“Görkəmli şərqşünas, unudulmaz şəxsiyyət”

post-img

Aida İmanquliyeva – 85

Dünən AMEA Şərqşünaslıq İnstitutunda görkəmli şərqşünas-alim, professor Aida İmanquliyevanın 85 illik yubileyinə həsr olunmuş elmi konfrans keçirilib.

Məclisi giriş sözü ilə açan AMEA-nın akademik-katibi, akademik Arif Həşimov Azərbaycan şərqşünaslıq elminin inkişafında professor Aida İmanquliyevanın böyük rolu olduğunu qeyd edib. O, alimin şərqşünaslıq elmində ərəbşünas ədəbiyyatşünaslar məktəbinin əsasını qoyduğunu vurğulayaraq, ərəb məhcər ədəbiyyatının tədqiqi sahəsində elmə böyük töhfələr verdiyini bildirib.

Konfransda AMEA-nın vitse-prezidenti, Şərqşünaslıq İnstitutunun baş direktoru akademik Gövhər Baxşəliyevanın “Görkəmli şərqşünas, unudulmaz şəxsiyyət” mövzusunda məruzəsi dinlənilib. Aida İmanquliyevanın Azərbaycanda Şərq–Qərb qarşılıqlı əlaqə və təsirini sistemli şəkildə araşdıran ilk alim olduğunu deyən akademik onun çoxsaylı elmi əsərlərində Qərb və Şərq mədəni ənənələrinin sintezinin, yaradıcı üslubun inkişafının və yeni bədii üslubun təşəkkül tapmasının tədqiq olunduğunu, onun hər iki ədəbiyyatın ümumbəşəri dəyərlərini əsas götürərək mədəni tərəqqini şərtləndirən amillərə istinad etdiyini qeyd edib.

Dünya şöhrətli alimin elmi-təşkilati, pedaqoji fəaliyyətindən, tərcümələrindən, nüfuzlu beynəlxalq tədbirlərdə Azərbaycan şərqşünaslığını layiqincə təmsil etməsindən danışan məruzəçi Aida xanımın, eyni zamanda, həssas, xeyirxah insan olduğunu, şəxsi keyfiyyətləri və dərin elmi biliklərinin ona həmkarları arasında böyük hörmət və sevgi qazandırdığını qeyd edib.

Konfransda Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin dekanı, dosent Aydan Xəndan “Əzəliyyətdən əbədiyyətə axan nur” – Aida İmanquliyeva ziyası”, AMEA Ədəbiyyat İnstitutunun Azərbaycan–Asiya ədəbi əlaqələri şöbəsinin baş elmi işçisi, filologiya elmləri doktoru Bəsirə Əzizəliyeva “Görkəmli şərqşünas-alim Aida İmanquliyeva”, Şərqşünaslıq İnstitutunun direktor müavini, dosent Ruhəngiz Cümşüdlü “Aida İmanquliyeva və klassik Azərbaycan ədəbiyyatı”, Ərəb ölkələrinin tarixi və iqtisadiyyatı şöbəsinin müdiri, dosent Fərda Əsədov “Aida İmanquliyevanın pedaqoji təcrübəsindən: Suriya–Amerika məhcər ədəbiyyatının həyat fəlsəfəsi dəyərlərinin aşılanması” mövzularında məruzələrlə çıxış ediblər.

Məclisdə Aida İmanquliyeva haqqında xatirələr də səslənib.

***

AMEA Şərqşünaslıq İnstitutunun kollektivi oktyabrın 10-da görkəmli şərqşünas, filologiya elmləri doktoru, professor Aida İmanquliyevanın anadan olmasının 85-ci ildönümündə alimin məzarını ziyarət edib, xatirəsini ehtiramla anıb, məzarı üzərinə əklil qoyub.

AMEA-nın vitse-prezidenti, Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva çıxış edərək Aida İmanquliyevanın şərqşünaslıq elminə mühüm töhfələr verdiyini, Azərbaycanda ərəbşünaslıq üzrə ilk qadın filologiya elmləri doktoru kimi bu sahənin inkişafında böyük xidmətləri olduğunu deyib.

AMEA-nın Qadınlar Şurasının İdarə Heyətinin üzvü Zərifə Quliyeva Aida İmanquliyevanın müasir ərəb ədəbiyyatının tədqiqində yeni bir səhifə açdığını, yeni bir məktəbin əsasını qoyduğunu deyərək, onun Azərbaycan şərqşünaslığının inkişafına böyük töhfələr verdiyini bildirib.

XQ

Mədəniyyət