“Rəqəmsal əsrdə həqiqət axtarışı: Dezinformasiya ilə mübarizə”
Daşkənddə “Rəqəmsal əsrdə həqiqət axtarışı: Dezinformasiya ilə mübarizə” mövzusunda Azərbaycan–Özbəkistan Media Forumu keçirilib.
2023-cü ilin avqustunda Özbəkistan Prezidentinin Azərbaycana dövlət səfəri zamanı imzalanan “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında media sahəsində əməkdaşlığın inkişafına dair Yol Xəritəsi” çərçivəsində təşkil edilən məclisin açılışında Özbəkistan Prezidentinin mətbuat katibi Şerzod Əsədov media sahəsində iki ölkə arasında media sahasində təcrübə mübadiləsinin genişləndiyini, bunun real nəticələrə gətirib çıxardığını qeyd edib.
Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov Azərbaycanın və Özbəkistanın media qurumları arasında əməkdaşlığın qurulması və genişləndirilməsi ilə bağlı önəmli hədəflərdən söz açıb. Azərbaycan Prezidenti Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin kütləvi informasiya vasitələri ilə iş sektorunun müdiri Kamran Həsənov müasir çağırışları cavablandıran, çoxtərəfli əməkdaşlığa dəstək verən uğurlu media modellərinin mübadiləsinin əhəmiyyətini vurğulayıb.
Özbəkistan Ali Məclisi Senatının İnformasiya siyasəti və dövlət orqanlarında şəffaflığın təmin edilməsi komitəsinin senatoru Mahmud Parpiyev dezinformasiyaya qarşı birgə mübarizənin zəruriliyini qeyd edib. Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev Azərbaycan ilə Özbəkistan arasında dostluq əlaqələrinin möhkəmlənməsinə töhfə verəcəyinə əminliyini ifadə edib.
Forumunun birinci sessiyasında “Dezinformasiya ilə mübarizədə beynəlxalq təcrübələr” mövzusu ətrafında müzakirələr aparılıb.
Özbəkistan Prezidentinin Administrasiyası yanında İnformasiya və Kütləvi Kommunikasiyalar Agentliyi direktorunun birinci müavini Dilşod Səidcanovun moderatorluq etdiyi iclasda Beynəlxalq Münasibətlər üzrə İnformasiya və Analitik Araşdırmalar Mərkəzinin direktoru Sancar Vəliyev, Azərbaycan Teleradio Verilişləri QSC-nin sədri Rövşən Məmmədov, “Trend” İN-nın baş direktoru İlqar Hüseynov çıxış ediblər.
Forumun ikinci sessiyası “Dövlət və qeyri-dövlət media təşkilatlarının Özbəkistan və Azərbaycan əhalisinin media savadlılığının artırılmasında rolu” mövzusuna həsr olunub.
“Xəzər” Media Mərkəzinin baş direktoru Murad Dadaşovun moderatorluq etdiyi müzakirədə Özbəkistan Prezidentinin Administrasiyası yanında İnformasiya və Kütləvi Kommunikasiyalar Agentliyinin Media təhsilində rəqəmsal texnologiyaların inkişafı şöbəsinin müdiri Tohir Umarov, AZƏRTAC-ın İdarə Heyətinin sədri Vüqar Əliyev, “Report” İA-nın direktoru Fuad Hüseynəliyev çıxış ediblər.
Sonuncu panel sessiyası “Kütləvi informasiya və kommunikasiyalar sahəsində Özbəkistan və Azərbaycan arasında əməkdaşlığın gücləndirilməsi” mövzusunda keçirilib.
Özbəkistan Respublikası Prezidentinin Administrasiyası yanında İnformasiya və Kütləvi Kommunikasiyalar Agentliyinin təhlil və planlaşdırma idarəsinin müdiri Marat Aitovun moderatorluğu ilə aparılan üzakirələrdə Özbəkistanın Milli Televiziya və Radio Şirkəti “Dunö Buylab” telekanalının direktoru Nodir Tulyaqanov, Azərbaycan Respublikası Audiovizual Şurasının sədri İsmət Səttarov, Özbəkistanın Jurnalistika və Kütləvi Kommunikasiyalar Universitetinin prorektoru Nozima Murodova, Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin beynəlxalq münasibətlər şöbəsinin müdiri Nigar Hüseynova çıxış ediblər.
Bununla da Media Forumu işini başa çatdırıb.
Qulu KƏNGƏRLİ
XQ-nin Mərkəzi Asiya müxbiri