Hər olimpiada başa çatan kimi, növbəti mötəbər dördilliyə hazırlıq başlayır, yeni hədəflər müəyyənləşdirilir. Bu baxımdan “Paris-2024”də əldə edilən nəticələr federasiyaların, idman cəmiyyətləri və digər müvafiq qurumların diqqət mərkəzindədir. Elə mətbuatda da idmançılarımızın olimpiadada çıxışı geniş işıqlandırıldı, hazırda bu barədə araşdırmalar davam edir.
Paris Olimpiadasında yarışan 48 idmançıdan 19-nun qadın olması Azərbaycanın Olimpiya Oyunları tarixində ciddi uğur idi. Daha bir böyük uğur komanda idman növlərində ilk dəfə təmsilçiliyimiz idi. Özü də bu nailiyyət məhz qadın basketbolçularımızın payına düşmüşdü. Təəssüfləndirici məqam isə qadınlarımızın olimpiadada medal qazanmaması oldu.
Ötən Oyunlara nəzər salsaq, “Sidney-2000” də daxil olmaqla bütün olimpiadalarda qadın təmsilçilərimiz mükafata layiq yerləri tutmağı bacarıblar. Amma 2000 və 2004 olimpiadalarında medal qazanan Zemfira Meftahetdinova və İradə Aşumova istisna olmaqla, bütün iştirakçılar legioner idmançılar olublar. Tokioda 7 medalın 3-ü qadınların payına düşüb. Ən çox medal isə güləş idman növündə əldə edilib. Milli idman növümüzdə legioner qadın pəhləvanların ciddi uğurları diqqət çəkir. Elə bir Mariya Stadnikin 4 olimpiadada ardıcıl, 2 gümüş, 2 bürünc medalını xatırlamaq kifayətdir.
Bəs milli idman növümüz olan güləşdə qızlar arasında Olimpiya ümidlərimiz yetişirmi? 17 və 20 yaşadək qızlardan ibarət yığmanın böyük məşqçisi Rövşən Umudov növbəti Yay Olimpiya Oyunlarında qızlarımızın iştirakı ilə bağlı gözləntilərini açıqlayaraq qızların güləşə az maraq göstərdiklərini bildirdi:
– Axın çox azdır. Əlimizdə olan idmançılarla kifayətlənməliyik. Buna, demək olar ki, nail oluruq. Bu il 17 yaşlıların dünya çempionatında millimiz 3 bürünc medal qazanıb. Bu isə, medalların sayına görə, son 9 ilin ən yaxşı nəticəsidir. Eləcə də, 20 yaşlılarda komandamızın üzvləri yaxşı nəticələr göstəriblər.
Məşqçi Güləş Federasiyası tərəfindən qız idmançıların yetişməsi üçün lazımi şəraitin yaradıldığını bildirdi. Lakin qadın güləşinə axın olmadığı üçün məşqçilərin əziyyət çəkdiyini vurğuladı:
– Regionlardan bizə 1 güləşçi verəndə sevinirik. Yığmaya ən çox Gəncə Təhsil Məktəbindən güləşçilər gəlirlər. Onu da deyim ki, bu uşaqları 0-dan yetişdiririk. Onları qoruyub saxlamaq, zədə, dözümlülüklə bağlı problemlər çətinliklər yaradır. Yaxşı olar ki, hər həftəsonu roliklər paylaşılsın. Artıq Avropa, dünya çempionatında qızlarımız mükafatlar alıblar. Bu medalları necə əldə ediblər. Onlar nələr qazanıblar. Bu barədə reklam xarakterli roliklər olsa yaxşı olar. Cəmiyyətlərdə 2–3 qız var. Lakin onların sparrinq partnyoru yoxdur ki, məşq etsinlər. Belə olanda bizə müraciət edirlər. Zala gəlirlər. Əvvəl həftədə bir neçə dəfə, amma göstəricilər yaxşılaşırsa, daimi məşqlərə cəlb edirik. Onların üzərində işləyirik.
Rövşən Umudov əsas problemin qızlar arasında respublika çempionatının keçirilməməsi olduğunu dedi:
– Zalımızda məşqçilər yüksək səviyyəlidir. Hazırlıq prosesinin lazımi səviyyədə aparılması üçün hər birimiz ciddi səy göstəririk. Ən böyük problem qadınlar, qızlar arasında ölkə çempionatının keçirilməməsidir. Yaxşı olar ki, gələn ildən hər yaş qrupundan neçə idmançı olursa-olsun, onları cəlb edib ölkə çempionatlarını keçirək. Belə olsa, regionlarda məşqçilər hərə hər çəki dərəcəsində, heç olmasa, bir idmançı verməyə çalışar. O zaman biz də öz məqsədimizə nail ola bilərik.
Gəncə Şəhəri Gənclər və İdman İdarəsinin sərbəst güləş üzrə məşqçi müəllimi, Azərbaycanın ilk beynəlxalq qadın hakimi Sevinc Yusibovanın fikirləri də maraqlıdır:
– Bizim vaxtlarda qızların idmanla məşğul olmasına daha pis baxırdılar. Deyirdilər ki, qız nədir, idman nədir. Son illər qızlar arasında idmana, güləşə maraq xeyli artıb. 10–11 yaşlı uşaqlar arasında bu idman növünə axın daha çoxdur. Adətən, 15–16 yaşa çatanda isə əksər valideynlər qızlarını güləşdən ayırırlar. Çünki övladlarının ailədən uzaqda, yığmada məşğul olmasına razı olmurlar. Şübhəsiz, burada mentalitet, adət-ənənə öz rolunu oynayır. Hazırda Mədinə Kərimova adlı bir qızla məşğul oluram. Atası kənardan deyilən heç bir sözə məhəl qoymayaraq qızını güləşə qoydu və onun hazırlığını davam etdirməsi üçün dəstəkləyir. Belə valideynlər çox azdır.
ABŞ-nin Dallas şəhərində qız güləşi proqramı ilə bağlı təlimdə iştirak etdik. Orada orta məktəbdə ayrıca güləş dərsləri də keçirilir, qızları böyük həvəslə güləşə qoyurlar. Düşünürəm ki, qadın məşqçilərin, hakimlərin, mütəxəssislərin sayını artırmalıyıq. Uşaq, gənclər idman məktəblərində, cəmiyyətlərdə, eləcə də yığmada qadın məşqçilər daha çox çalışmalıdırlar. Bu, qızlarımızın idmana cəlb edilməsində də böyük rol oynaya bilər.
Oğlanlardan ibarət sərbəst güləş komandamız, eləcə də yunan-Roma güləşi üzrə yığmamız dəfələrlə yüksək nəticələr əldə edərək dünya və Avropa çempionatlarında ümumi komanda hesabında qalib adını qazanıblar. Şübhəsiz, bu nəticələr onların Olimpiya Oyunlarında da fərqlənməsi üçün geniş imkanlar yaradır. Qızlarımızdan Olimpiya Oyunlarında, dünya, Avropa çempionatlarında yüksək nəticə gözləyiriksə, mütləq onların güləşlə kütləvi şəkildə məşğul olmasına nail olmalıyıq. O zaman dünya, Avropa və Olimpiya mükafatçıları olacaq qızlarımız yetişəcəklər.
Leyla QURBANOVA
XQ