Ədəbiyyat üzrə Nobel mükafatını Cənubi Koreya yazıçısı qazanıb

post-img

Ədəbiyyat üzrə Nobel mükafatı Cənubi Koreya yazıçısı Han Kanqa verilib. O, bu mükafatı “tarixi travmaları və insan həyatının kövrəkliyini bütün çılpaqlığı ilə təsvir edən intensiv poetik nəsrə görə” qazanıb.

Mükafatın saytında deyilir: “O, bədən və ruh, dirilər və ölülər arasındakı əlaqə haqqında unikal anlayışa malikdir və özünün poetik və eksperimental üslubu ilə müasir nəsrin novatoruna çevrilib”.

Han Kanq 1970-ci ildə Cənubi Koreyanın Qvanqju şəhərində anadan olub. Uşaq ikən Seula köçüb. Bu şəhərdəki Yonsei Universitetində Koreya ədəbiyyatı üzrə təhsil alıb. 2016-cı ildə yazıçı “Vegeterian qadın” romanına görə dünyada tanınıb və Buker mükafatını alıb. Han Kanq həm də “Katorqa məhkumunun məhəbbəti”, “Monqol izi”, “Ağ kitab” və digər romanların müəllifidir.

Mükafat İsveç Kral Akademiyası tərəfindən verilir. Onun məbləği Nobel Fondunun gəlirindən asılı olaraq dəyişir. 2024-cü ildə bu məbləğ 11 milyon İsveç kronu (1,1 milyon dollar) təşkil edir.

P.ƏMİRCANOV
XQ

Dünya