Energetika Nazirliyi yanında Bərpaolunan Enerji Mənbələri Dövlət Agentliyi İsveçrənin Cenevrə şəhərində BMT-nin Avropa İqtisadi Komissiyasının Dayanıqlı Enerji Həftəsi çərçivəsində keçirdiyi tədbirdə ölkəmizi təmsil edib.
Agentlikdən redaksiyamıza verilən məlumata görə, tədbirin COP29 və “Cənub–Şərqi və Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya regionunda enerji keçidinin sürətləndirilməsi” adlı panelində təqdimatla çıxış edən Bərpaolunan Enerji Mənbələri Dövlət Agentliyinin hidrogen və yaşıl texnologiyalar şöbəsinin müdiri Rəna Hümbətova enerji keçidi ilə əlaqədar planlar barədə məlumat verib, həmçinin respublikamızda istifadəsi nəzərdə tutulan “yaşıl” texnologiyaların tətbiqi ilə əlaqədar ehtiyac və üstünlüklər barədə danışıb.
Daha sonra BMT-nin Dayanıqlı Enerji Komitəsinin 33-cü iclası çərçivəsində bu təşkilatın seçkisi keçirilib və Rəna Hümbətova komitənin vitse-sədri seçilib. Daha sonra “Gələcəyə baxış: Davamlı Enerji Komitəsinin görəcəyi işlər” ilə bağlı sessiya reallaşdırılıb. Sessiyada yeni seçilmiş komitənin sədr və sədr müavinlərinin iştirakı ilə növbəti dövr üzrə dayanıqlı enerji sahəsində əsas istiqamətlərin inkişafına dair yanaşmalar barədə müzakirələr aparılıb.
Sessiyanın sonunda Dayanıqlı Enerji Komitəsinin yeni vitse-sədri Rəna Hümbətova enerji keçidinin sürətləndirilməsi üçün regional əməkdaşlığın vacibliyini vurğulayaraq, “yaşıl” enerji dəhlizlər konsepsiyası və həmin konsepsiyanın ayrılmaz hissəsi olan hidrogen enerjisindən danışıb.