Abşeronun neftdən təmizlənmiş əraziləri abadlaşdırılır

post-img

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəf­lər Konfransının 29-cu sessiyasında – COP29-da bu gün beynəlxalq aləmi ciddi narahat edən bir sıra ekoloji problemlərin həlli yolları diqqət mərkəzində olacaq, konfrans iqlim dəyişikliyinə qarşı mühüm addımların atılacağı böyük qlobal forum kimi diqqət çəkəcək. Tədbir çərçivəsində torpağın çirklənməsinin qarşısının alınması məqsədilə müəyyən strategiyaların işlənib hazırlanması da müzakirə ediləcək. Bu barədə Azərbaycan Texniki Universitetinin kafedra müdiri, pro­fessor Fəxrəddin Yusubov söhbət zamanı dedi: 

– Ölkəmizin sənaye pоtensialının üçdə iki hissəsi, əhalisinin isə 40 faizi Abşe­ron yarımadasında yerləşdiyindən ərazi daha çоx antrоpоgen təsirə məruz qalıb. Burada neft yataqlarının düzgün istismar оlunmaması, ətraf mühitin mühafizəsi üzrə elementar tələblərə riayət edilməməsi landşaft sahələrinin çirklənməsinə səbəb оlub. Respublikanın kimya, energetika, metallurgiya, maşınqayırma, neft hasilatı və emalı müəssisələrinin böyük hissəsinin məhz bu zonada fəaliyyət göstərməsini də nəzərə alsaq, o zaman vəziyyətin gərginliyi barədə aydın təsəvvür yaranar. 

– Abşeronda neft çıxarılarkən çox vaxt ətraf mühitin qorunmasına diqqət yetirilməməsi barədə nə deyə bilərsiniz? 

– Yarımadada neftin sənaye üsulu ilə çıxarılmasından ötən 170 ildən çox bir dövrdə istehsal olunan neftin ümumi həc­mi 2 milyard 220 milyon tona yaxın olub. Hasilat prosesində bir çox hallarda ətraf mühitin qorunmasına əhəmiyyət verilmə­yib. XIX əsrin sonlarında və XX əsrin əv­vəllərində neftin çıxarılmasında, torpağın anbarlara yığılması və daşınmasında, eləcə də emalında primitiv texnologiyalardan istifadə edilməsi, keçmiş SSRİ dövründə isə neft istehsalının ətraf mühitin qorun­masından üstün tutulması Abşeronun neft­lə, neftli sularla çirklənməsinə səbəb olub. Torpaqlarla yanaşı, bir çox təbii göllər və gölməçələr də neft quyularının tullantı suları və qazma məhlulları ilə çirklənərək “ölü” vəziyyətə gətirilib. Quyuların ətra­fında torpaq bəndlərdən yaradılan neft an­barları kimi istifadə olunan sahələr isə neft və lay suları ilə doldurulub.

Neft, neft məhsulları və lay suları, də­rinlik-buruq süxurları və məhlulları Abşe­ron torpağını həm eninə, həm də dərinli­yinə görə müxtəlif dərəcədə çirkləndirib. Neftin əraziyə axıdıldığı sahələrdə torpa­ğın xassələrindən asılı olaraq neft yalnız üst səthdə qalıb, boş süxur və yumşaq yer­lərdə isə dərinliklərə qədər hopub. Beləlik­lə, əksər mədən ərazilərində mazutlaşmış gölməçələr yaranıb. 

Abşeron yarımadasında 20-22 min hektara yaxın ərazi neft və neft məhsulla­rı, məişət-sənaye, tikinti və s. tullantılarla çirklənib. Bunun da 10,1 min hektarı lay suları və neft axıdılmış sahələr, qalanı isə su hövzələridir. Bu ərazilərdə neftlə çirk­lənmiş torpaqlar hektarlarla sahəni əhatə edib. Onların çirklənmə dərəcəsi 1-2 fa­izdən 30-40 faizə qədər, dərinliyi isə 2-3 metr və daha çoxdur. Bu, mövcud yarım­səhra təbii şəraiti olan torpaqların bərpa imkanlarının sıfıra enməsindən xəbər verir. 

Bundan başqa, torpağın neft və neft məhsulları ilə çirklənməsi həmin ərazilər­də bütün ekosistemi sıradan çıxarıb, bu sahələrdə yaşayan canlıların biomüxtəliflik zəncirini zədələyib, bitki örtüyünə və canlı aləmə ciddi təsir göstərib, təbii biosenoz­ların bütün həlqələrinin ciddi dəyişməsinə, hətta bəzilərinin tamamilə transformasiya­sına gətirib çıxarıb. Nəticədə canlıların və bitkilərin sayı və növ tərkibi dəyişib. 

Torpağın münbitlik göstəriciləri, mexa­niki-fiziki, kimyəvi göstəriciləri, tənəffüsü, ondakı mikroorqanizmlərin sayı və müxtə­lifliyi pozulub. Belə halda həmin ərazilər­də əkindən istifadə etmək və aqrotexniki tədbirlər görmək mümkün olmadığı üçün neftlə çirklənmə ilə yanaşı, şoranlaşma da baş verib. 

Beləliklə, əhalinin torpaqlara ehtiyacı olduğu halda geniş ərazilər lay suları ilə ör­tülüb, tullantı poliqonlarına çevrilib. Hal­buki həmin torpaq sahələri istifadə üçün yararlı olsa idi, paytaxtın ərzaq məhsulları ilə təminatında önəmli rol oynaya bilərdi.

– Gələcəkdə daha ciddi problemlərlə qarşılaşmamaq üçün nə etmək lazım­dır? 

– Abşeron yarımadasında neft tullantı­ları və digər zərərli maddələrlə çirklənmiş torpaqların və göllərin bərpası məqsə­dilə “Azərbaycan Respublikasında eko­loji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Təd­birlər Planı”na uyğun olaraq 2006-cı ildən başlayaraq, bu torpaqların bərpası üzrə irimiqyaslı işlərin həyata keçirilməsinə başlanılıb. Əvvəlcə neftlə çirklənmiş əra­zilərdə torpağın təmizlənməsi tədbirlərinin seçilməsi üçün monitorinq aparılıb, tex­nogen-pozulma xüsusiyyətlərinə əsasən, çirklənmə dərəcələri təyin olunub. Buna uyğun da indiyədək 1060 hektar neftlə çirklənmiş ərazidə təmizləmə aparılıb. Həmin sahələrdə parklar, yaşıllıqlar salı­nıb.

Müsahibəni hazırladı:
Pünhan ƏFƏNDİYEV
XQ

Müsahibə