BMT-də “İqlim, sülh və insan mobilliyi” mövzusunda müzakirə

post-img

Birləşmiş Millətlər Təşkilatının Nyu-Yorkdakı mənzil-qərargahında qurumun Baş Assambleyasının “Yüksək Səviyyəli Həftə”si çərçivəsində Azərbaycanın COP29 sədrliyi ilə “İqlim, sülh və insan mobilliyi” mövzusunda yüksək səviyyəli sessiya keçirilib. COP29-un prezidenti kimi Azərbaycanın və Beynəlxalq Miqrasiya Təşkilatının (IOM) birgə təşkil etdiyi müzakirəyə BMT-yə üzv dövlətlərin təmsilçiləri, eləcə də dünya birliyi agentliklərinin nümayəndələri, səfirlər və diplomatlar qatılıblar.

Sessiyada IOM-un baş direktoru Emi Pop, COP29 sədrliyinin danışıqlar qru­punun müşaviri, Azərbaycan Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Elşad İskəndərov, İtaliyanın İqlim Dəyi­şikliyi üzrə xüsusi elçisi Françesko Korva­ro və Münaqişələrin Həlli, Sülhməramlı və Sülh Quruculuğu üzrə Qahirə Beynəlxalq Mərkəzinin baş direktoru Əhməd Əb­dül-Lətif çıxış ediblər.

Xüsusi tapşırıqlar üzrə səfir E.İskən­dərov çıxışında bildirib ki, Azərbaycanın COP29 sədrliyi zamanı prioritetlərindən biri beynəlxalq sülh və təhlükəsizliyə töhfə verməkdir. Məhz buna görə COP29 ərəfəsində atəşkəs çağırışı üzərində bey­nəlxalq tərəfdaşlarla iş aparılır. Səfir dün­ya əhalisinin artım müşahidə olunduğu ərazilərin həm iqlim dəyişikliyindən, həm də münaqişələrdən əziyyət çəkdiyini, bu baxımdan da Azərbaycanın COP29 pre­zidenti qismində BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında təşkil etdiyi tədbirin dünya ölkələri üçün praktiki dəstəyin tə­min olunması məqsədi daşıdığını vurğu­layıb. 

Azərbaycanın təşəbbüsü ilə noyabr ayının 15-nin “Sülhə Yardım Günü” kimi müəyyən olunduğunu, həmin ərəfədə sülh mövzusunda Bakıda bir sıra silsilə təbirlə­rin keçiriləcəyini diqqətə çatdıran diplo­matın sözlərinə görə, COP29 çərçivəsində “Bakı, İqlim və sülh mərkəzi” təsis edilə­cək ki, bu da gələcəkdə iqlim dəyişiklikləri və sülh mövzusunda dünya ölkələrinə öz töhfəsini verəcək.

Sessiyada çıxış edən IOM-in baş di­rektoru Emi Pop Azərbaycanın sədrliyi ilə COP prosesində sülh gündəliyinin irəli sü­rülməsini yüksək qiymətləndirib. COP29 çərçivəsində bu məsələ ilə bağlı konkret nəticələrin əldə olunacağına əminliyini bil­dirən baş direktor xüsusilə həssas kateqori­yalardan olan dünya əhalisinə beynəlxalq yardımın vacibliyindən, iqlim dəyişikli­yinin gələcəkdə təmiz su, hava və münbit torpaqlar uğrunda münaqişələrə yol açma­ması üçün qabaqlayıcı tədbirlərin görül­məsinin önəmindən bəhs edib. E. Popun sözlərinə görə, Dünya Bankının məlumat­larında qeyd olunur ki, əgər qabaqlayıcı tədbirlər görülməzsə, bir çox bölgələrdə davam edən iqlim dəyişiklərinin nəticəsi olaraq 2050-ci ilə qədər 60 milyon insan məcburi köçə məruz hala və iqlim miqrantı olaraq öz yaşadığı bölgələri tərk edə bilər. Bu da ciddi həyəcan siqnalı deməkdir. 

Tədbirdə su qıtlığı, ərzaq təhlükəsizliyi və torpaqların deqradasiyası kimi iqlimlə əlaqəli yerdəyişmənin kritik səbəblərini ortaya çıxaran problemlərlə bağlı mühüm müzakirələr aparılıb. Bununla yanaşı, pa­nel iştirakçıları cari çağırışlar haqqında fikirlər səsləndirib və tövsiyələr veriblər. Sessiyada əsas nəticəsi iqlim və sülh təşəb­büsləri arasında boşluqların doldurulması, birgə fəaliyyətlər vasitəsilə əlaqələrin güc­ləndirilməsi üçün platformanın tədqiqi ilə bağlı fikir mübadiləsi də aparılıb. 

Müzakirələrdə Azərbaycanın COP29-a hazırlığı, Bakının ev sahibliyi edəcəyi bey­nəlxaq tədbirdə müzakirə oluncaq “İqlim, sülh və insan mobilliyi” mövzusunda iqli­min müxtəlif ölçüləri ilə kəsişən kritik qlo­bal problemlərin həllində ortaya qoyulacaq nəticələr də geniş müzakirə olunub.

Ekologiya