Xəbər verdiyimiz kimi, ötən günlərdə ümumtürk rəmzlərindən biri, ümumi ünsiyyətə geniş qapı açan Ortaq Türk Əlifbası uzun müzakirələrdən sonra həyata vəsiqə aldı. Bu mövzu ilə bağlı müsahibimiz Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun direktoru, Türk Dünyası Ortaq Əlifba Komissiyasının üzvlərindən biri, professor Nadir Məmmədlidir.
– Nadir müəllim, gəlin əvvəlcə əlifbalar tarixinə nəzər salaq.
– Qədimdə Aralıq dənizinin sahillərində Finikiya adlı ölkə olub. Finikiyalılar bir neçə ixtira ilə tarixin yaddaşında qalıblar. Onlardan biri də əlifbadır. Finikiya tacirləri başqa şəhərlərə mal aparır, alış-veriş edirdilər. Çox vaxt onlar borc pul və ya nisyə mal verir və bu zaman həmin şəxslərlə sövdələşirdilər. Şifahi sövdələşmələr tez-tez pozulurdu. Beləliklə, tacirlər danışıq səslərini işarə edən hərflər yaratmalı oldular. Zaman keçdikcə Finikiya əlifbası unuduldu, lakin sonradan bu əlifbanın əsasında yunan və latın əlifbaları yaradıldı.
Dünyada 3 əlifba var ki, bir çox xalqar öz hərf sistemlərini yaradarkən onlardan istifadə ediblər. Bunlar latın, ərəb və kiril əlifbalarıdır. Türkdilli xalqların, eləcə də Azərbaycan türklərinin istifadə etdiyi əlifbalar içərisində ən qədimi Orxon-Yenisey əlifbasıdır. Sonradan Azərbaycan xalqı uzun əsrlər boyu ərəb əlifbasından istifadə edib. Keçən əsrdə biz gah latın, gah kiril əlifbasını qəbul etmiş, nəhayət, əsrin sonuna yaxın yenidən müstəqillik qazandıqdan sonra latın əlifbasını seçmişik. Əsrlər sonra latın qrafikalı Azərbaycan əlifbası əsasında ortaq türk əlifbası yaradılır.
– Bəs Ortaq Türk Əlifbasına keçid hansı zərurətdən yaranıb?
– Ortaq Türk Əlifbası ideyası yeni dövrün məsələsi deyil, bunun tarixi var. Müzakirələr 1991-ci ildən başlayıb. Hələ o vaxt məsələ qoyulmuşdu ki, 34 hərfdən ibarət ortaq türk əlifbası yaradılsın. Sadəcə, müəyyən səbəblərdən məsələ o zaman həllini tapa bilməyib. Hələ o vaxtlar latın, yoxsa kirill əlifbasına keçməklə bağlı suallar ortaya çıxırdı. Müəyyən mənada, ortaq əlifbanın yaradılması üçün şərait, birlik yox idi.
Bu əlifbanın qəbulu türk xalqları arasında qarşılıqlı anlaşma və əməkdaşlığın daha da inkişafına töhfə verəcək. Fərqli coğrafiyalarda yaşayan türk xalqları təhsildən iqtisadiyyata, siyasətdən ədəbiyyata qədər bir çox sahədə daha da yaxınlaşacaq, inteqrasiya sürətlənəcək. Bu, təkcə Türk dünyasının deyil, dünyanın və bölgənin gələcəyinə dərindən təsir edəcək bir addımdır. Ortaq yazı mədəni birliyin ilk şərtlərindəndir.
Ortaq Türk Əlifbasının yaradılması ilə bağlı əksər iclaslarda iştirak etmişəm. Bunların sırasında Astana, Almatı, Bişkek, İstanbul görüşləri də var. Orta Asiyada keçirilmiş sessiyalarda, simpoziumlarda iştirak edəndə məsələ qaldırılmışdı ki, 40 hərf olsun. Şübhəsiz, bunun da məntiqi əsası var idi. Məsələn, özbəklərin, qazaxların, qırğızların hərfi, səs artikulyasiyası Azərbaycan əlifbasındakından çoxdur. Lakin bu qərara gəlindi ki, 34 hərf kifayətdir.
– Qeyd etdiniz ki, ortaq türk əlifbası ideyası təzə deyil.
– Hələ 1926-cı ildə keçirilmiş Birinci Türkoloji Qurultayda da bu barədə danışılıb. Zaman-zaman bu kimi önəmli sessiyalarda türklərin ortaq əlifbasının yaradılması məsələsinin vacibliyinə toxunulsa da, konkret əməli və real işlər görülməyib. Həqiqətən də, ortaq əlifbanın yaradılması asan məsələ də deyilmiş. Təxminən, 100 il sonra həllini tapa bildi.
– Nadir müəllim, ortaq türk əlifbasının üstünlükləri nələrdir?
– Türklərin ortaq əlifbasının yaradılmasının bir çox üstün cəhətləri var. Biz bunun həm də siyasi önəmindən söz aça bilərik. Ortaq əlifba türkdilli xalqların bir-birini başa düşmələrinə, yaxınlaşmalarına, möhkəmlənmələrinə və dəyərlərin birləşməsinə başlıca əsas yaradacaq. Artıq hər bir türk xalqı eyni əlifbadan istifadə edəcək. Məsələn, Azərbaycan əlifbasındakı “ə” hərfi bir çox xalqlarda yoxdur və bu, problem yaradır. Onun qarşılığı kimi “a” hərfinin üstündə iki qoşa nöqtə qoymaqla eyni səsi ifadə etmək olur. Belə əvəzetmə dünya dilçilik praktikasında qəbulolunandır.
Türkdilli əlifbanın üstünlüklərindən biri də odur ki, burada diftonq səslər yoxdur. Yəni, hər qrafik işarə yalnız bir səsi ifadə edir. Biz almanların əlifbasına baxdıqda görürük ki, 4 hərf bir səsi, ingilis dilində 2-3 hərf bir səsi bildirir. Lakin Azərbaycan əlifbasında olmadığı kimi, ortaq türk əlifbasında da belə diftonqlarla rastlaşmayacağıq.
– Latın qrafikalı Azərbaycan əlifbası 32 hərfdən ibarətdir. Ortaq Türk Əlifbasında isə bu hərflərin sayı 34-dür.
– 34 hərfin qəbul edilməsi o anlama gəlmir ki, biz onların hər birindən istifadə edək. Azərbaycan əlifbasının 32 hərfini yeni əlifba tam əhatə etdiyi üçün əlavə 2 hərfdən istifadə etmək məcburiyyətimiz yoxdur. Bu, digər türk xalqları üçün də keçərlidir. Türkiyənin əlifbasında 29 hərf var və onların da 34 hərfin hər birindən istifadə etməsi vacib deyil. Üstünlük odur ki, digər hərfləri bilməklə türkdilli xalqların ifadə etmək istədiyi mətni oxuya biləcəyik. Belə görünür ki, yeni əlifba yoxdur, türkdilli xalqların istifadə etdikləri ortaq hərflər bir sistem halında toplanıb. Biz əksər görüşlərimizdə bu qənaətə gəldik ki, ortaq türk əlifbasının yaradılması üçün ən uğurlu olan latın qrafikalı Azərbaycan əlifbasıdır. Çünki latın qrafikalı əlifbada bütün səslər tam olaraq yüksək səviyyədə ifadə edilib, yəni təmiz əlifbadır. Burada bir hərf bir səsi ifadə edir. Dildə qrafik işarənin eyni səsi ifadə etməsi qədər mükəmməl hərf sistemi Azərbaycan əlifbasında var.
– Latın qrafikalı Azərbaycan əlifbasında olmayıb, ancaq ortaq türk əlifbasında olan hərflər hansılardır?
– Bunlardan biri “sağır nun”, digəri isə “ä” hərfidir. Əslində, “sağır nun” bizə yad deyil və əvvəllər də dilimizdə olub. Hətta indinin özün də belə Azərbaycanın Qərb rayonlarında şifahi nitqdə istifadə edilir. Səməd Vurğunun məşhur şeirlərinin birində ifadə etdiyi “Mən bir uşaq, sən bir ana, odur ki, bağlıyam sana” beytindəki son söz olan “sana” “sağır nun”un təsiridir. Bu səsin yenidən ortaq türk əlifbasında bizə qayıtması heç bir problem yaratmır. Türk xalqlarının ortaq əlifbasının əsas qayəsi odur ki, eyni xalqlar ortaq əlifbadan istifadə etməklə bir-birlərini başa düşsünlər.
– Ortaq Türk Əlifbasının yaradılmasında türk xalqlarının hər biri eyni ideya, oxşar təkliflə çıxış edə bildilərmi? Masadan kənarda qalan oldumu?
– Bu yerdə təəssüflə qeyd etməliyəm ki, türkmənlər bu ortaqlıqdan bir qədər kənarda qaldılar, “yaxalarını geri çəkdilər”. Nəzərə alsaq ki, Türkmənistan qapalı dövlətdir və heç kim onları sorğulaya bilməz ki, niyə bu layihədə yaxından iştirak etmədiniz. Həmçinin müstəqil olmayan Türk dövlətləri var ki, ortaq əlifba hələlik onlara da aid deyil.
– Ortaq Türk Əlifbası həyatımıza daxil olur və türk xalqları bir-birini yazıb oxuya biləcək. Amma düşünürük ki, biri digərini tam olaraq başa düşməyəcək. Çünki ortaq dil yoxdur, əlifba var. Nadir müəllim, sizcə, ortaq dilin yaranması gələcəkdə mümkün ola bilərmi?
– Əslində, olduqca maraqlı və eyni zamanda bir çox yüksək tribunalarda səsləndirilmiş sualdır. Reallıq budur ki, bu, mümkün ola biləcək hadisə deyil. Onda belə çıxır ki, esperanto dil yaradılsın, bu da süni olar, doğru olmaz. Bir az özbək, bir az qazax, bir az Azərbaycan, bir az da digər türk dövlətlərinin dilindən söz götürməklə dil yaratmaq olmaz. Qarşıdurmalar qaçınılmaz olar. Çünki hər xalqa öz dili doğmadır və hər dövlət istəyəcək ki, onun dilinin sözləri əsas baza olsun. İnsanlara yeni dil öyrətmək də çox çətin olacaq. Amma ünsiyyət dili ətrafında düşünmək olar. Burada da iqtisadi cəhətdən güclü olan və təbliğ edilən ölkənin dili əsas olacaq. Bu mənada Türkiyə türkcəsi teleseriallar vasitəsilə bütün Orta Asiyaya nüfuz edib, hətta beynəlxalq danışıqda da istifadə edilir. Zaman özü sübut edir ki, Türkiyə türkcəsi daha qüdrətlidir. Bu mənada ünsiyyət dili kimi Türkiyə türkcəsi qəbul edilə bilər, amma ortaq türk dili məsələsi mümkün deyil. Həm də bu gün ortaq türk dili məsələsi də yoxdur.
– Ortaq Türk Əlifbası ilə bağlı, nəhayət, ortaq məxrəcə gəlinməsi nəyin sübutu oldu?
– Birmənalı şəkildə bu, türk xalqlarının bir-birinə daha da yaxınlaşmasının, dostlaşmasının, qüdrətlənmələrinin, müstəqil siyasət yeritmələrinin nəticəsidir. Ortaq əlifba bu əlaqələri daha da gücləndirəcək. Bu da bir çox sahələrin inteqrasiyasını sürətləndirəcək. Çox şey əlifbadan başlayır. Uşaqlar məktəbə gedəndə 1-ci sinifi əlifbadan başlayırlar. Əlifba özəkdir.
Rizvan FİKRƏTOĞLU
XQ