Neftçala və Biləsuvarda da günəş elektrik stansiyası tikiləcək

post-img

Bərpaolunan enerji potensialı baxımından çox zəngin olan Azərbaycan neft və qaz sahələrində region, eləcə də dünya üçün təhlükəsizlik, habelə iqtisadi mənada dəyər mənbəyinə çevrilib. Neft və qaz dəhlizlərini yaradan və bununla beynəlxalq aləmə uğur nümayiş etdirən respublikamız “yaşıl” enerjinin reallaşmasında da dünyada lider mövqedə olan ölkələr sırasında yer alıb.

Ölkəmizdə reallaşdırılan sosial-iqtisa­di inkişaf strategiyası ekoloji problemlərin operativ həllinə, ətraf mühitin mühafizəsi istiqamətində ardıcıl və səmərəli tədbir­lərin görülməsinə əlverişli şərait yaradır. Bunun nəticəsidir ki, hazırda “yaşıl” ener­ji növləri uğurla gerçəkləşdirilir və onun dünya bazarlarına nəqli enerji siyasətinin yeni prioritet istiqaməti kimi diqqətdə sax­lanılır. 

Azərbaycanda son illər sözügedən sahədə bir sıra mühüm layihələr reallaş­dırılıb. MDB-də ən böyük və Xəzər dəni­zi regionunda ilk sənaye miqyaslı günəş elektrik stansiyası – 230 MVt-lıq Qara­dağ Günəş Elektrik Stansiyası istismara verilib. Eyni zamanda, həmin stansiyanın açılışı zamanı digər yeni layihələrin də əsası qoyulub. Belə ki, “Masdar” şirkəti ilə Neftçalanın Bankə qəsəbəsində 315 MVt-lıq, Biləsuvarda isə 445 MVt-lıq günəş və Abşeron–Qaradağ rayonları ərazisində 240 MVt-lıq külək elektrik stansiyalarının tikintisi ilə bağlı, ümumilikdə 1 qiqavat bərpaolunan enerji mənbəyinin istismara buraxılmasını özündə ehtiva edən 3 yeni layihə imzalanıb. Bərpaolunan enerjinin payı isə hazırda 17 faizə yüksəlib. 

Avropa Yenidənqurma və İnkişaf Ban­kının bu günlərdə yayılan məlumatında adı çəkilən maliyyə qurumunun Neftçala rayonunun Bankə qəsəbəsində “Banka Solar” günəş fotoelektrik stansiyasının la­yihələndirilməsi, tikintisi və istismarı üçün 80 milyon dollara qədər uzunmüddətli kre­dit verəcəyi bildirilir. Məlumatda əsasən, layihənin ümumi dəyərinin 280 milyon dollar təşkil etdiyi vurğulanır və onun hə­yata keçirilməsini bir sıra digər beynəlxalq maliyyə institutlarının da dəstəkləyəcəyi gözlənilir. Stansiyanın tikintisini isə Bir­ləşmiş Ərəb Əmirliyinə məxsus “Masdar” şirkətinin törəmə strukturu olan “Abu Dha­bi Future Energy Company”nın reallaşdı­racağı qeyd edilir. 

Layihə yekunlaşandan sonra Azər­baycanın enerji sisteminə 315 MVt günəş enerjisi əlavə ediləcək və bu, təbii qazla işləyən elektrik stansiyalarını əvəz etməyə imkan verəcək. Ən başlıcası isə təşəbbü­sün gerçəkləşməsi ölkəmizin Paris sazişi çərçivəsində bərpaolunan enerji məqsəd­lərinə çatmasına kömək edəcək. Proqno­za əsasən, layihə həyata keçirilməsi ilə il ərzində 314 min ton CO2 emissiyası azalacaq, həmçinin Azərbaycanın aşağı karbonlu iqtisadiyyata keçidində və istilik generasiyasından asılılığın azaldılmasında müsbət nəticə əldə olunacaq.

Ekspertlər bildirirlər ki, layihə Av­ropa Yenidənqurma və İnkişaf Bankının “yaşıl” iqtisadiyyata keçid strategiyasına uyğundur. Başqa sözlə, Neftçalada günəş elektrik stansiyasının tikilməsi ölkəmizin elektrik enerjisi istehsalının artımına töhfə verəcək ki, bu da Azərbaycanın “yaşıl” gündəliyinin irəliləməsində mühüm ad­dımdır. Layihə ərazisi su quşları üçün Əsas Biomüxtəliflik Zonası ilə kəsişir. Lakin araşdırmalara əsasən, günəş elektrik stan­siyasının tikilməsi quşların prioritet bio­müxtəlifliyinə təhlükə yaratmır. 

Stansiyanı “Navahı” yarımstansiyası ilə birləşdirəcək 330 kV-luq 80 kilometrlik elektrik xətti Şirvan Milli Parkı və miq­rasiya dəhlizinin yaxınlığında yerləşən mühüm ornitoloji ərazinin yaxınlığından keçir. Xəttin tikintisinə məsul olan Azər­baycan hökuməti Dünya Bankının ekolo­ji və sosial standartlarına riayət etmək, o cümlədən həssas zonalara təsirin qarşısını almaq və quşlar üçün riskləri minimuma endirmək məsuliyyətini öz üzərinə götürür. 

Layihə Yenikənd, Bankə bələdiyyələ­rinə və Neftçala Rayon İcra Hakimiyyətinə məxsus ümumi sahəsi 973 hektar olan üç sahəni əhatə edir. Bu torpaqların tədqiqinin Energetika Nazirliyinə tapşırılması nəzər­də tutulur. 3,5 kilometrlik asfalt yolun və paralel 6 kV və 35 kV-luq elektrik xətlə­rinin yerləşdiyi düz yarımsəhra ərazinin bir hissəsi əvvəllər heyvandarlıq təsərrü­fatlarının istifadəsində olub, lakin icarə müqaviləsi ləğv edilərək həmin təsərrüfat­lara alternativ sahə ayrılıb. 6 kV-luq xəttin minimal pozuntularla köçürülməsi, asfalt yolun isə işlək vəziyyətdə saxlanılması qə­rara alınıb. 

Avropa Yenidənqurma və İnkişaf Ban­kı Biləsuvar rayonunda 445 MVt gücün­də “Biləsuvar Solar SPV” günəş elektrik stansiyasının işlənib hazırlanması, tikinti­si və istismarı üçün isə 100 milyon ABŞ dollarına qədər uzunmüddətli kredit ayıra­caq. Bankın məlumatına əsasən, layihənin ümumi dəyəri 380 milyon ABŞ dolları təş­kil edir və onun reallaşdırılmasına bir sıra digər beynəlxalq maliyyə institutları da dəstək verəcək. Bu layihəni də “Abu Dha­bi Future Energy Company” həyata ke­çirəcək. Yeni günəş stansiyası Azərbaycan­da bərpa olunan enerjinin istehsal gücünü artıracaq və bu, qazla işləyən elektrik stan­siyalarını əvəz etməyə və Paris Sazişinə uyğun olaraq karbon qazının azaldılması hədəflərinə nail olmağa kömək göstərəcək. 

Məlumatda bildirilir ki, “Biləsuvar So­lar SPV” günəş elektrik stansiyasını “Nə­vahi” yarımstansiyasına birləşdirən 90 ki­lometrlik 330 kV-luq elektrik xətti iki əsas quş sahəsinin və mühüm miqrasiya dəhli­zinin yaxınlığından keçir. Xəttin tikintisinə cavabdeh olan Azərbaycan hökuməti eko­loji cəhətdən həssas ərazilərdən yayınmaq və quşlar üçün riskləri minimuma endir­mək üçün xəttin marşrutunu tənzimləmək də daxil olmaqla, Dünya Bankının ekoloji və sosial standartlarına riayət etməyi qarşı­ya mühüm vəzifə kimi qoyur. 

Bütün bu layihələr qlobal çağırışların önündə gedən Azərbaycanın hazırda bir çox istiqamətlər üzrə yeni dövrün tələblə­rinə ən yüksək səviyyədə reaksiya verən ölkələrdən biri kimi tanındığını deməyə əsas verir. Belə çağırışlardan ən önəmli­si isə bütün dünyada ildən-ilə artan enerji tələbatının ekoloji cəhətdən təmiz, “ya­şıl” yollarla ödənilməsidir. İstehsalı bərpa olunan enerji mənbələrinə əsaslanan bu cür potensial isə hazırda ölkə üzrə 27 min meqavat həcmində qiymətləndirilir.

Bərpaolunan enerji mənbələrindən is­tifadənin genişləndirilməsinin Prezident İlham Əliyev tərəfindən prioritet vəzifə olaraq irəli sürüldüyü və 2030-cu ilədək elektrik enerjisinin qoyuluş gücündə pa­yının 30 faizə çatdırılmasının (hazırda 17 faiz təşkil edir) hədəf kimi müəyyənləşdi­rildiyi nəzərə alınmaqla bu istiqamətdə bir çox işlər görülür. Dövlət başçısının Qara­bağ və Şərqi Zəngəzurla bərabər, Naxçıva­nı da “yaşıl” enerji zonası elan etməsi bu hədəfə çatmağın mühüm istiqaməti kimi diqqət mərkəzində saxlanılır.

Ekologiya