 qəsəbə, Qarabağda isə 7 şəhər və 5 qəsəbə yenidən vətənimizə qovuşdu.

Müharibədən sonra 7 şəhərin və 10-dan çox qəsəbənin xarabalıqları üzərində, onların sürətlə yenidən tikilməsi prosesi gedir. Daha sürətlə tikilən Füzuli və Laçın şəhərlərinə artıq əhali köçüb və bu proses davam edir. Şuşa, Xankəndi və Xocalı, Cəbrayıl şəhərlərinə də əhali köçü davam edir. Kəlbəcər, Zəngilan, Qubadlı və Ağdam şəhərlərində aparılan quruculuq işləri nəticəsində yaxın vaxtlarda onlara da əhali köçü başlanacaq. Şəhərsalma layihələrinə görə ən böyük şəhərlər isə Ağdam və Füzuli olacaq.

İqtisadi rayonlar arasında ən çox şəhər Qarabağ, Gəncə–Daşkəsən və Lənkəran–Astara bölgələrində olsa da, bu ərazilərdə kiçik şəhərlər üstünlük təşkil edir.

– Regional problemlər və şəhərlərin gələcək inkişafi perspektivləri barədə araşdırmalarınız nələri aşkara çıxartdı?

– İqtisadi rayonların şəhər məskunlaşmasının perspektiv inkişafı üçün sistemli yanaşma üzrə qiymətləndirmənin əsas amilləri təbii-coğrafi mühit və iqtisadi potensialın ərazi təşkili ilə bağlıdır. Bunların nəzərə almaqla hər bir iqtisadi rayonun ərazisində problemlər var. Bakıda problem həlli üçün şəhərə yaxın qəsəbələr ona birləşdirilməli, şəhərətrafı bir neçə böyük qəsəbəyə– Maştağa, Binə, Hövsan, Mərdəkan və Pirallahıya şəhər statusu verilməli və şəhərlərə uyğun planaalma aparılmalıdır. Abşeronda isə Masazır və Sarayın birləşdirilərək şəhər olması, Xırdalan şəhərinə Sulutəpə, 28 May, Hökmalı, Aşağı Güzdək və Müşfiqabad qəsəbələri birləşdirilərək genişləndirilməsi, rayonun 6 kəndinə qəsəbə statusu verilməsi yaxşı olardı.

Gəncə–Daşkəsən regionunda isə Gəncədə sənaye parkının yaradılması, şəhər sərhədlərinin genişləndirməsi onu ölkədə 2-ci nəhəng şəhərə çevirərdi. Eyni vəziyyət ölkənin digər regionklarında da müşayiət olunur.

Qeyd edim ki, şəhərlərin dayanıqlı inkişafı üçün ölkə və regionlarda iqtisadi, ərzaq, ekoloji, sosial və s. siyasətlərin aparılması vacib və təxirəsalınmaz işlərdir. Ölkənin strateji əhəmiyyətli şəhərlərində, xüsusilə sərhəddə yerləşən Astara, Biləsuvar, Culfa, Balakən, Qazax, Laçın, Zəngilan, Xudat və s. şəhərlərdə sənaye məhəllələri və rəqabətə davamlı sahələr yaradılması, xidmət və ticarət sahələrinin inkişafı istiqamətində işlər aparılmalıdır.

– Dağlıq ərazilərdə yerləşən şəhərlərin zəngin iqlim-landşaft potensialının olması onların beynəlxalq kurort zonalarına çevrilməsi üçün geniş imkanlar yaradır.

– Dağ regionlarına kapital qoyuluşunun artırılması, məşğulluq probleminin həlli, nəqliyyat, turist, mühəndis, iqtisadi və innovasiya infrastrukturların inkişafı istiqamətində işlərin görülməsi tezliklə şəhərlərin dayanıqlı inkişafına səbəb olar.

Ölkədə şəhər məskunlaşmasının ahəngdar inkişafı üçün optimal şəhərlərin (dünya üzrə optimal əhali sayı 50–200 min nəfər) formalaşmasının təşkilini genişləndirməklə coğrafi əmək bölgüsündə onların rolunu artıracaq iqtisadi bazanı, kommunal və nəqliyyat infrastrukturu təkmilləşdirərək, məşğulluq və ekoloji baxımından çox əlverşli şəhər mühüti yaradılmalıdır.

Şəhərlərdə demoqrafik şəraitin yaxşılaşmasının təmin edilməsi üçün bu sistemdə sosial və istehsal infrastruktur sahələrin kompleks inkişafı, məşğulluq strukturu əsasında iqtisadi effektivlik qiymətləndirilməlidir. Bundan başqa, şəhərlərdə əhalinin həyat şəraitinin yaxşılışdırılması, tarixi irsə qayğı, rahatlıq, təhlükəsizlik, ekoloji sağlam şərait və biznes mühitinin yaradılması müasir sağlam cəmiyyətin formalaşmasında mühüm dəyərlər kimi öyrənilməlidir.

Müsahibəni aldı:
Pünhan ƏFƏNDİYEV
XQ

Müsahibə