Musiqi bayramının akkordları

post-img

Artıq 6 gündür ki, Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təş­kilatçılığı ilə dahi bəstəkar, musiqişü­nas, pedaqoq, publisist, ictimai xadim Üzeyir Hacıbəylinin anadan olmasının 139-cu ildönümünə həsr olunan Üzeyir Hacıbəyli XVI Beynəlxalq Musiqi Festi­valı davam edir. 

Festival çərçivəsində Bakıda və bölgələr­də, açıq və qapalı məkanlarda konsertlər, ta­maşalar, sərgilər, elmi konfrans, ustad dərsləri keçirilir. ABŞ, Almaniya, Xorvatiya, Avstriya, Türkiyə, Rusiya, Koreya Respublikası, İspa­niya, Braziliya və digər ölkələrdən solist və bədii kollektivlər də festivalda iştirak edirlər. 

Bu beynəlxalq musiqi festivalı 15 il­dir ki, ənənə halını alıb. Budəfəki festivalın da proqramı rəngarəng və zəngindir. Açılış mərasimi və öncəki tədbirləri qəzetimizdə ətraflı işıqlandırmışdıq. Sonrakı günlərdə baş verənlər də musiqisevərlərə unudulmaz təsir bağışlayıb. Şuşada festival çərçivəsində görkəmli bəstəkar, dirijor və pedaqoq, Xalq artisti Süleyman Ələsgərovun 100 illik yu­bileyinə həsr olunan konsert maraqla qarşı­lanıb. Azərbaycan Dövlət Xalq çalğı Alətləri Orkestri (bədii rəhbər və baş dirijor Ağaverdi Paşayev) möhtəşəm musiqiləri ifa edib. Şən­bə günü isə mədəniyyət paytaxtımızda, Üze­yir bəyin heykəlinin qarşısında Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının truppası dahi bəstəkarın “Leyli və Məcnun” operasını canlandırıb.

Gəncə Dövlət Filarmoniyasında Rusiya­dan gəlmiş “Universum” dueti konsert verib. Pianoçular Daniil Kirillov və Anna Rasina­nın virtuoz ifaları alqışlarla müşayiət olunub. Qəbələ Rayon Mədəniyyət Mərkəzində bədii rəhbəri Xalq artisti, professor Fərhad Bə­dəlbəyli, baş dirijoru Əməkdar artist Fuad İbrahimov olan Bakı Kamera Orkestri çıxış edib. Solistlər Yeganə Axundova (piano) və Nəzrin Aslanlının (violin) müşayiəti ilə Gül­naz İsmayılova (soprano) və Mahir Tağızadə (bariton) öz istedadlarını göstəriblər. Tama­şaçılar Avropa və Azərbaycan bəstəkarlarının əsərlərini dinləyiblər. Şəmkirdə isə Azərbay­can Dövlət Mahnı və Rəqs Ansamblının xor qrupu (xormeyster Naala Baratelia) zövqləri oxşayıb.

Beynəlxalq Muğam Mərkəzində kamera musiqisi axşamında “Ros Unicus” Avstriya–Azərbaycan dueti – violin ifaçısı Fərid Fey­zullayevlə pianoçu Jalə Rəsulova gözəl per­formans nümayiş etdiriblər. Orada həmçinin “Les Essences” (Almaniya) Azərbaycanın tanınmış bəstəkarı, violin ifaçısı, Əməkdar artist Fərhəng Hüseynovun 75 illik yubileyini konsert proqramı ilə dəyərləndirib. 

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Almaniyadan gəlmiş ünlü sənətkar Les Essencesin ustad dərsi gənclər­də böyük maraq doğurub. Xəzər Universite­tinin Fikrət Əmirov adına konfrans-konsert mərkəzində isə bu təhsil ocağının kamera or­kestri alqışlarla qarşılanıb. Kollektivin bədii rəhbəri Zülfiyyə Sadıqova, dirijoru Meri Çe­minavadır. Filarmoniyada Yalçın Adıgözəl­zadənin dirijorluğu ilə Koreyanın “Kavati­na” kvarteti çıxış edib.

Dünən axşam Kamera və Orqan Zalında Səid Rüstəmov adına Xalq çalğı Alətləri Or­kestrinin (bədii rəhbər və baş dirijor Mustafa Aşurov) uğurlu çıxışı olub. Eyni zamanda Azərbaycan Dövlət Akademik Musiqili Te­atrında “Dyagilev – zaman(lar) aşırımında” layihəsi təqdim edilib. Georq Blümlün səh­nə konseptini rəqqaslar Vladimir Varnava və Diana Mukhamedşina canlandırıblar. Bu səh­nədə bir həftə ərzində Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” (100-cü dəfə), “Leyli və Məcnun” “Arşın mal alan”, “Ər və arvad” tamaşaları anşlaqla keçib. 

Xatırladaq ki, Üzeyir Hacıbəyli XVI Bey­nəlxalq Musiqi Festivalına sentyabrın 28-də yekun vurulacaq. Qarşıdakı günlərdə də sənət­sevərləri maraqlı təqdimatlar gözləyir.

Ə.DOSTƏLİ
XQ

Mədəniyyət