Müsahibimiz qazax yazarı, Qarabağ sevdalısı Nəsiha Gumarqızıdır
Tanınmış qazaxıstanlı şairə, yazıçı-publisist, ictimai fəal Nəsiha Gumarqızı son illər ölkəmizdə “Qarabağ sevdalısı” kimi tanınaraq, çox sevilir. Bu istedadlı qələm sahibi Azərbaycanla bağlı bir neçə dəyərli publisistik kitabın müəllifidir. 3 il əvvəl rus və qazax dillərində nəşr etdirdiyi “Карабах: долгая дорога домой” (“Qarabağ: evə uzun yol”) 500 səhifəlik kitabı isə bütün türk dünyasında xüsusi rəğbət və böyük əks-səda doğurub.
Nəsiha xanım bugünlərdə yenidən Azərbaycanda olub, özünün dediyi kimi, növbəti dəfə gözəl və bənzərsiz Qarabağı ziyarət edib. Bakıda, Gəncədə, Şuşada, Xankəndidə ziyalılarla görüşlər keçirib. İki gün əvvəl doğma Almatıya yola düşmək ərəfəsində “Xalq qəzeti”nin əməkdaşı ilə yeni təəssüratlarını bölüşüb.
– Nəsiha xanım, qonaqdan gəlişinin səbəbini soruşmazlar, amma oxucularımız üçün bunu bilmək maraqlı olardı...
– Mən çağdaş türk dünyası dövlətlərinin yüksələn ulduzu saydığım Azərbaycanın böyük heyranlarındanam və bu qardaş ölkəni ziyarət etməkdən hər dəfə sonsuz qürur duyuram. Yeri gəlmişkən, cəmi 2 ay əvvəl, yəni iyul ayında da Bakıda olmuş, Qarabağa səfər etmişəm. O zaman bura Qazaxıstanda yaşayan azərbaycanlıların 44 nümayəndəsi ilə birlikdə gəlmişdim. Sağ olsunlar, məni özlərinki bilib sıralarında görmək istəmişdilər.
Mən həmin səfər barədə Qazaxıstan mətbuatında bir neçə məqalə yazmışam, bir sıra teleşirkətin təşkil etdiyi verilişlərdə bu barədə söhbət açmışam. Demək istəyirəm ki, bizim Qazaxıstanda dost, qardaş Azərbaycana son dərəcə böyük maraq var. Biz sizin uğurlarınıza çox sevinirik. Biz bütün türk dünyası əl-ələ verib güclü və qüdrətli Turan qurmalıyıq. Bu istiqamətdə görülən işlər məni çox sevindirir və duyğulandırır.
Budəfəki gəlişimin əsas səbəbini isə tanınmış jurnalist Emil Nəsirlinin baş redaktoru olduğu “Azərbaycanım” jurnalının yubiley tədbirlərində iştirak etmək idi. Mən bütün dünyada özünə geniş oxucu auditoriyası qazanmış bu nəşrin Orta Asiya ölkələri üzrə təmsilçisiyəm. Qeyd etmək istərdim ki, bu tədbirə dünyanın bir çox ölkələrindən nüfuzlu qələm sahibləri, elm və iş adamları, diplomatlar təşrif buyurmuşdular.
– “Facebook” səhifənizdəki son paylaşımlarınızdan belə məlum oldu ki, siz Azərbaycana bu dəfə Qazaxıstan Yazıçılar İttifaqının sədrinin müavini, qazax xalqının sevimli şairi Baurjan Jakıb ilə birlikdə gəlmisiniz.
– Baurjan Jakıb son dərəcə istedadlı şairdir. Onun haqqında bizim ölkədə deyirlər ki, Jakıbın şeirləri yerdə yox, göylərdə yazılır, ilahidən gəlir. Yəni son dərəcə ilhamlı insandır. Təəssüf ki, onunla sizi görüşdürə bilmədim. O, məndən bir gün əvvəl Qazaxıstana qayıdıb. Amma telefonunu verərəm, zəng edib onun da Azərbaycan barədə təəssüratlarını öyrənsəniz, çox yaxşı olardı...(Mən həmsöhbətimə söz verdim ki, qəzetimizin yaxın nömrələrinin birində bunu edəcəyəm-müəllif).
Baurjan bəy Şuşadan olduqca böyük təəssüratlarla qayıtdı. Burada gördüklərindən, eşitdiklərindən çox təsirlənmişdi. Azərbaycanda olduğu üç gün ərzində Şuşaya, Qarabağa 6 şeir həsr etdi. Bu şeirlərin hər birini mənə oxudu. Bir daha qeyd etmək istəyirəm ki, hörmətli Baurjan bəy türk dünyası və ədəbiyyatına, eləcə də Azərbaycana son dərəcə bağlı insandır. Söz verdi ki, bu gözəl diyara bundan sonra tez-tez gələcək.
– Nəsiha xanım, icazə verin sizi Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü seçilməyiniz münasibətilə təbrik edim...
– Təşəkkür edirəm. Azərbaycan Yazıçılar Birliyinin biletini mənə türk dünyasının əfsanəvi qələm sahibi Anar şəxsən özü təqdim edib. Bu, mənim üçün unudulmaz bir hadisədir. Zarafat deyil, Azərbaycan ədəbiyyatı dünya mədəniyyətinə böyük töhfələr verib. Azərbaycan yazıçılarını birləşdirən bir ittifaqın üzvü olmaq çox qürurvericidir.
Mən hələ gənclik illərimdən bəri Azərbaycan ədəbiyyatını böyük həvəslə mütaliə edirəm. Hörmətli Anarın kabinetində olanda onun Azərbaycan–Qazaxıstan ədəbi əlaqələri haqqında müdrik söhbətlərini sonsuz maraqla dinlədim.
– Siz artıq 4-cü dəfədir ki, Şuşanı ziyarət edirsiniz. Dəfələrlə qeyd etmisiniz ki, hər dəfə də burada özünüz üçün yeni bir möcüzə, sirr açırsınız. Bu dəfə Şuşa nə ilə sizi heyran etdi?
– Mən Şuşada heç vaxt payızda olmamışdım. Mənə elə gəlir ki, payızın ilk günlərində Şuşa çox əsrarəngizdir. Bildiyimə görə, türklər payızın yağmursuz, günəşli günlərinə son bahar deyirlər. Şuşa, həqiqətən, son baharda xüsusilə gözəldir!
Bəzən məndən soruşurlar ki, Şuşa sizin üçün adiləşə bilərmi? Qətiyyətlə cavab verirəm ki, yox, bu şəhər mənim üçün heç vaxt sıradan bir şəhərə çevrilə bilməz. Şuşa Çanaqqala qədər hər türk üçün əzizdir, doğmadır! Burada bütün Şərq peşəkar musiqisinin yaradıcısı, böyük Üzeyir bəyin müqəddəs ruhu dolaşır.
Yeri gəlmişkən, bir neçə gündən sonra İkinci Qarabağ müharibəsinin başlanmasının 4-cü ildönümü tamam olacaq. Mən Qarabağda ağır döyüşlərin başladığı ilk günlərdə son dərəcə həyəcanlı idim. Şuşanın azad olunması xəbərini eşidəndə isə göz yaşlarım sel kimi axdı. Bu, əlbəttə, sevinc göz yaşları idi!
Mən Azərbaycanın Qarabağdakı Zəfəri, Şuşanın fəthi barədə hər yerdə, ən müxtəlif auditoriyalarda böyük həvəslə söz açıram. Hər bir xalqa, millətə belə ədalətli zəfərin nəsib olmasını arzulayıram!
Bu gün isə bir daha qəlbimdən dilimə axan sözləri izhar etmək istəyirəm. Bəli, Azərbaycan dövləti, xalqı və onun əsgəri yenilməz və qüdrətlidir. Biz sizinlə fəxr edirik. Siz bütün türk dünyasının başını uca etmisiniz!
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev adını tarixə qızıl hərflərlə yazdırıb. Fateh Prezidentə eşq olsun, deyirəm! Bir daha vurğulamaq istəyirəm: Azərbaycanın Qarabağdakı Zəfəri bütün türk dünyasının tarixi qələbəsidir.
Söhbəti qələmə aldı:
Məsaim ABDULLAYEV
XQ