Akademik elmin müasir dövrdəki əsas simalarından biri olan Rafael Hüseynov Azərbaycanda və onun hüdudlarından kənarda görkəmli ədəbiyyatşünas alim və tanınmış ictimai xadim kimi qəbul olunur. Onun Azərbaycanın tarixi və mədəniyyətinə, ədəbiyyatı və incəsənətinə həsr edilmiş sanballı elmi əsərləri və müstəqil dövlətçilik ideallarına həsr edilən ictimai fəaliyyəti azərbaycançılıq idealına xidmətin ifadəsidir.
Rafael Hüseynovun elmi tərcümeyi-halı, bütövlükdə, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) ilə üzvi surətdə bağlıdır. Belə ki, 1976-cı ildə Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin məzunu kimi AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun fəlsəfə tarixi şöbəsində baş laborant olaraq əmək fəaliyyətinə başlayan Rafael Hüseynov daha sonra Şərqşünaslıq İnstitutunda, eləcə də Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində kiçik elmi işçilikdən baş elmi işçiliyə, şöbə müdirliyinə və direktorluğadək məsuliyyətli yol keçmişdir. O, elmi tərcümeyi-halının mühüm hadisəsi olan “Baba Tahir və onun poetik irsi” mövzusunda yazdığı namizədlik dissertasiyasını 1980-ci ildə, “Məhsəti Gəncəvinin yaradıcılıq bioqrafiyasının kompleks tədqiqi”nə həsr edilmiş doktorluq dissertasiyasını isə 1992-ci ildə uğurla müdafiə etmişdir. Filologiya elmləri doktoru, professor Rafael Hüseynov 2007-ci ildə AMEA-nın müxbir üzvü, 2014-cü ildə isə Akademiyanın həqiqi üzvü seçilmişdir. Milli akademik qurumun həqiqi üzvü kimi o, Azərbaycanda şərqşünaslıq–ədəbiyyatşünaslıq elminin inkişafına, yeni elmi nəsillərin yetişib hazırlanmasına mühüm töhfələr verir.
Akademik Rafael Hüseynov artıq 21 ildir ki, Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru kimi fəaliyyətini uğurla davam etdirməkdədir. Rafael Hüseynovun rəhbərliyi dövründə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə bu mötəbər elm və mədəniyyət ocağına “Milli” statusu verilmişdir. Akademik Rafael Hüseynovun böyük zəhməti sayəsində Ədəbiyyat Muzeyinin ekspozisiyası müstəqil Azərbaycan dövlətinin müasir prinsiplərinə və ədəbi-tarixi proseslərin reallıqlarına uyğun olaraq tamamilə yenidən qurulmuş, muzeydə çoxəsrlik Azərbaycan ədəbiyyatının sanki canlı salnaməsi yaradılmışdır. Bununla yanaşı, bu gün həmin muzey Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tərkibində həm də ölkəmizin əsas elmi mərkəzlərindən biri olmaq funksiyasını yüksək səviyyədə yerinə yetirir. Beynəlxalq və ölkə miqyaslı ciddi elmi tədbirlərə evsahibliyi etməsi Ədəbiyyat Muzeyinin ədəbiyyat elminin də inkişafında özünəməxsus rol oynadığını göstərir. Son illərdə burada ilk dəfə olaraq Dissertasiya Şurasının yaradılması və uğurla fəaliyyətini davam etdirməsi isə Ədəbiyyat Muzeyinin tarixinə yazılacaq hadisə kimi akademik Rafael Hüseynovun xidməti sayılmağa layiqdir. Bu da mahiyyəti etibarilə muzey işi sahəsində təkrarsız hadisələrdəndir ki, Rafael Hüseynov əfsanəvi xalq qəhrəmanı Mehdi Hüseynzadənin – Mixaylonun Sloveniyanın Novo Qoritsa şəhərində muzeyini yaradıb.
Tanınmış alimin müstəqil Azərbaycan dövlətinin quruculuğunda və inkişafında müstəsna rolları olan görkəmli şəxsiyyətlərin – ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin Vətən və xalq qarşısında misilsiz xidmətlərindən bəhs edən “Böyük yolun həqiqəti” (2020) və “İkinci olmayacaq” (2023) kitabları müstəqil dövlətçilik təfəkkürü ilə yazılmış və çoxillik elmi axtarışların nəticəsi kimi meydana çıxmış fundamental tədqiqatlardır. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevə həsr olunmuş əsərləri zəngin arxiv sənədləri və dövrü mətbuat materialları əsasında yazılmış müstəqil tədqiqatlardan ibarətdir. Ulu öndər Heydər Əliyevin mənalı və şərəfli tərcümeyi-halının bir çox qiymətli səhifələri, xüsusən, Cənubi Azərbaycanla əlaqədar olan tarixi məqamlar ilk dəfə olaraq akademik Rafael Hüseynov tərəfindən aşkar edilərək elmi tədqiqata cəlb olunan nadir sənədlər və materiallar əsasında geniş ictimaiyyətə təqdim olunub. Eyni zamanda, görkəmli dövlət xadiminin Siyasi Büronun üzvü və SSRİ Nazirlər Soveti Sədrinin Birinci müavini kimi də çoxcəhətli fəaliyyətinə dair az məlum olan bir çox hadisələri və faktları da Heydər Əliyevşünaslığa Rafael Hüseynov tərəfindən daxil edilib. Akademik Rafael Hüseynovun Azərbaycan radio və televiziyasında dahi şəxsiyyətin həyatı və mübarizəsinin unudulmaz məqamlarına həsr etdiyi verilişlər də Heydər Əliyev ideallarının təbliği, yeni nəsillərə çatdırılması baxımından əhəmiyyətlidir.
600-dən artıq elmi məqalənin, o cümlədən 20 monoqrafiyanın titul səhifəsində müəllif kimi akademik Rafael Hüseynovun imzası var. Əsərlərinin bir çoxu xarici ölkələrdə, ümumilikdə, 25 dildə çap olunub. Onun “Baba Tahir dübeytiləri” (1988), Hüseyn Cavid haqqında “Əbədi Cavid” (1987, 2007), Məhsəti Gəncəvi haqqındakı “Məhsəti – özü, sözü, izi” (2005), Azərbaycanın sənət tarixinə həsr edilmiş “Min ikinci gecə” (1988), “Hamısı ulduz” (2012), “İmzamız” (2012), Məhəmməd Füzuli haqqında “Yoxdan var” (2014), Azərbaycan ədəbiyyatının klassikləri haqda “Söz heykəli” (2012), “Sözün meracı” (rus dilində, 2014), “Məkansız və zamansız Nəsimi” (Azərbaycan, rus və ingilis dillərində, 2019), “Nizami Gəncəvinin əbədi səsi” (ingilis dilində, 2021) və sair əsərləri mühüm elmi yenilikləri və yüksək nəzəri səviyyəsi ilə seçilən ciddi elmi tədqiqatlardır. O, XIV əsrin böyük Azərbaycan musiqişünası Əbdülqadir Marağayinin “Məqasid ül-əlhan” əsərini və onun şeirlərini farscadan Azərbaycan dilinə tərcümə edib, haqqında tədqiqatlar aparıb. Onun orta əsr Azərbaycan klassikləri İsmayıl ibn Yəssar (VIII), Baba Kuhi Bakuvi (XI əsr), Qətran Təbrizi (XII əsr), Mücirəddin Beyləqani (XII əsr), Zülfüqar Şirvani (XIII əsr) və başqaları haqqında əsərləri orta əsrlər Azərbaycan klassik ədəbiyyatının həyatı və ədəbi-ictimai fəaliyyəti az öyrənilmiş simalarına həsr edilmiş sanballı elmi-tədqiqat əsərləridir. Azərbaycan Şərqşünaslığında məhz Rafael Hüseynovun xidmətləri sayəsində Məhsətişünaslıq müstəqil elmi istiqamətə çevrilib. Onun axtarışları və yeni elmi yanaşmaları ilə Azərbaycan Füzulişünaslıq elmi qiymətli əlavələrlə zənginləşdirilib.
Rafael Hüseynovun XX əsrin əvvəlləri Azərbaycan ədəbiyyatının Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Əbdürrəhim bəy Haqverdiyev, Firudin bəy Köçərli, Məhəmməd Hadi və onlarla digər görkəmli simaları haqqında son illərdə apardığı tədqiqatlar, çap etdirdiyi məqalələr bu tarixi dövrün yeni səhifələrinin açılmasına xidmət edir. Azərbaycan ədəbiyyatında romantizm ədəbi cərəyanının əsas yaradıcılarından biri olan Hüseyn Cavidin həyatı və yaradıcılığına həsr olunan fundamental tədqiqatları ilə Rafael Hüseynov ədəbiyyatşünaslıq elmində zirvə fəth etməyə nail ola bilib. Akademikin “Vaxtdan uca” monoqrafiyası Azərbaycan cavidşünaslığının əfsanəsi olaraq qalmaqdadır. Alimin sovet dövrü Azərbaycan ədəbiyyatının görkəmli simaları Rəsul Rza, Mikayıl Müşfiq, Əli Tudə, Cəfər Mücri, Anar, Vaqif Səmədoğlu və başqalarından bəhs edən tədqiqatlarında o, çətin siyasi-ideoloji mühitdə də böyük ədəbiyyatın yaradılmasının mümkünlüyü haqqındakı həqiqətləri açıb göstərmişdir. Həmçinin Rafael Hüseynovun XX əsr Azərbaycan mədəniyyətinin görkəmli simaları Üzeyir Hacıbəyli, Asəf Zeynallı, Bülbül, Fatma Muxtarova, Müslüm Maqomayev, Qara Qarayev, Vaqif Mustafayev, Hacıbala Hüseynov haqqında araşdırmaları yenilikləri və elmi sanbalı ilə seçilir. Bütün bunlarla Rafael Hüseynov Azərbaycan ədəbiyyatı ilə yanaşı, incəsənətimizin də mahir tədqiqatçılarından biri olduğunu meydana qoyur. Onu da qeyd etmək lazımdır ki, Rafael Hüseynovun incəsənət xadimlərinə həsr etdiyi tədqiqatları da onun ədəbiyyatşünaslıq əsərlərində olduğu kimi, professional səviyyədə yazılıb. Artıq Rafael Hüseynov şərqşünaslıq və ədəbiyyatşünaslıqla eyni səviyyədə sənətşünaslıq sahəsində də ixtisaslaşmışdır. Akademikin müxtəlif incəsənət hadisələrinə və ayrı-ayrı teatr və musiqi xadimlərinə, rəssamlara həsr etdiyi tədqiqatlar yeni sənətşünas nəsillər üçün qiymətli istinad mənbələridir.
Görkəmli alim Rafael Hüseynov həm də pedaqoji fəaliyyətlə ardıcıl olaraq məşğul olub. O, 1987-1989-cu illərdə Bakı Dövlət Universitetində dərs deyib, 1990–1991-ci illərdə Üzeyir Hacıbəyli adına Musiqi Akademiyasında Mədəniyyət tarixi kafedrasının müdiri vəzifəsində çalışıb. Bundan başqa, Rafael müəllim 1995–1998-ci illərdə Xəzər Universitetində Azərbaycan ədəbiyyatı və Azərbaycan mədəniyyəti fənlərini, 1999–2001-ci illərdə Bakıda Amerika Universitetində Azərbaycan, Şərq ədəbiyyatı və Azərbaycan mədəniyyəti fənlərini tədris edib. O, respublikada ilk dəfə olaraq Azərbaycanşünaslıq kafedrasının yaradıcısı və müdiri olub. Eyni zamanda, 2008–2015-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində “Azərbaycan və türk xalqları ədəbiyyatı tarixi” fənnini tədris edib, Qədim ədəbiyyat və folklor kafedrasının professoru kimi fəaliyyət göstərib. Bütün bunlarla bərabər, o, respublikamızda ilk dəfə olaraq latın qrafikası əsasında “Əlifba” dərsliyinin də müəllifidir.
Rafael Hüseynov bədii yaradıcılıqla da məşğul olur. Ədəbiyyatşünas alimin librettosu əsasında bəstəkarlar Faiq Sücəddinov “Füzuli” operasını, Oqtay Rəcəbov “Heydər oratoriyası”nı və “Mete Xaqan” baletini yazıblar. O, eyni zamanda, “Nəsimi” baletinin də libretto müəllifidir. Rafael Hüseynov böyük dövlət xadimi Heydər Əliyevə həsr edilmiş nəğmələr silsiləsindən ibarət “Şah əsər Azərbaycan” adlı albom-kitabın müəllifidir. Onun heca və əruz vəznlərində yazılmış bir çox şeirləri həqiqi sənət örnəkləridir. Şeirlərindən bir çoxuna mahnılar bəstələnib. Rafael Hüseynovun klassik Şərq ədəbiyyatından etdiyi tərcümələri də əhəmiyyətli ədəbiyyat mətnləridir.
Azərbaycan Respublikası Milli Məclisinin deputatı kimi də Rafael Hüseynov ölkəmizdə və beynəlxalq miqyasda geniş iş aparır. Deputat kimi o, 20 ildən artıq dövrdə elm və mədəniyyət sahəsində qanunvericilik bazasının formalaşdırılmasında, Azərbaycan həqiqətlərinin beynəlxalq səviyyədə təbliğ və müdafiə olunmasında daim fəal və aydın siyasi mövqe nümayiş etdirir. Azərbaycan Respublikası Milli Məclisinin Avropa Şurası Parlament Assambleyasının və AŞPA-nın Mədəniyyət, Elm, Təhsil və Mətbuat Komitəsinin üzvü olaraq, Rafael Hüseynov ölkəmizin müstəqil dövlətçilik maraqlarının qorunması və daha da möhkəmləndirilməsi yollarında bütün enerjisi, var qüvvəsi ilə çalışıb. Azərbaycanın klassik və müasir ədəbiyyatından, incəsənət xadilmlərindən bəhs edəndə olduğu kimi, Avropa Şurasının Parlament Assambleyasının iclaslarında da həmişə azərbaycançılıq mövqeyindən çıxış edib. Ölkəmizə qarşı ikili standartlara, məkrli və qərəzli münasibətlərə cavab verəndə də o, əsl azərbaycanlı kimi çıxışlar etməklə Azərbaycanın gur səsinin yüksəlməsinə məsuliyyətlə xidmət göstərib. Bütün bunlara görə Rafael Hüseynovun elmi fəaliyyəti ilə ictimai fəaliyyəti üzvi surətdə bir-birini tamamlayır. Bu günlərdə VII çağırış Milli Məclisə seçkilərdən sonra formalaşan parlamentin sədr müavini seçilməsini isə onun qanunverici orqanda səmərəli fəaliyyətinin nəticəsi kimi dəyərləndirmək lazımdır.
Rafael Hüseynov Türkiyə, Fransa, Rusiya, Gürcüstan, Özbəkistan, Türkmənistan, Hindistan, Belarus və sair ölkələrdə keçirilən beynəlxalq konqres və simpoziumlarda, həmçinin ölkəmizdə təşkil olunan elmi-mədəni və ictimai-siyasi tədbirlərdə məruzələrlə çıxış edərək Azərbaycan ədəbiyyatı və mədəniyyətini uğurla təmsil və təbliğ edir. Alimin rəhbərliyi ilə 23 fəlsəfə, 14 elmlər doktoru hazırlanıb.
Ədəbiyyat məsələlərinə və mədəniyyətə aid Azərbaycan radiosunda 1975-ci ildən etibarən hər həftə yayımlanan “Axşam görüşləri” proqramının müəllifi kimi Rafael Hüseynov bu gün də fəaliyyətini uğurla davam etdirir. Gələn il 50 yaşı tamam olacaq “Axşam görüşləri” verilişi Azərbaycan efirinin ən uzunömürlü müəllif proqramı kimi Ginnesin Rekordlar siyahısına daxil edilə bilər. Rafael Hüseynov həm də 2021-ci ildən Azərbaycan Televiziyasının “Mədəniyyət” kanalında ölkəmizin ədəbi-mədəni keçmişində xüsusi rol oynamış zəka sahibləri, onların keçdikləri həyat və sənət yolundan, zəngin fəaliyyətlərindən bəhs edən silsilə buraxılışları yayımlanan “Vətənim” layihəsinin ssenari müəllifi və rejissorudur.
Akademik Rafael Hüseynov Respublika Elmi Tədqiqatları Əlaqələndirmə Şurası nəzdindəki Filologiya Şurasına uzun illər ərzində rəhbərlik edib. O, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında Dissertasiya Şurasının sədri, Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin, Azərbaycan Teatr Xadimləri İttifaqının üzvü kimi səmərəli fəaliyyət göstərməkdədir. Rafael Hüseynov Azərbaycan Yazıçılar Birliyinin Beynəlxalq Rəsul Rza Mükafatı Komissiyasının sədri vəzifəsində də ədəbiyyatımızın inkişaf etdirilməsi və dəyərləndirilməsi məqsədilə fəal iş aparır.
Görkəmli elm xadimi, akademik Rafael Hüseynovun xidmətləri dövlətimiz tərəfindən yüksək qiymətləndirilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 7 avqust 2024-cü il tarixli sərəncamı ilə Rafael Baba oğlu Hüseynov ədəbiyyatşünaslıq elminin inkişafında böyük xidmətlərinə və uzunmüddətli səmərəli ictimai-siyasi fəaliyyətinə görə “Şərəf” ordeni ilə təltif olunmuşdur. O, 2005-ci ildə Əməkdar incəsənət xadimi fəxri adına layiq görülmüş, 2018-ci ildə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)” yubiley medalını, 2019-cu ildə Azərbaycan Respublikası Milli Məclisinin “Parlament” medalını və 2023-cü ildə “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalını almışdır. Oksford Universitetinin Beynəlxalq “Elmdə ad” mükafatını qazanan Rafael Hüseynov 2021-ci ildə “Nizami Gəncəvi İli”ndəki səmərəli elmi fəaliyyətinə görə, 2022-ci ildə isə “Şuşa İli”ndə Qarabağ–Şuşa mövzusunda apardığı tədqiqatlarına görə AMEA Rəyasət Heyətinin Fəxri fərmanlarına layiq görülmüşdür.
Akademik Rafael Hüseynov hazırda ömrünün və ictimai-siyasi fəaliyyətinin ən yetkin və məhsuldar dövrünü yaşayır. Onun Azərbaycan ictimai fikri, mədəniyyəti və ədəbiyyatını beynəlxalq miqyasda tanıtmaq, təbliğ etmək sahəsində həyata keçirmək istədiyi daha geniş planları var. Azərbaycan klassik ədəbiyyatının daha dərindən öyrənilməsi və geniş ictimaiyyətə çatdırılması sahəsində də Rafael Hüseynovun üzərinə düşən öhdəliklər çoxdur. Ölkəmizin ictimai-siyasi həyatında da həmişə olduğu kimi, Rafael Hüseynovun sözünə ehtiyac var. Görkəmli ədəbiyyatşünas-şərqşünas alim və tanınmış ictimai xadim, akademik, Milli Məclisin vitse-spikeri Rafael Hüseynova beynəlxalq miqyasda və respublikamızda elmlə ictimai-siyasi fəaliyyətin qovşağında Azərbaycan dəyərlərinin, elmimizin, mədəniyyətimizin inkişafı yollarında daha böyük uğurlar arzulayıram!
İsa HƏBİBBƏYLİ,
AMEA-nın prezidenti, akademik