İndiki və gələcək nəsillərin ehtiyaclarının təmin edilməsi naminə mövcud ekoloji sistemlər, iqtisadi potensiallar qorunmalı və təbii ehtiyatlardan səmərəli istifadə edilməlidir. Bunun üçün ətraf mühitin hər hansı komponentinin pozulmasına yol verilməməlidir. Bu baxımdan torpaq ehtiyatlarının sıradan çıxmasının qarşısı alınmalıdır. Çünki kənd təsərrüfatı üçün yararlı torpaq sahələrinin qorunmaması gələcəkdə əhalinin ərzaq təminatında ciddi problemlər yarada bilər. Ona görə də kənd təsərrüfatı üçün yararlı olan 4,1 milyon hektar (respublika ərazisinin 47,7 faizi) torpaq sahəsinin mühafizəsinə xüsusi önəm verilməlidir. Bununla bağlı ETN Coğrafiya İnstitutunun əməkdaşı, coğrafiya üzrə fəlsəfə doktoru Gülnar Allahyarova ilə müsahibəni təqdim edirik.
– Azərbaycanda ekoloji problemlərdən sayılan torpaq eroziyasının əsas amillərindən biri küləkdir. Bəs külək eroziyasının intensivliyi nədən asılıdır?
– Ölkəmizin əsas ekoloji problemləri qlobal iqlim dəyişmələri, torpaqların deqradasiyası (eroziya, şoranlaşma, səhralaşma), ərzaq təhlükəsizliyi, şirin su qıtlığı ilə bağlıdır. Bu problemlər arasında torpağın eroziya prosesi geniş yayılıb. Torpağın eroziyasına isə su ilə yanaşı, külək də təsir edir. Bu zaman külək eroziyası və ya deflyasiya baş verir. Belə hallar əsasən çöl rayonlarında baş verir və quraq keçən illərdə onun mənfi təsiri daha çox nəzərə çarpır. İntensivliyi isə torpağın üst qatının qranulometrik tərkibindən, strukturundan və küləyin sürətindən asılıdır. Küləyin sürəti saniyədə 4–6 metr olduqda diametri 1 millimetrdən kiçik, sürəti saniyədə 10 metrdən çox olduqda isə diametri 1 millimetrdən artıq olan hissəciklər sovrulmaya məruz qalır. Ayrılmış torpaq hissəcikləri hava axınları ilə eroziya mənbəyindən müxtəlif məsafələrə aparılır.
Bu, torpağın şumlandığı, lakin bitki örtüyünün hələ olmadığı yaz fəslində daha tez-tez baş verir. Külək torpaq hissəcikləri ilə yanaşı, torpaqda özünü hələ yaxşı bərkitməmiş toxumları da aparır. Yayda isə təmiz herik sahələri və cərgələrarası şumlanmış sahələr də külək eroziyası ilə üzləşir.
Defliyasiyaya (külək eroziyası) qumlu və qumsal, həmçinin səthi qurumuş struktursuz gillicəli və gilli torpaqlar daha asanlıqla məruz qalır. Külək qumluqları və torpağın üst narın hissəciklərini sovuraraq ərazinin landşaft örtüyünü dağıdır. Nəticədə torpaq və onun digər gil, lil, qum hissəcikləri bir sahədən sovrularaq digər ərazilərə ötürülür. İri hissəciklər, adətən, kiçik məsafəyə hərəkət edir və tez bir zamanda müxtəlif maneələr tərəfindən tutulub saxlanılır.
– Hansı bölgələrdə torpaq örtüyünə külək eroziyası daha böyük ziyan vurur?
– Külək eroziyasının ən çox müşahidə edildiyi yerlər Abşeron yarımadası, Qobustan, Samur çayından Qızılağac körfəzinə qədər Xəzər dənizinin sahil zonası, Mil və Muğan, Ceyrançöl, Acınohur düzləri və Bozdağ sistemidir. Burada küləyin təsiri nəticəsində yer səthinin quruluşu da dəyişir. Bu ərazilərdə təsərrüfat sahələrinə külək eroziyasının vurduğu ziyan çox böyükdür. Çünki torpaq örtüyü sovrularaq öz münbitliyini itirir, bəzi hallarda isə tamamilə sıradan çıxır və məhsuldarlıq dəfələrlə azalır.
– Bu yaxınlarda Bakıda tozlu hava müşahidə olunurdu. Bu nə ilə bağlı idi və hansı mənfi təsirləri oldu?
– Abşeron yarımadasının ərazisinin çox hissəsi yarımsəhra və səhra zonası olduğundan tez-tez tozlu hava müşahidə edilir. Qumlu torpaqlar küləyin təsirindən daha intensiv sorulur və bəzən qum fırtınalarına səbəb olur. Bu fırtınaların hərəkət istiqaməti küləyin hansı səmtə əsməyindən asılı olaraq dəyişir. Bir neçə gün əvvəl Bakıda tozlu hava müşahidə olunurdu və havada tozun miqdarı normadan 1,3 dəfə artıq idi. Buna səbəb isə qum dənələrinin Türkmənistandan ölkəmizə toz dumanı vasitəsilə daxil olması idi.
Respublikamızın ərazisindən sovrulan qumlar isə Xəzər dənizi sahilində, Aran rayonlarında və Abşeron yarımadasında daha çox müşahidə edilir. Bu, ərazinin landşaft örtüyünün dağılmasına səbəb olur. Belə təbiət hadisələri ən çox Abşeron yarımadasında baş verir. Bu zaman, hətta hərəkət edən qum təpəcikləri əmələ gəlir. Torpağın üst münbit qatı itirildiyindən səhralaşma da sürətlənir. Eyni zamanda, bitkilərin yaşıl yarpaqları üzərinə çökən qum çöküntüləri fotosintez prosesini ləngidir və ya dayandırır. Bundan ətraf mühitə, iqtisadiyyata, insanların təsərrüfat fəaliyyətinə və nəqliyyata ciddi ziyan dəyir.
İnsan sağlamlığına gəldikdə isə tozlu hava ağciyərlərdə ciddi problemlərə, o cümlədən silikoz, asfiksiya, ağciyər xərçəngi və “quru göz” sindromuna səbəb olur. Onu da deyim ki, qum, toz dənəcikləri sovrulma mənbəyindən on, yüz və hətta min kilometr məsafəyə aparılır. Küləyin qum dənələrini Türkmənistandan Azərbaycana gətirməsi də bunun bariz nümunəsidir.
– Külək eroziyasının qarşısının alınmasında və kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının artırılmasında qoruyucu meşə zolaqlarının salınmasının əhəmiyyəti barədə nə deyərdiniz?
– Torpaqqoruyucu və rekresiya əhəmiyyətinə malik olan təbii meşələrin qorunması ilə yanaşı, əkin sahələrinin külək və s. təsirlərdən mühafizəsi üçün tarlaqoruyucu meşə zolaqları salınmalı, onların sahəsi genişləndirilməlidir. Çünki ölkəmizin aran və dağətəyi bölgələrində ilin müəyyən vaxtlarında iqlim şəraiti kənd təsərrüfatı bitkiləri üçün əlverişli olmur. Əkin sahələri ciddi eroziyaya məruz qalır. Buna görə də belə şəraitdə iqlimlə əlaqədar meliorativ tədbirlər görülürməli, tarlaqoruyucu meşə zolaqlarının salınması diqqətdə saxlanılmalıdır.
Tarlaqoruyucu zolaqların ən müsbət xüsusiyyətlərindən biri küləyin sürətini azaltmasıdır. Araşdırmalar göstərir ki, tarlaqoruyucu meşə zolaqları küləyin sürətini təqribən 53 faizədək azaldır, kənd təsərrüfatı bitkilərinin məhsuldarlığını isə, təqribən 20–30 faiz artırır. Çünki tarlaqoruyucu meşələrdə ağacların çətiri arasından keçən külək dağınıq və sürəti azalmış halda zolağın o biri tərəfindən çıxaraq üstdən əsən küləklə toqquşur və nəticədə onlar bir-birinin sürətini azaldır. Bu, meşənin tarlaya olan ən vacib təsirindən biridir.
Pünhan ƏFƏNDİYEV
XQ