Ortaq əlifba Türk birliyinin rəmzidir

post-img

“Bu il sentyabr ayının 9-dan 11-dək Bakıda Beynəlxalq Türk Akademiyası və Türk Dil Qurumu tərəfindən təşkil olunan Türk dünyası Ortaq Əlifba Komissiyasının üçüncü iclası uğurla başa çatıb. Ortaq Türk Əlifbası Türk xalqlarının birliyi, ortaq yazısı və mədəniyyətidir, vahid əlifba Türk birliyinin rəmzidir”.

Bu sözləri XQ-nin müxbiri ilə söhbətində tanınmış özbək alimi, filologiya elmləri namizədi Gülnaz Səttarova deyib. O bildirib ki, 34 hərfdən ibarət yeni qəbul edilən Ortaq Türk Əlifbasının Azərbaycan və Türkiyə əlifbasına təsiri olmayacaq. Onun sözlərinə görə, yeni qəbul olunan əlifbanın əsas istiqaməti də Özbəkistan, Qazaxıstan və Qırğızıstana təsir etməkdir. Belə ki, Özbəkistanda latın əlifbasına keçid prosesi davam edir. Qırğızıstan və Qazaxıstanda hələ də kiril qrafikasından istifadə olunur.

– Gülnaz xanın, Türk xalqları üçün Ortaq Türk Əlifbası ideyası hələ 100 il əvvəl ortaya atılmışdı, lakin indi ümumi razılıq əldə edildi, bu əlifbanın qəbul edilməsində əsas məqsəd nə idi?

– Bu gün ortaq bir əlifba yaratmaq ideyasının reallaşmasında məqsəd, təbii ki, türk xalqlarının birləşməsi, tarixi, mədəni, elmi, iqtisadi baxımdan həmrəy olmasıdır. Həm cədidlər dövründə, həm də bu gün ümumtürk birliyinin əsas amili Ortaq Türk Əlifbasının qəbul olunmasıdır, vahid bir əlifba tətbiq etməkdə çətinliklər, təbii ki, ola bilər, amma inanıram ki, özünü türk adlandıran hər kəs onu dəstəkləyəcək.

Yer üzündə ən qədim dövlətçilik ənənələrinə sahib olan xalqların türk xalqları olduğunu desək, yanılmarıq. Türk xalqları öz mədəniyyəti, incəsənəti, ədəbiyyatı, mədəni irsi ilə dünya sivilizasiyasına layiqli töhfələr verib. Bu gün türk xalqları arasında əlaqələrin daha da möhkəmləndirilməsi, tarix və mədəniyyətlərini qorumaq yolunda birləşməsi onların çoxəsrlik arzularının həyata keçirilməsinin müjdəçisidir. Türk dünyası misilsiz mədəni və mənəvi zənginliyi ilə dünya iqtisadiyyatına töhfələr versə də, hər şeydən əvvəl özləri bir-birlərini yaxşı başa düşməli, bir-birlərinə dəstək olmalı, qardaş xalqların tarixini yaxşı bilməlidirlər. Əlbəttə ki, bu yolda çoxdan bəri Ortaq Türk Əlifbasına ehtiyac var idi.

– Hələ 100 il əvvəl Türk dünyasının böyük alimi Xalid Səid Xocayevin "Yeni əlifba yollarında əski xatirə və duyğularım" kitabını oxuyanda bunun nə qədər vacib olduğunu başa düşürsən...

– Bəli, 100 il əvvəl özbək əsilli böyük alim Xalid Səid Xocayev və digər aydınlarımız da bunu arzu ediblər və bu istiqamətdə müəyyən işlər də görülüb. İndi onların ruhu şaddır. Qəbul edilən Ortaq Türk Əlifbasının qardaş xalqlar arasındakı münasibətlərdə nə qədər vacib olduğunu bilmək çox xoşdur, çünki vahid əlifbanın qəbul edilməsi, onun vasitəsi ilə xalqlarımız arasında siyasi, iqtisadi, mədəni, ədəbi və digər sahələrdə əlaqələrin inkişafı yolunda irəliləmək qarşımızda duran mühüm məsələlərdən biridir və bu yolda bütün Türk xalqlarına uğurlar arzulayıram.

Söhbəti yazdı:
Qulu KƏNGƏRLİ,
XQ-nin Mərkəzi Asiya müxbiri
Daşkənd

Sosial həyat