Mərkəzi Asiyanın çinli müsəlmanları – dunqanlar

post-img

Birinci yazı 

Özbəkistanda 130-dan çox millətin nümayəndələri yaşayırlar. Bunlar arasında dunqanlar da var. Çin müsəlmanları olan dunqanlar 1842–1877-ci illərdə Dunqan üsyanındakı məğlubiyyətdən sonra Cinin Şensi, Qansu və Sintszyan əyalətlərindən Mərkəzi Asiyaya köçüblər. 

Çin dilinin şensi dialektində danışan dunqanlar iki dini qrupa bölünürlər: “yax­şı” və “yaman”. Qansu dialektində danışan dunqanlar daha çox cahiriyə sektasında birləşirlər. Əsas dinləri İslam olsa da, dao­sizm, konfutsiçilik və buddizmə də sitayiş edirlər.

Dunqanlar Qırğızıstanın Çuy vilayə­ti ilə Qazaxıstanın Cambul vilayətinin sərhədində, Özbəkistanda isə Daşkənddə və Daşkənd vilayətində, Əndicanda və Fərqanə vadisinin şəhərlərində məskun­laşıblar. Hazırda Qazaxıstanda 100 minə yaxın, Qırğızıstanda təxminən o qədər, Özbəkistanda 5 minə yaxın dunqan yaşa­yır. Özbəkistanda yaşayanların əksəriyyəti Daşkənd vilayətinin Urtaçirçik rayonun­dakı Dunqan kəndində yerləşib. Bu kiçik kəndi Özbəkistanda kiçik Çin adlandırır­lar. Dilləri sino – Tibet dil qrupuna daxil­dir. Dunqanların mənşəyi haqqında alimlər arasında vahid fikir yoxdur. Özləri ərəb kökənli olduqlarını düşünürlər. Xalq ara­sında dolaşan əfsanəyə görə, Tan dövrü (618–907) İmperatoru yuxuda görür ki, onu yaşıl paltarlı bir gənc əjdahanın cay­nağından xilas edir. Müdriklər imperatora deyir ki, əjdaha köçəri düşmənlər, yaşıl paltarlı gənc isə Qərbdə yeni yaranmış dinin simvoludur. Onların məsləhəti ilə imperator Ərəbistana səfirlər göndərib Məhəmməd Peyğəmbərdən (s.ə.s) kömək istəyir. Peyğəmbərin (s.ə.s) göndərdiyi 3 min əsgər düşmənə qalib gəlir. Onları ya­nında saxlamaq üçün imperator əsgərləri çin qızları ilə evləndirir. Bu nikahlardan doğulan nəsil isə dunqanlar adlanır.

Başqa bir fərziyyəyə görə, dunqanların əcdadı olan türklər Mərkəzi Asiyada yaşa­yıblar, monqollar onları Çinə qovub. Çin­də isə dunqanları müsəlmanlığı qəbul edən çinlilər sayırlar. Belə bir fikir də var ki, dunqanlar Çinə 1271-1368-ci illərdə Su­riya, Mavərənnəhr, İran və Uyqurstandan gətirilib. Bunlar hərbçilər, qullar, alimlər, sənətkarlar və ticarətçilər olublar. Belə­liklə ərəblər, farslar və uyğurlar çinlilərlə qarışaraq xuey (dunqan) etnosunu forma­laşdırıblar.

Dunqan sözünün bir neçə yaranma ver­siyası var:

1. Dunqan türk sözü olan Turqandan yaranıb, müəyyən ərazidə doğulan demək­dir. 

2. Dunqan xuey sözünün türkcəyə tər­cüməsidir, dönmüş mənasını verir. 

3. Dunqanlar Çin dilində danışan tun­kenlərdir. 

4. Dunqan şərq sahilləri mənasını verir. Dunqanlar əbəs yerə demirlər ki, biz Şərq­dən gəlmişik.

Dunqanlar əsrlər boyu əkinçilik, bos­tançılıq və düyü yetişdirməklə məşğul olublar. İndi də onlar müxtəlif tərəvəzlər – şirin bibər, badımcan, turp, kök, sarımsaq, çöl sarımsağı, pomidor, Çin kələmi, ədviy­yat bitkiləri, paxlalı bitkilər əkib-becərir­lər. Özbəkistanda düyü istehsalının yeni səviyyəyə qalxmasında dunqanların əməyi böyükdür.

Dunqanlar milli mətbəx ənənələrini qoruyub saxlayıblar. Yeməklərində ənənə­vi tərəvəzlərdən əlavə nişastadan, müxtə­lif ədviyyatlardan istifadə edirlər. Əhali arasında lağman, manpar, mantı, funçoza adlanan dunqan yeməkləri çox məşhur­dur. Mantı sözü Çin mənşəlidir. Əfsanəyə görə, bu yeməyi Çin sərkərdəsi və dövlət xadimi Çjuqe Lyan yaradıb. Belə ki, dö­yüş zamanı çayı uğurla keçmək üçün bir neçə adam qurban verilməli idi. Sərkərdə insanları güdaza vermək istəmir. Əmr edir ki, xəmirdən kündələr hazırlayıb çaya at­sınlar. Kündələrə “man tu” adı verilir, yəni kəsilmiş başlar.

Dunqanlar arasında ailə münasibət­ləri çox möhkəmdir. Dunqan ailəsi yeni nəsillərə ötürülən etnomədəni dəyərlər içərisində mühüm yer tutur. Ailə struktu­runda üstün olan ənənə 2 və ya 3 nəslin nümayəndəsinin yaşadığı kiçik ailədir. Va­lideynlərin bir və ya bir neçə oğulla birgə yaşadığı ailələr də çoxdur. Bəzən isə oğul­lar ayrı yaşasalar da, ailə büdcəsi müştərək olur.

Ailədaxili münasibətlər – böyüklərə hörmət, uşaqlara diqqət dunqanlar üçün çox əhəmiyyətlidir. Dunqan ailəsində uşaqlar kicik yaşlarından əməyə alışdırılır. Ailədə rəhmətə gedən olanda 3,5,7,12,30,40,100-cü gün və il mərasimləri qeyd olunur. Dunqanların qeyd etdikləri başqa əlamət­dar günlər də var: şirmyan – yeni doğulan uşağın 10-cu günü, manyue – yeni doğulan uşağın 40-cı günü, sun li – 50 illik yubiley və s. keçirilir.

Dunqanlar əsasən ana dilində danı­şırlar, Fərqanə vadisində və Daşkəndin qədim məhəlləsində yaşayanlar isə özbək dilində ünsiyyət qururlar. Dunqanlar rus, qırğız, qazax və Koreya dillərini də bilirlər. Dunqan dilində ərəb, fars və türk sözləri də çoxdur.

1990-cı ildə Daşkənddə Dunqan Mə­dəniyyət Mərkəzi yaradılıb. Mərkəzdə ana dili dərsləri keçirilir, Dunqan milli mədə­niyyət muzeyi fəaliyyət göstərir, dunqan mədəniyyətinə aid eksponatlar sərgilənir.

Özbəkistanda fəaliyyət göstərən Çin şirkətləri dunqan diasporunun inkişafı­na, aztəminatlı dunqan ailələrinə kömək göstərirlər. Gənclərin təhsil almasına xü­susi diqqət yetirilir. Belə ki, 200-dən çox gənc Çinin müxtəlif şəhərlərinə oxumağa göndərilib. Mərkəzi Asiyada, o cümlədən, Özbəkistanda yaşayan dunqanlar arasında həkimlər, alimlər, müəllimlər, aqronomlar kifayət qədərdir.

Dunqanların özünəməxsus məişət və toy adətləri var. Bu haqda növbəti yazıda söhbət açacağıq.

Qulu KƏNGƏRLİ,
XQ-nin xüsusi müxbiri

Daşkənd



Sosial həyat