Bir ulu Atanın və Ananın övladları olan türk xalqları imperialist dairələrin zaman-zaman “parçala – hökm sür” siyasətinin mərhumiyyətlərinə sinə gərərək milli varlıqlarını qeyrətlə qorumuş, tarixi yaddaş üzərində ortaq dəyərləri günümüzədək yaşatmışlar. Zəmanəmizdə isə türk dünyasının hərtərəfli birliyi və həmrəyliyi xəyal və arzulardan güc alaraq davamlı olaraq gerçəkliyə çevrilir.
Artıq qardaş xalqların həyatındakı əlamətdar hadisələr ortaq təntənələrə çevrilir, ümumi hədəflər miqyas və çevrəsini getdikcə daha da genişləndirir. 30 illik bir dövrdə Azərbaycanın qanlı yarasına çevrilmiş Qarabağ münaqişəsi Türk dünyasında da böyük ağrı doğurmuş, ərazilərimizin Vətən müharibəsi yolu ilə düşməndən təmizlənməsi isə ümumtürk zəfərinə çevrilmişdir. Azərbaycan – Özbəkistan dostluq və qardaşlığının son dövrdə yeni mərhələyə daxil olması ümumtürk birliyinə növbəti birgə töhfə olmaqla, ölkələrimiz arasında əməkdaşlığa strateji tərəfdaşlıq məzmunu gətirmişdir.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev məhz bu yüksəklikdə münasibətləri hədəfə alaraq müstəqilliyin ilk illərində Özbəkistana rəsmi səfəri zamanı 2 ölkə arasında yeni şəraitdə formalaşan əlaqələrin timsalında türk dövlətləri arasında başlayan inteqrasiya prosesinin zəruriliyinin təkcə siyasi ehtiyacdan deyil, həm də mənəvi tələbatdan yarandığını vurğulamışdı.
Ulu öndər bildirmişdi ki, ötən iki əsrdə xalqlarımız dövlətçiliyini itirsə də, azadlıq və müstəqillik düşüncəsini milli yaddaşda qoruyub saxlamışdılar: “Xalqlarımız zəngin və qədim tarixə malikdirlər. Bəşər tarixinin əsrləri ərzində özbək və Azərbaycan xalqları dünya sivilizasiyasına, Şərq sivilizasiyasına nəhəng töhfələr vermişlər. Orta əsrlərdə və daha əvvəllər Şərqdə insan zəkası ilə elmdə yaradılanların hamısı bütün planetdə bəşər fikrinin inkişafında olduqca böyük rol oynamışdır. Dövlət müstəqilliyi şəraitində biz öz həyatımızı istədiyimiz kimi, milli ənənələrimiz, mənəvi dəyərlərimiz əsasında, görkəmli əcdadlarımızdan qalmış böyük elmi, mənəvi irs əsasında qura bilərik”.
Ötən illərdə dövlətlərimiz və xalqlarımız həyatın bütün sahələrində təmasları dərinləşdirərək hərtərəfli əməkdaşlığın çevik, səmərəli, faydalı şəbəkəsini qurmuşlar. Xalqlarımızın həyatındakı önəmli hadisələr hər iki ölkədə və birgə keçirilən təntənələrdə eyni doğmalıq və təntənə ilə qeyd edilir.
Bu günlərdə dost və qardaş ölkənin Cizzax Dövlət Pedaqoji Universitetinin 50 illik yubileyi də ölkəmizdə qardaşlıq duyğuları ilə qarşılanır. Özbəkistanın bu ali təhsil müəssisəsini biz həm də regionda tanınan elmi-tədqiqat mərkəzi kimi tanıyırıq. Universitet yarıməsrlik yubileyinə qardaş ölkənin təhsil müəssisələri üçün gərəkli pedaqoji kadrlar hazırlamaqla, yüzlərlə elmi-tədqiqatların məhsuldar nəticələrini ortaya qoymaqla, ölkənin ictimai həyatında fəal iştirakı ilə gəlib.
Ali məktəbin 800-ə yaxın professor-müəllim heyəti yetirmələrini təkcə günün reallıqları ilə deyil, həm də tarixi keçmişin dərsləri ilə tərbiyələndirib. Cizzax Dövlət Pedaqoji Universiteti Özbəkistanda deyil, onun sərhədlərindən uzaqlarda da şərəfli müəllim adını yüksəldən onminlərlə müəllim yetişdirib. Həmin müəllimlər ordusunun hər bir üzvü çevrəsinə ziya saçıb, Stalin repressiyalarında həyatını itirmiş görkəmli özbək yazıçısı Abdulla Qədiri kimi milli kimliyin təsdiqi üçün çalışıb.
Universitet fəaliyyətinin ilk vaxtlarından özbək dili və ədəbiyyatının öyrədilməsini prioritet istiqamət seçib və ötən müddət ərzində bu istiqamətdə ardıcıl tədqiqatlar aparıb. Azərbaycan Dövlət Pedaqoji Universiteti tərəfdaş elm-təhsil qurumu kimi Cızzaxdakı həmkarlarımızın 50 illik nailiyyətlərini öz uğurumuz kimi qəbul edirik.
Cizzax Dövlət Pedaqoji Universiteti ilə bundan sonrakı əməkdaşlığımız həm pedaqoji, həm də elmi tədqiqatlarda hər iki tərəf üçün məhsuldar olacaq. Fəaliyyətini 12 fakültə, 28 istiqamət və 35 şöbədə quran pedaqoji universitet ancaq 21 minə yaxın tələbənin pedaqoji və elmi işçilər kimi yetişməsi üçün deyil, onların hər birində bəşəri idealların, ümumtürk məfkurəsinin formalaşdırılması kimi missiyanın daşıyıcısıdır.
Milli-mənəvi dəyərlərimizin tarixi əsası orta əsrlərdən bəri böyük Nizami və Əlişir Nəvai, Məhəmməd Füzuli və Məhəmməd Babur, Nəsimi və Munis Xorəzmi, eləcə də digərlərinin yaradıcılığında formalaşıb və xalqlarımızı zaman-zaman bir-birinə yaxınlaşdırıb. Bu yaxınlıq əsrlər keçsə də, təkcə mövzu və ideya baxımından deyil, həm də Azərbaycan və özbək ədəbiyyatının klassik nümunələrindəki janr eynilikləri ilə də diqqəti çəkir.
Bu ortaq ideya və çağırışları şifahi və yazılı xalq yaradıcılığında – lakonik atalar sözləri və məsəllərdə olduğu kimi, nağıl və dastanların səsləndirildiyi epik janrlarda da görmək olur. İstər “Kitabi- Dədə Qorqud” və ya “Alpamış-Batır”, “Koroğlu” və “Qoroğlu”da, istərsə də “Ağ atlı oğlanın nağılı” və “Kuntuqmış”, “Tahir və Zöhrə” və yaxud “Şirin və Şokar” kimi ənənəvi süjet klişelerində bu bənzərlik heyrət doğuracaq səviyyədədir.
Milli mentalitet cizgiləri bu nümunələrin mahiyyətində yaranıb və formalaşıb. Hər iki xalqın daşıdığı dəyərlər ilk olaraq onların xalq yaradıcılıq nümunələrində, sonradan yazılı ədəbiyyatda, müxtəlif incəsənət əsərlərində boy verib. İctimai-siyasi formasiyalar dəyişsə də, dəyərlər və onun qidalandığı xalq yaddaşı deformasiyaya uğramadan qorunaraq saxlanılıb. Ən yaxın tariximizin faktları da bu prosesin davamlı olduğunu təsdiqləyir.
Yeri gəlmişkən, Azərbaycanın görkəmli yazıçısı, ictimai-siyasi xadim Mirzə İbrahimovun ötən əsrin 70-ci illərində Azərbaycan – Özbəkistan dostluğundan bəhs edən “Böyük dostluq” yazısında bu prosesin qaynaqları barədə danışılır. Müdrik nasir bunun köklərini bütün zamanların sınağından çıxmış kulturoloji qatlarda axtarırdı: “Türk dünyasının nəhəng fikir adamlarından biri, filosof-dramaturq Hüseyn Caviddən türklüyün mahiyyətini əxz edən Maqsud Şeyxzadənin taleyində bu bağlılığın əsaslarını görə bilirik”.
“Mirzə Uluqbəy” əsərində zaman-zaman səslənən müxtəlif suallara cavab verən Maqsud Şeyxzadə Abdulla Qədiri kimi Stalin repressiyasının girdabına düşsə də, 25 illik sürgünlükdən sonra ikinci Vətən seçdiyi Özbəkistanda ayaq üstə dayana bildi. Bu, həmin Şeyxzadədir ki, 1997-ci il iyun ayının 18-də Azərbaycan Prezidenti Heydər Əliyev onu indiki nəsillərə belə tanıdırdı: “Maqsud Şeyxzadə, həqiqətən, görkəmli insan, Özbəkistanda özünə vətən tapmış və özündən sonra çox böyük irs qoyub getmiş azərbaycanlıdır”.
Azərbaycanda olduğu kimi, qardaş Özbəkistanda da ziyalılar, xüsusən cəmiyyətlə gündəlik təmasda olan müəllimlər əcdadlarımızın mirası olan böyük elmi, mənəvi irs əsasında inkişafın nə qədər həyati əhəmiyyətli olduğunun fərqindədirlər. Bu ənənənin kökündə XXII əsrdə türk dünyasının və ümumilikdə, Şərqin ən böyük dəyərlər daşıyıcısı olmuş Nizami Gəncəvinin, ondan 250 il sonra Türküstanda, sivil dünyanın ən mütərəqqi ideallarını əsərlərində ifadə etmiş Əlişir Nəvainin formalaşdırdığı ideyaların ölməzliyi dayanır.
Sonrakı dövrdə Teymurilər intibahı incəsənət və elmin çiçəklənməsi dövrü kimi tarixə düşüb. Babası Əmir Teymurun siyasətini davam etdirən hökmdar Uluqbəyin adı isə tarixə müsəlman-türk dünyasında dinə tərəqqi amil kimi baxan azsaylı hökmdarlardan biri kimi yazılıb.
Əsrlər keçəndən sonra, 2023-cü ildə işğalçı Ermənistanın xarabazara döndərdiyi Füzuli şəhərinin bərpası zamanı burada ilk ümumtəhsil məktəbi binasının məhz qardaş Özbəkistan dövlətinin tikərək hədiyyə etməsinin böyük rəmzi mənası var. Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev, xanımı Ziroatxon Mirziyoyevanın məktəbin açılış mərasimində iştirakı bu hədiyyənin mənəvi dəyərinə verilən qiymət idi. Azərbaycan liderinin dediyi kimi: “Bu məktəb Özbəkistan–Azərbaycan dostluğunun, qardaşlığının bir mərkəzi olacaq”.
Azərbaycan Prezidentinin Özbəkistana sonuncu səfəri çoxəsrlik dostluq münasibətlərimizin inkişafında tarixi hadisə oldu. səfər zamanı dövlətlərimiz arasında müttəfiqlik münasibətləri haqqında müqavilə imzalandı. Qardaş ölkənin lideri Şavkat Mirziyoyev həmin sənədi belə təqdim etdi: “Bu sənəd dövlətlərarası qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsində yeni fəslin başlanması ilə əlamətdardır. Biz bununla çoxplanlı tərəfdaşlığın hərtərəfli inkişafı kursuna möhkəm sadiqliyimizi təsdiq etdik. Bu gün biz tarix yazdıq. Bu tarix iki yaxın xalqın - Azərbaycan və Özbəkistan xalqlarının rifahında öz əksini tapacaq”.
Azərbaycan Prezidenti İlham Əliyevin dediyi sözlər isə Azərbaycan – Özbəkistan dostluq və qardaşlığının əbədi yönünü və məzmununu ifadə etdi: “Biz bu gün Daşkənddə münasibətlərimizin yeni fəslini deyil, kitabını yazırıq. Əminəm ki, üzərimizdə dolaşan və bununla bağlı bizə xeyir-dua verən əcdadlarımızın ruhları şad olacaq. Bu gün iki qardaş xalq, iki müstəqil, güclü, suveren, nüfuzlu dövlət rəsmi müttəfiq oldular. Bu, çox mühüm xarici siyasət addımıdır və gələcək illərdə bizim münasibətlərimizi, həmçinin bir çox hallarda regional siyasəti müəyyən edəcək”.
Mahirə HÜSEYNOVA,
ADPU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, filologiya elmləri doktoru, professor