Putin-Tramp görüşü BƏƏ-də keçirilə bilər

post-img

TASS informasiyalı mənbəyə istinadən xəbər verir ki, Rusiya prezidenti Vladimir Putinlə ABŞ lideri Donald Tramp arasında görüş ərəb dövlətlərindən birində baş tuta bilər. 

Mənbə dəqiqləşdirib ki, danışıqların təşkilatçıları sammitin ərəb ölkəsinin ərazisində keçirilməsi perspektivlərini müzakirə ediblər.

Avqustun 7-də Rusiya prezidentinin köməkçisi Yuri Uşakov jurnalistlərə bildirib ki, Tramp-Putin danışıqlarının yeri artıq razılaşdırılıb, lakin sammitin keçiriləcəyi ölkə dəqiqləşdirilməyib. Rusiya Xarici İşlər Nazirliyi də Rusiya Federasiyası və ABŞ liderləri arasında dialoq platforması verməyə hazır olan ölkənin adını açıqlamayıb.

“Vedomosti ” qəzetinin daha əvvəl İstanbulda danışıqların aparılmasına yardım etmiş mənbəsi ikitərəfli görüşün yerinin BƏƏ olacağını bildirib. O, qeyd edib ki, məkan seçilərkən Vatikan və Budapeşt də müzakirə olunub.

Vladimir Putin daha əvvəl bəyan etmişdi ki, o, BƏƏ-ni Trampla danışıqlar üçün optimal seçim hesab edir.

P.ƏMİRCANOV
XQ

Dünya