COP29 tədbirinin iki yeni rəsmi tərəfdaşı elan olunub. Bunlar “NEQSOL Holding” və “GİLTEX” şirkətləridir. Bu tərəfdaşlıq hər iki müəssisənin dayanıqlı təcrübə və qlobal iqlim məqsədləri ilə bağlı əzmkarlığını nümayiş etdirir.
COP29 Azərbaycan Əməliyyat Şirkətinin mətbuat ofisindən bildirildiyinə görə, “NEQSOL Holding” və “GILTEX” şirkətləri Azərbaycanın “Milli öhdəlik proqramı”nda fəal iştirak edir. Bu proqram çərçivəsində qarşıya qoyulan məqsədlərdən biri iqlim məqsədlərinə nail olmaq, gələcək ekoloji, sosial və korporativ idarəetmə strategiyalarını formalaşdırmaq, eləcə də yerli tərəfdaşlıq meyarlarının tələblərinə cavab vermək üçün bu şirkətlərin daxili potensiallarını qiymətləndirməkdir.
Məlumata əsasən, “NEQSOL Holding” və “GILTEX” strukturları COP29 Azərbaycan Əməliyyat Şirkətinin təlim sessiyalarına qoşulmaqla səriştələrini artırır, resursların idarə edilməsini optimallaşdırır və ölkəmizin iqlim fəsadlarına qarşı mübarizəsinə töhfə verirlər.
“NEQSOL Holding” şirkətlər qrupu telekommunikasiya, enerji, texnologiya və tikinti də daxil olmaqla, müxtəlif sahələrdə layihələr həyata keçirir. Sözügedən şirkətlər qrupu 11 ölkəni (Azərbaycan, Niderland Krallığı, Birləşmiş Krallıq, ABŞ, Türkiyə, Ukrayna, Gürcüstan, Qazaxıstan, BƏƏ və s.) təmsil edən 12 mindən çox əməkdaşı ilə bütün dünyada 25 milyon müştəriyə xidmət göstərir. COP29 “NEQSOL Holding” şirkətlər qrupuna iqlim dəyişmələri ilə bağlı qlobal təşəbbüslərə səmərəli töhfə vermək üçün qlobal liderlərlə əməkdaşlıq qurmaq, bilik mübadiləsi aparmaq və innovativ həll variantlarının müzakirəsini reallaşdırmaq imkanı yaradır.
Azərbaycanda və Cənubi Qafqaz regionunda fəaliyyət göstərən “GILTEX” MMC isə respublikamızda istehsal olunan pambıqdan hazırlanan tekstil məhsullar buraxır. Şirkətin istehsal müəssisələrinə iplik, tikiş, tibbi maska fabrikləri, eləcə də 2 toxuma və 2 boya fabriki daxildir. Rəsmi tekstil üzrə tərəfdaş olaraq, “GILTEX” tekstil sənayesi çərçivəsində dayanıqlılıq və ətraf mühitin mühafizəsi üzrə əməkdaşlığın inkişafına töhfə verəcəyini bildirir.
Yaradılan bu imkandan istifadə etməklə, COP29-un tərəfdaşları qlobal iqlim siyasəti ilə bağlı fəaliyyətlərini genişləndirəcək, dayanıqlılıq üzrə səylərini ön plana çıxaracaq və öz əsas biznes sahələrində iqlim fəaliyyətinə keçidi dəstəkləyəcəklər. COP29-un tərəfdaşı olmaqla, bu şirkətlər ekoloji siyasətlərin təkmilləşdirilməsində və 1,5 dərəcə hədəfi baxımından qlobal icmalara dəstək göstərilməsində oynadıqları mühüm və həlledici rolu nümayiş etdirəcəklər.