Söz mənəvi hakimdir – xəyanəti cəzalandırır

post-img

Yazı sənəti dünyada bütün sənətlərdən ən çətinidir. Bu sənət qədər insandan fədakarlıq tələb edən ikinci bir sahə yoxdur. Əlahəzrət istedad seçmiş olduğu insana qarşı çox amansızcasına rəftar edir; ondan bütün həyatını, ömrünü istəyir. Hər istedad sahibində də Əyyub peyğəmbərin səbri olmur. Yarı yolda qalanlar, bu yolun əzabından, əziyyətindən qorxub geri çəkilənlər, yazmaq, yoxsa yazmamaq dilemması qarşısında tərəddüdləriylə döyüşənlər və məğlub olanlar müqəddəs ədəbiyyat məbədinin çölündə qalmaqla cəzalandırılıblar. Yazmağı tərcih edənlərin çoxu Bartlbi sindromu ilə üz-üzə qalıb. Söz də din kimidir – xəyanəti bağışlamır.

Yaradıcı adam fasiləsiz olaraq öz içi ilə dialoqda olmaqla bərabər, eyni zamanda, ətraf aləmlə kontaktda olan adamdır. Onu əhatə edən mühit su torpağın canına hopan kimi onun canına hopur, amma canından başqa formada çıxır. Şairin gördükləri onun üçün xammaldır, bu görüntülər onun içində emal olunur. Ağlın, hissin, duyğunun süzgəcindən keçir və bu texnarlıqdan fərqli bir dünya əmələ gəlir. Adətən, deyirlər, öz içinə, tapındığı dəyərlərə xəyanət edən andan yazıçının sözlə əlaqəsi kəsilir. İstedad suyu kəsilmiş ağac kimi quruyur. Amma yaradıcılıq prosesi heç də həmişə onu yaradan adamın daxili ilə harmoniyada olmur. Qoqolun “Rus poeziyasının mahiyyəti nədən ibarətdir” adlı çox geniş bir yazısı var. Yazıçı Puşkinbən bəhs edərkən yazır: “Hər hansı bir şairi fikirləşəndə az-çox onun özünün şəxsiyyəti göz önünə gəlir. Bircə Puşkində şəxsiyyət yoxdur. Onun hansı əsərində özünə dair bir şey tapa bilərsən? Hünərin var, gəl, Puşkinin xarakterini onun əsərlərindən tapıb meydana çıxar! Bunun əvəzində yenə də Puşkinin hər şey haqqında öz səsini ucaldan, yalnız özü barəsində heç bir rəy deməyən həmin qəribə obrazı qarşıya çıxacaqdır. Onun bütün əsərləri şair silahının mükəmməl cəbbəxanasıdır. Hər kəs ora girib istədiyini, xoşuna gələni götürüb döyüş meydanına çıxa bilər; lakin şair özü bu silahlarla döyüş meydanına çıxmadı”.

Niyə çıxmadı? Bu suala Qoqolun maraqlı cavabı var və bu yozum xeyli düşündürücüdür. O qeyd edir ki, Puşkin poeziyaya müqəddəs bir məbəd kimi baxırdı və heç vaxt ora pinti, səliqəsiz şəkildə daxil olmadı, öz həyatından kiçicik bir başısoyuqluq belə gətirmədi, bununla belə bu məbəddə nə varsa, hamısı Puşkinin sərgüzəştidir. Oxucu şeirdə yalnız xoş bir ətir duyur, lakin bu ətrin duyulması üçün Puşkinin sinəsində nələrin alışıb yandığından bir kimsə xəbər tuta bilməzdi. Qoqol yazır: “Puşkin özünün pəjmürdə həyatını bu məbədə üryan halda buraxa bilməzdi”.

Poeziya çılpaqlığı sevmir və mistik halə onun niqabıdır. Bəs sözlərin yanaşı düzülüb mistikaya çevrilməsi necə baş verir? Bu prosesi nizamlayan hansı qüvvədir? Bədənimizə üfürülmüş ruh! Nizami yazırdı ki, “biz sözük, bu bədənsə eyvanımızdır bizim”. Dəyərli yazıçımız Kamal Abdullanın təbirincə desək, söz bizim Əndərunumuzdur.

Qoqolun Puşkin poeziyasındakı bu vacib məqamı dahiyanə şəkildə, son dərəcə iti duyumu ilə aşkara çıxarması, əslində, Puşkin yaradıcılığına verilən ən yüksək və dəqiq qiymətdir. Poeziyanın mahiyyəti, əslində, budur. Amerikan-ingilis poeziyasında modernizmin sütunlarından olan Tomas Eliot nə deyirdi? Modernist poeziyanın manifesti hesab olunan “Ənənə və fərdi istedad” essesində o, fikrini bu cür izah edir: “Mən bu əqidədəyəm ki, şair fərdi “mən”in ifadəçisi deyildir, o bir növ mediumdur, yalnız medium, şəxsiyyət deyildir, belə bir təəssürat və təcrübə bucağında mövcud elementlər bir-biri ilə adi qaydada yox, qəfildən birləşir. Şair üçün bir insan kimi əhəmiyyətli olan təəssürat və təcrübə onun poeziyasında olmaya da bilər, onun şəxsiyyət kimi təkamülündə tamamilə qeyri-mühüm rol da oynaya bilər”.

Əslində, poeziyanın düsturu budur. Puşkin də sözə münasibətində bunu əsas götürüb. Mən Qoqolun yazısında bu fikirlərə rast gələndə Eliotun məşhur essesini xatırladım və düşündüm ki, Puşkin poeziyanın bu qızıl qaydasına əməl etdiyi üçün rus poeziyasının zirvəsinə yüksələ bildi.

Bir ara “bəd xəbər” yayılmışdı; deyirdilər şeir ölür. İnsan varsa, şeir ölə bilərmi? Nə qədər absurd olsa da, bu mövzuda müzakirələr baş alıb getdi. Şeir ölmədi, şeir heç zaman ölməyəcək. Amma bir narahatlıq doğuran məqam var. Bu gün sosial şəbəkələr, sözün əsl mənasında, söz cəngəlliyini xatırladır, şeir adına şişman və ya sısqa kitablar nəşr olunur. Baxırsan, söz var, məna yoxdur. Mövlana deyirdi ki, sözün meydanı dardır, mənanın meydanı isə genişdir, çalış sözdən irəliyə çıx ki, meydanın geniş olsun. Bu “şairciklər” sözü saqqız kimi çeynəməkdən yorulmurlar. Sevgidən yazmaq günah deyil, amma sevgini urvatsız etmək günahdır axı, ey aşiqi-biçarələr!

Qrafomanlar qarışqa kimi ədəbiyyatın canına daraşıb. Söz havasızlıqdan əziyyət çəkir. İstedadla yazılmış bir şeirə rast gələndə tutiya kimi öpüb gözünün üstünə qoymaq istəyirsən. Təəssüf doğuran hal bir də odur ki, gənclərin çoxunun poeziya haqqında nəzəri bilikləri yox dərəcəsindədir.

İstedad Tanrının lütfüdür, onun nəfəsi hər hansı bir anlayışa toxunanda onun məna çalarları dəyişir və ya çoxalır. Sözlərin məna zənginliyi yaratması bizim təxəyyülümüzü alovlandırır. Amma dəfələrlə deyilmiş məlum həqiqəti bir daha təkrarlamaqda heç bir ziyan yoxdur: istedad mütaliə və biliklə qidalanmasa, məhvə məhkumdur. Yaradıcı entuziazm və yüksək ədəbi zövq də məhz mütaliə sayəsində, sözlə daimi təmasda formalaşır.

Kənan HACI,
yazıçı-publisist

Sosial həyat