Gerçəkləşdirilən 3 layihə 1 milyon ton karbonlaşmanın qarşısını alacaq
Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti qlobal enerji bazarlarında özünün mövqelərini möhkəmləndirmək və fəaliyyətini şaxələndirmək əzmindədir. Belə ki, bir zamanlar neft və qaz şirkəti kimi tanınan, indi isə dekarbonizasiya yolunda inamla irəliləyən SOCAR enerji keçidi dövründə lider kimi mövqeyini möhkəmləndirməkdədir. Bütün bunlar, eyni zamanda, SOCAR-ın davamlı inkişafı məqsədilə müəyyənləşdirilən strateji hədəflər sırasındadır.
SOCAR son bir ildə “yaşıl” enerjiyə keçid istiqamətində bir sıra mühüm sazişlərə imza atıb. Həmin sənədlərdə ölkədə bir külək və iki günəş elektrik stansiyası layihələri öz ifadəsini tapıb. Beləliklə, ümumi gücü 1 GVt olan 3 stansiyanın təməlinin qoyulması respublikamızda “yaşıl” enerjinin gerçəkləşdirilməsi ilə əlaqədar növbəti addımlardan biri olmaqla bərabər, həm də COP29-un ev sahibi kimi “yaşıl” dünya naminə enerji keçidinə sadiqliyini göstərir.
Bu layihələrin icrası ilə illik 2,3 milyard kVt-saat elektrik enerjisinə qənaət olunacaq ki, bunun da nəticəsində 1 milyon ton karbon emissiyasının atılmasının qarşısı alınacaq. Beləliklə, təməli qoyulan 3 layihə ölkəmizin “yaşıl” gündəliyinin məqsədlərinə uyğun olmaqla davamlı inkişafın gerçəkləşməsinə töhfə verəcək.
SOCAR və bp şirkəti arasında birgə əməkdaşlıq nəticəsində hazırda Cəbrayıl rayonunda “Şəfəq” Günəş Enerji Stansiyası tikilir. Bundan əlavə, SOCAR və Səudiyyə Ərəbistanının “ACWA Power” şirkətləri arasında Azərbaycanda “yaşıl” gübrə istehsalına dair imzalanan əməkdaşlıq sazişi çərçivəsində layihə həyata keçirilir.
SOCAR ilə “China Energy International Group Co.Ltd” şirkəti arasında isə ölkə ərazisində bərpaolunan enerji layihələrinin inkişafını, tərəflər arasında təcrübə mübadilələrinin təşkilini, texniki və maliyyə cəhətdən potensial təşəbbüslərin reallaşdırılması üçün optimal yanaşmanı, eləcə də bu istiqamətdə digər məsələləri nəzərdə tutan birgə əməkdaşlığa dair saziş imzalanıb.
Qeyd olunanlarla yanaşı, SOCAR alternativ və bərpaolunan enerji layihələrinin genişləndirilməsi, “mavi” hidrogen, emissiyaların idarə edilməsi, geotermal enerji, emissiyaların azaldılması həllərinin işlənib hazırlanması üzrə ən yaxşı təcrübələrin əldə edilməsi məqsədilə Abu Dabi Milli Neft Şirkəti (ADNOC) və “Sirius” Beynəlxalq Holdinqi ilə də əməkdaşlıq sazişləri imzalayıb.
Azərbaycanın adıçəkilən milli neft şirkətinin bu kimi layihələri və strateji təşəbbüsləri ölkəmizin dayanıqlı inkişaf perspektivində mövqeyinin daha da möhkəmləndirilməsində əvəzsiz rol oynayacaq. Müəyyənləşdirilən strateji hədəflər SOCAR-ın ölkəmizin dinamik inkişafındakı önəmli rolunu daha möhkəmləndirəcək.
Beləliklə, qeyd olunan nəhəng layihələr, görülən işlər deməyə əsas verir ki, SOCAR qabaqcıl beynəlxalq enerji şirkətinə çevrilmək yolunda inamla addımlayır.