Bakıda XV Beynəlxalq Multikulturalizm Məktəbi

post-img

Dünən Bakıda “Sülhün, dialoqun və tolerantlığın qorunmasında mədəni irsin rolu” mövzusunda XV Beynəlxalq Multikulturalizm Məktəbində məşğələlər başlanıb. 

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təşkil etdiyi bu məktəb qu­rumun “Azərbaycan multikulturalizmi fənninin xaricdə və ölkə universitetlərində tədrisi” layihəsinin davamıdır. Budəfəki məşğələlərdə 21 ölkədən – Azərbaycan, Rusiya, Türkiyə, Çin, Serbiya, Yaponiya, Qazaxıstan, Rumıniya, Moldova, Özbəkis­tan, Hindistan, Mərakeş, Bolqarıstan, Gür­cüstan, Amerika Birləşmiş Ştatları, Qırgı­zıstan, İraq, Pakistan, Əlcəzair, Mozambik və Konqodan olan 30-a yaxın tələbə iş­tirak edir. Layihə oktyabrın 1-dək davam edəcək. 

Multikulturalizm Məktəbi Bakı şəhəri ilə yanaşı, Şuşa, Laçın və Ağdam rayon­larında da fəaliyyət göstərəcək. İştirak­çılar Şuşa, Laçın və Ağdam şəhərlərinə səfər edəcək, Azərbaycanın işğaldan azad edilən tarixi torpaqlarında mədə­ni irsin vəziyyəti və aparılan quruculuq işləri ilə yaxından tanış olacaqlar. İşti­rakçılara Azərbaycandakı multikultural mühit, tolerant əhval-ruhiyyə, etnik-dini müxtəliflik, ölkəmizdə müxtəlif xalqların nümayəndələrinin, fərqli konfessiyaların dinc yanaşı yaşaması haqqında ətraflı mə­lumat veriləcək. 

Tələbələr “Azərbaycan Multikultu­ralizm modelinin xüsusiyyətləri”, “Mə­dəniyyət və inancın kəsişməsi: Dini müxtəlifliyin Azərbaycan nümunəsi”, “Qafqaz Albaniyası irsi siyasi diskur­sda”, “Azərbaycan mədəni irsinə qarşı vandalizm aktları” mövzularında müha­zirələr dinləyəcəklər. Layihə çərçivəsin­də BBMM-in Himayəçilik Şurasının səd­ri, akademik Kamal Abdullayev, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülis­lam Allahşükür Paşazadə, Dini Qurum­larla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov, BBMM-in icraçı direktoru Rəvan Həsənovla görüşülər də planlaşdırılır.

Beynəlxalq Multikulturalizm Məktəbi çərçivəsində “Öz xalqını təqdim et” adlı musiqili axşamlar təşkil olunacaq. Burada iştirakçı tələbələr öz xalqlarının mədəniy­yəti, adət ənənələri ilə bağlı təqdimatlar edəcəklər. 

Məktəbin açılışı günü müdavimlər və təşkilatçılr Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər. 

XQ

Son xəbərlər