Bizim bir Vətənimiz var – Azərbaycan!

post-img

Sentyabrın 9-11-də, Bakıda Xaricdə yaşayan azərbaycanlı alimlərin 1-ci Forumu keçiriləcəkdir. Müsahibimiz Forumun iştirakçısı Moskva ”MİET” Milli Tədqiqat Universitetinin professoru Ələddin Allahverdiyevdir.

Arayış: Professor Ələddin Allahver­diyev dünya okeanı və kosmik fəzanın tədqiqatlarında, dəniz seysmik kəşfiyyatı, elektron, müdafiə və tibb sənayesində is­tifadə olunan pyezoelektrik cihazların və aparatların yaradılmasında dalğa və rəqs proseslərinin öyrənilməsi üçün riyazi mo­dellərin və metodların yaradılması sahə­sində Sovet, Rusiya və Azərbaycan alimi­dir. O, 1947-ci ildə Qərbi Azərbaycanın Göyçə mahalının Basarkeçər rayonunun Kəsəmən kəndində anadan olub. Bakı­da 190 saylı orta məktəbi medalla bitirib. M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin mexanika-riyaziyyat fa­kültəsinin və onun aspiranturasının məzu­nudur. SSRİ Elektron Sənaye Nazirliyinin Elmi-Tədqiqat “Fonon” İnstitutunda kiçik elmi işçi, böyük elmi işçi və riyazi model­ləşdirmə şöbəsinin müdiri vəzifələrində çalışmışdır. 

“Green Star International” şirkəti baş direktorunun elm və istehsalat üzrə müa­vini, Moskvanın Zelenoqrad şəhər Orta və Kiçik Biznes Müəssisələri Assosiasiyası­nın direktoru, Moskva Biznesi İdarəetmə Akademiyasında ali və tətbiqi riyaziyyat kafedrasının müdiri və professoru, İqtisa­diyyat və menecment fakültəsinin dekanı, 1-ci prorektoru, Moskva “MİET” Milli Tədqiqat Universitetinin professoru, tədris işləri üzrə prorektor müavini, tədris prose­sinin keyfiyyəti sahəsinin rəhbəri vəzifələ­rində çalışıb.

– Ələddin müəllim, informasiya va­sitələrində gedən məlumata görə, sent­yabrın 9-dan 11-dək Bakıda Xaricdə yaşayan azərbaycanlı alimlərin 1-ci Fo­rumu baş tutacaqdır. Bu tədbirə dəvət almış alim kimi bu haqda nə deyə bilər­siniz?

– Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi, Dünya Azərbaycanlı Alimlər Dər­nəyinin təşkilatçılığı ilə baş tutan bu forum dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlı alimləri bir araya gətirmək, onların təcrübə və bilik mübadiləsini təşkil etmək, alimlər arasında şəbəkələşməni ya­ratmaq, diaspor fəaliyyətinə töhfə vermək­lə Vətənlə əlaqələri möhkəmlətmək məqsə­dilə keçirilir. Forumda, həmçinin elm və texnologiya, texnika, energetika, təhsil, səhiyyə, iqlim dəyişikliyi və digər sosi­al elmlər və mədəniyyət sahələri ilə bağlı strateji planların hazırlanması və icrasında Azərbaycana kömək etmək, işğaldan azad olunmuş ərazilərin bərpası prosesinə töhfə vermək, təhsillə bağlı müxtəlif məzmunlu layihələr, proqramlar hazırlamaq, elmi iş­ləri dəstəkləmək nəzərdə tutulur.

– Siz 56 ildir ki, Vətəndən kənar­da– Moskvada yaşayıb, elm və təhsil sahələrində məsul vəzifələrdə çalışmı­sınız. Sizin oraya təhsilinizi davam et­məyə getməyiniz, uzun illər orada qalıb işləməyiniz haqqında qısa da olsa məlu­mat verməyinizi istərdik.

– 1968-ci tədris ilinin sonları idi. Azər­baycan Dövlət Universitetinin mexani­ka-riyaziyyat fakültəsinin 3-cü kursunu bi­tirirdim. Məni dekanlığa dəvət edib, M.V. Lomonosov adına Moskva Dövlət Univer­sitetinin mexanika-riyaziyyat fakültəsinə köçürülmək üçün SSRİ Ali Təhsil Nazir­liyindən universitetə 1 yer ayrıldığını və əlaçı tələbə kimi məni o yerə göndərmək barədə qərarlarını bildirdilər. 

Moskva Dövlət Universitetinə köçürül­məyim, orada tələbə və aspirant olduğum gənclik illəri həyatımda, ömür tariximdə silinməz izlər buraxmış, elmi-mədəni-si­yasi dünyagörüşümün formalaşmasında xüsusi rol oynamışdır. Təsəvvür edin, hər altıncı gün universitetin teatr zalında, ta­maşalarına bilet almaq çox çətin olan Bö­yük Teatrın opera və balet truppalarının universitet üzərində hamilik tamaşalarına baxmaq imkanımız vardı. Universitetin akt zalında dünyanın ən məşhur alimlərinin iştirakı ilə, elmin ən mübahisəli, eyni za­manda, aktual problemlərinə həsr olunmuş elmi diskussiyalar təşkil olunardı. 

Elmin yeniliklərinə böyük maraq göstərən biz tələbə və aspirantlar bu nadir əhəmiyyətli elmi tədbirlərdə qabardılan fikirləri xüsusi “aclıqla” qəbul edərdik. Universitetin konsert zalında ölkənin ən məşhur elm və mədəniyyət xadimləri ilə təşkil olunan görüşlər çox maraqlı keçərdi. Bu görüşlərdə hər kəs mövzu ətrafında onu maraqlandıran sualları vermək imkanına malik idi. Bir qayda olaraq, bu görüşlərdə mən Azərbaycanla bağlı suallar verməyi sevərdim. Elmə xüsusi marağım, həllini gözləyən məsələlərlə məşğul olmaq həvə­si də məhz o illərdən yaranmış və həyatım boyu davam etmişdir. Orada aldığım fun­damental elm və biliklər sonralar işlədiyim SSRİ Elektronika Nazirliyinin “Fonon” İnstitutunda ölkə təhlükəsizliyni təmin et­məyə yönəlmiş texniki problemlərin həl­lində, Moskva Dövlət Biznesi İdarəetmə Akademiyasında kafedra müdiri, dekan, 1-ci prorektor, və “MİET” Milli Tədqiqat Universitetində təhsilin keyfiyyəti sahə­sinin rəhbəri kimi təhsil poblemlərinin həllində mənə böyük stimul və istiqamət vermişdir.

– Professor, sizin bu foruma dəvət olunmağınız elmi və ictimai fəaliy­yətinizə verilən yüksək dəyərin təza­hürüdür. Siz çoxsaylı elmi əsərlərin, ixtiraların müəllifi kimi, bir çoxunun mövzusunun və mahiyyətinin qapalılığı­nı nəzərə alaraq, qısaca da olsa məlumat verərdiniz.

– Hələ tələbə və aspirant ikən 1970-ci illərin ortalarından elektron sənayesi sahəsində çalışarkən, dünya okeanında və kosmosda, dəniz seysmik kəşfiyyatında, mikroelektronikada, müdafiə və tibb səna­yesində istifadə olunan pyezoelektrik apa­rat və cihazların işlənib hazırlanmasında riyazi modellərin yaradılması ilə bağlı elmi problemlərlə məşğul olmuşam. 

Uzun illər ərzində həllini tapmayan, dinamik rejimdə əvvəlcədən tələb olunan fiziki xüsusiyyətlərə cavab verən, mini­mum kütləyə və ya həcmə malik olan pye­zoelektrik elementlərin optimal formasının müəyyən edilməsi probleminin ilk dəfə həllinə nail olmuşam. Bu problemin həlli dünya okeanında su altında hərəkət edən obyektlərin yerini və ayrı-ayrı xarakteris­tikalarını müəyyən etməyə, müvafiq elmi sahələrin mütəxəssislərini maraqlandıran informasiyaların kosmik obyektlərdən – süni peyklərdən və kosmik gəmilərdən qeydə alınıb, Uçuşları İdarəetmə Mərkə­zinə ötürmək və qəbul etmək üçün qəbul-edici-ötürücü qurğularının yaradılmasına imkan vermişdir. Hərbi texnikada istifadə olunan pyezoelektrik cihazların yaradılma­sında vacib olan iki və üçölçülü dinamik məsələlərin həll metodunu da tələbələrim­lə birgə ilk dəfə uğurla tətbiq etməyə nail olmuşam. Diskşəkilli pyezokeramik mem-branlarda “kənar effektinin” mövcudluğunu da nəzəri cəhətdən ilk dəfə mən açmışam. 

Həmmüəlliflərimlə birgə hazırlanmış pyezokeramik ötürücü süni ürək yarat­maq probleminin həllində uğurla istifadə edilmişdir. 450-dən çox açıq və qapalı elmi əsərin, ixtiraların, monoqrafiyaların, ali təhsil dərsliklərinin, ali peşə təhsilinin təşkili problemlərinə və təhsil texnologiya­larına dair bir sıra elmi məqalələrin müəlli­fiyəm. Elmi rəhbərliyim altında 7 aspirant, o cümlədən 3 azərbaycanlı namizədlik dis­sertasiyasını müdafiə etmişdir. Ümumiy­yətlə, əldə edilmiş elmi nəticələr əsasında 30 beynəlxalq və Ümumittifaq qurultay, konqres, konfrans və simpoziumlarda 60-dan çox, o cümlədən 12 sifarişli plenar elmi məruzə etmişəm. 

– Xaricdə yaşayan azərbaycanlı öz tarixi Vətənini layiqincə təmsil etmək üçün hansı xüsusiyyətlərə malik olma­lıdır?

– Tarixi Vətənimizdən kənarda yaşa­yan hər bir azərbaycanlı onun milli-mə­dəni-mənəvi dəyərlərinin daşıyıcısı kimi yaşadığı ölkədə öz məsuliyyətini daim düşünməli, yaddan çıxarmamalıdır. Ölkə­mizə, xalqımıza münasibət hər birimizin oradakı peşəkar fəaliyyətimizdən, cə­miyyətdəki davranış mədəniyyətimizdən, dünyagörüşümüzdən alınan təəssüratlarla, Azərbaycanın, onun tarixini və mənəvi dəyərlərinin düzgün, layiqli təqdimatı, təbliği ilə formalaşır. Vətəndaşı oldu­ğumuz ölkənin tarixini, mədəniyyətini, adət-ənənələrini, mövcud qanunlarını bil­mək və onlara hörmətlə yanaşmaq da bu məsələdə mühüm rol oynayır. Əminəm, Azərbaycanın tarixini, mədəni-mənə­vi dəyərlərini, adət-ənənələrini dərindən bilmədən onun yüksək səviyyədə layiqli təmsilçisi olmaq mümkün deyil! Bütün bunları biz, ilk növbədə, gənclərimizdə, ətrafımızda olan hər kəsdə tərbiyə etməli­yik. Bu işdə Vətəndən uzaqlarda yaşayan biz ziyalıların üzərinə böyük məsuliyyət düşür! Ziyalı sözü, ana dilimizdə xalqına elm və bilik gətirən, onun “qaranlıqlarına nur saçan” insana şamil edilir! 

– Uzun müddət Moskvada yaşayıb– çalışdığınız dövrdə orada Azərbaycana aid keçirilən tədbirlərlə bağlı xatirələri­nizi də eşitmək maraqlı olardı.

– Keçən əsrin 60-cı illərinin sonla­rından M.V. Lomonosov adına Moskva Dövlət Universiteti Moskvada təhsil alan azərbaycanlı tələbə və aspirantlar üçün əsl birləşdirici mədəniyyət mərkəzi idi. Hə­min dövr, xüsusən də Azərbaycan KP MK-nın ovaxtkı 1-ci katibi, ümummilli lider Heydər Əliyevin 1973-cü ildə Moskvada Azərbaycanın daimi nümayəndəliyində tələbə və aspirantlarla olan ilk görüşün­dən sonra mədəniyyətimizin ən məhsuldar nümayişi dövrü idi. Buna biz yaradıcı zi­yalılarımız – B.Vahabzadə, N.Xəzri, Qa­bil, M.Araz, T.Salahov, T.Nərimanbəyov, F.Əmirov, X.Mirzəzadə, M.Maqomayev və başqaları ilə keçirdiyimiz maraqlı gö­rüşlərlə nail olmuşduq. Moskva Dövlət Universitetində əlamətdar tarixlərin qeyd olunmasını təşkil edən fəal tələbələr və as­pirantlardan ibarət qrup yaratmışdıq. Uni­versitetlərdə, məktəblərdə Azərbaycana, onun mədəniyyətinə, elminə həsr olunmuş gecələr keçirirdik. 

Sonralar Moska ətrafında elektronika mərkəzi olan Zelenoqradda işləyərkən, ictimai əsaslarla mədəniyyət üzrə metodik şuranın sədri kimi rus, sovet mədəniyyəti­nin müxtəlif sahələrinə aid mövzularla ya­naşı, Azərbaycan mədəniyyətinə həsr olun­muş tədbirlər keçirməyə nail olmuşdum. Zəmanəmizin görkəmli bəstəkarı Qara Qarayevin 60 illik yubiley gecəsində onun səhnədə nəhəng portretini, foyedə yaradı­cılığına həsr olunmuş sərgini, musiqi nü­munələrini, musiqisi ilə bağlı filmlərdən parçalar nümayiş etdirdik. Tədbirdən 1 gün əvvəl Q.Qarayevə Sosialist Əməyi Qəhrə­manı adı verilməsi qərarı isə gecədə onun haqqında söylənilən ən yüksək sözlərin təsdiqi idi. SSRI Rəssamlar İttifaqının 1-ci katibi, dünya şöhrətli rəssam Tahir Salaho­vun yaradıcılığına həsr olunmuş tədbir və onunla görüş Azərbaycan təsviri incəsənə­tinin qürurverici təntənəsinə çevrildi. 

– Ələddin müəllim, sizin xalqımızın iftixarı, dahi bəstəkar Üzeyir Hacıbəyli­nin şəxsiyyətinə və yaradıcılığına sonsuz sevginiz və ehtiramınız hamımıza mə­lumdur. Yəqin ki, bu cür tədbirlər sıra­sında Üzeyir bəyə həsr olunmuş tədbir də keçirmisiniz...

– Əlbəttə, Üzeyir bəy Hacıbəyli Azər­baycan musiqisində köklü dönüş yaratmış dahi bəstəkardır. O, XX əsrin əvvəllə­rinədək şifahi xalq musiqi sənəti şəklində mövcud olan Azərbaycan milli musiqisini Avropa bəstəkarlıq məktəbinin nailiyyət­ləri, forma və janrları ilə zənginləşdirərək musiqimizin bütün dünyada şöhrət qazan­masında əvəzsiz rol oynamışdır. Zənnim­cə, Üzeyir Hacıbəylinin musiqimizdə ən mühüm, taleyüklü xidməti onun möhtəşəm musiqi əsərləri yaratması ilə yanaşı, uzaq­görən dahi bəstəkar, alim, siyasi xadim kimi musiqimizin gələcək inkişaf pers­pektivlərini, estetik prinsiplərini müəyyən etməkdə, ilk növbədə, öz milli xalq mu­siqimizə, muğama və aşıq musiqisinə kök­lənməyi əsas tutmasındadır. Bəli, Üzeyir Hacıbəylinin yaradıcılığına həsr olunmuş və böyük uğurla baş tutmuş gecədə səs­lənən məlumatlar tədbirdə böyük canlan­ma yaratdı, dinləyicilər tərəfindən xüsusi marağa səbəb oldu. 

Ümumiyyətlə, Üzeyir bəy Sovet İtti­faqında yaxşı tanınan dahi bəstəkar idi. Onun hələ 1907-ci ildə yazdığı “Leyli və Məcnun” operasının təkcə ilk Azərbaycan operası deyil, həm də Şərqdə, o cümlədən bütün İslam aləmində ilk opera olması, SS­Rİ-nin ovaxtkı rəhbəri İosif Stalinin Üze­yir Hacıbəylinin musiqisini çox sevməsi, məşhur rus bəstəkarı, Leninqrad Konser­vatoriyasının rektoru Aleksandr Qlazu­novun “Arşın mal alan”ı Rusiyanın “ilk operettası” adlandırması barədə səslənən faktlar tədbirdə xüsusi maraq doğurmuşdu. 

Hollivudda erməni əsilli Maqalyanın eyniadlı film çəkdiyi və musiqinin müəl­lifinin isə özü olduğunu bildirilən məlu­mat isə dinləyicilərin ironiyalı gülüşünə səbəb olmuşdu. Bundan xəbər tutan Üze­yir Hacıbəyli etirazını “Arşın mal alan”ı çox sevən Stalinə ünvanlamışdı. Tezliklə bəstəkara Stalindən şəxsi teleqram gəlir: “Mən bizim, sovet, əsl “Arşın mal alan”ı çəkməyi təklif edirəm”. 1945-ci ildə Azər­baycanda eyniadlı film çəkildi və Stalin mükafatına layiq görüldü. 1938-ci ildə Moskvada keçirilən Azərbaycan mədəniy­yəti ongünlüyündə “Koroğlu” operasının Stalinin şəxsi göstərişi ilə Böyük Teatrda 3 dəfə tamaşaya qoyulması və Stalinin hər üç tamaşaya gəlməsi, onun “Koroğlu” ope­rasını “ən gözəl sovet operası” adlandırma­sı tədbirdə coşqu yaratdı. Üzeyir Hacıbəy­linin sovet bəstəkarları arasında ilk dəfə SSRİ Xalq artisti adına layiq görülməsi dinləyicilər tərəfindən rəğbətlə qarşılandı. Bütün bu faktlar, məlumatlar dinləyicilər tərəfindən Azərbaycan mədəniyyətinin, Azərbaycan musiqi incəsənətinin ən yük­sək səviyyəsi kimi qəbul edilirdi.

Moskva Dövlət Universitetində ke­çirilən digər tədbirlərdə də Azərbaycan­la bağlı maraqlı, qürurverici məlumatlar səslənərdi. Məsələn, Rəsul Həmzətovla görüşdə görkəmli şair Azərbaycan poe­ziyasını yüksək qiymətləndirdi və Səməd Vurğunu öz müəllimi adlandırdı. Onun fikrincə, “Səməd Vurğun vasitəsilə Azər­baycan bir baş ucaya qalxıb.” Azərbaycan musiqisi haqqında nə düşündüyünü so­ruşduqda, məşhur erməni bəstəkarı Aram Xaçaturyan Ü.Hacıbəylinin, Q.Qarayevin, F.Əmirovun və A.Məlikovun yaradıcılı­ğı haqqında çox yüksək sözlər deyərək, öz əsərlərində, xüsusən də “Qayane” və “Spartak” baletlərində Azərbaycan xalq mahnı və rəqslərindən geniş istifadə etdi­yini dilə gətirdi. Dedi ki, əslən naxçıvanlı olan anasının uşaqlıqda ona zümzümə etdi­yi, oxuduğu xalq mahnıları ömürlük onun beyninə həkk olunub. 

SSRİ-nin digər nüfuzlu mədəniyyət xadimlərindən Azərbaycan poeziyası və musiqisi barədə yüksək qiymətlər və eti­raflar eşitmək çox qürurverici idi. Uzun illər işlədiyim Moskva Dövlət Biznesi İdarəetmə Akademiyasında rəqs şousu müsabiqələrində tələbələrim Azərbaycan rəqsləri ilə nömrələr hazırlayardılar. Yeni il, 8 Mart və digər bayram axşamlarında professor-müəllim heyəti isə bu tədbirlərin kulminasiya zirvəsini– Azərbaycan rəqslə­rinin səslənməsini səbirsizliklə gözləyər­dilər. Bu anda məclis canlanar, xüsusi rəng alardı. 

– Qarabağın işğalı, itirilmiş torpaq­larımızın geri qaytarılması, Vətənimizin ərazi bütövlüyünün bərpa edilməsi ilə bağlı problemlərin həlli hər bir azər­baycanlını, o cümlədən xaricdə yaşayan soydaşlarımızı da səfərbər etmişdi. Hər kəs öz imkanı, bacarığı daxilində ümumi Qələbəyə öz töhfəsini verməyə çalışırdı.

– Keçən əsrin 80-ci illərinin sonların­dan başlayaraq, 30 il ərzində, xüsusən də 44 günlük Vətən müharibəsində biz də hər gün, hər an universitetlərin profes­sor-müəllim heyəti arasında, digər audi­toriyalarda aktiv fəaliyyət göstərir, Dağlıq Qarabağ problemi ilə bağlı həqiqətləri izah edir, onlara münaqişənin həqiqi səbəbləri­ni, yaranma və inkişaf mərhələlərini izah edirdik. Biz bu münaqişədə Rusiyanın mövqeyini, əzəli torpaqlarımızda başqa ölkələrdə yaşayan ermənilərin yerləşdiril­məsini, Azərbaycan türklərinin dəfələrlə Ermənistandan deportasiya olunmasını diqqətə çatdırdıq. 

44 günlük müharibədə qazandığımız parlaq Qələbənin tariximiz üçün misil­siz əhəmiyyəti artıq milli şüurumuzda əbədi həkk olunub. Bu gün hər birimiz Qələbəmiz, müzəffər ordumuz, onun Ali Baş Komandanı, dərin, strateji düşüncəli, uzaqgörən, dünya səviyyəli siyasətçinin, Prezidentimiz İlham Əliyevin müdrikliyi və əzmkarlığı sayəsində başımızı dik tu­taraq qürurla addımlamaqdan məmnunluq duyuruq! Allah bu Qələbə uğrunda canları­nı qurban vermiş şəhidlərimizə rəhmət elə­sin! Onların müqəddəs ruhu qarşısında baş əyirəm! Qərbi Azərbaycan İcmasının ya­radılması, onun gündəlik fəaliyyəti, Qərbi Azərbaycana qayıdış proqramının uğurla həyata keçirilməsi qədim torpaqlarımız olan Göyçə mahalına, Zəngəzura, İrəvana, Dərələyəzə möhtərəm Prezidentimizin ifa­də etdiyi kimi sülh yolu ilə qayıdacağımıza hər birimizin inamı böyükdür! 

– Moskvadakı diasporlarımızı bir­ləşdirməyə, milli-mədəni dəyərlərimizi qoruyub saxlamağa, tanıtdırmağa, inki­şaf etdirməyə məsuliyyət daşıyan Mos­kva Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyətinin fəaliyyəti haqqında nə deyə bilərsiniz?

– Təəssüflər olsun ki, son illər bu qu­rumun rəhbərliyinin fəaliyyətsizliyi, onun işinə biganə, laqeyd yanaşması nəticəsində təşkilat durğunluq dövrünü keçirirdi. Se­vindirici haldır ki, təşkilatın 2 il əvvəl de­mokratik yolla seçilmiş yeni rəhbərliyi qısa müddət ərzində fəallıqla, Moskvada yaşa­yan ziyalılarla geniş məsləhətlər keçirərək düşünülmüş proqram, fəaliyyət strategiya­sı əsasında, ayrı-ayrı elm, təhsil, mədəniy­yət ocaqlarında görülən tədbirlər vasitəsilə bu təşkilatın işinə yeni nəfəs verməyə, Azərbaycan diasporunun birliyinə, Rusiya ilə Azərbaycan arasında dövlətlərarası mü­nasibətlərin davamlılığını təşviq etməyə və real münasibətlərə kömək etməyə nail olmuşdur. Bu vacib işdə “Moskva Azər­baycanlılarının Milli-Mədəni Muxtariyyə­ti”nin rəhbəri, veteranlar və əlillər üçün bir çox nəcib işlər görmüş Bəxtiyar Həsənovun tükənməz enerjili rəhbər, təcrübəli sahib-kar, xeyriyyəçi iş adamı kimi göstərdiyi səylər təqdirəlayiqdir. 

Müsahibəni apardı:
Araz YAQUBOĞLU,
tədqiqatçı-jurnalist

Müsahibə