Qayıqdan qayığa tullanmaq təhlükəli biclikdir

post-img

Belarus liderinin bu ismarıcı erməni cəmiyyətində təlatüm yaradıb 

“Heç kim, o cümlədən Aleksandr Lukaşenko düşünməsin ki, o, Ermə­nistanla Nikol Paşinyanla danışdığı kimi danışa bilər”. Bunu Ermənistan milli assambleyasında “Mənim şərə­fim var” fraksiyasının rəhbəri Hayk Mamicanyan deyib. O, hesab edir ki, hayların xarakterik xüsusiyyətlərin­dən biri qürur olub və onu gec-tez “bərpa edəcəklər”. 

Bəs, iqtidar deputatını “cin atına mindirən” nədir ki, o, Belarus Prezidentinin ünvanına belə kəskin danışır? Oxuculara xatırladaq ki, Lukaşen­ko Ermənistan hakimiyyətinin yürütdüyü siyasəti tənqid edərək demişdi: “Ermənilər bizdən başqa kimə lazımdır? Heç kimə! İqtisadiyyatlarını in­kişaf etdirsinlər, ehtiyatlarına diqqət yetirsinlər. Bunu Fransa edəcək, yoxsa Makron? Sabah o ge­dəndə hamı Ermənistanı unudacaq”.

Əvvəlcə onu deyək ki, Aleksandr Lukaşenko­nun əlində rəsmi İrəvanı qınamağa kifayət qədər fakt və arqument var. Onun üç gün əvvəl “Ros­siya” telekanalına müsahibəsində səsləndirdiyi bu fikirlər heç də məntiqdən uzaq deyil. Belarus liderinin Ermənistana reallığı nəzərə alaraq bölgə ölkələri ilə münasibətləri inkişaf etdirməyi məs­ləhət görməsi isə konkret amillərlə əsaslandırıla bilər. Minsk bundan əvvəl də Ermənistanın “ba­şına ağıl qoymağa” təşəbbüs göstərmişdi. Aydın məsələdir ki, bu təşəbbüslər həm də Kremlin mövqeyindən irəli gəlir.

Doğrudan da, Lukaşenkonun sualı Pa­şinyan hakimiyətində əsəbilik yaratmalı deyil, əksinə, onu düşünməyə vadar etmə­lidir: Emmanuel Makron hakimiyyətdən gedəndən sonra İrəvan nə edəcək? Bəlkə də İrəvan üçün ən düzgün seçim indidən post-Makron dövrünə hazırlaşmağa başla­masıdır. 

Yelisey sarayı onun da fərqindədir ki, rəsmi Bakının yaratdığı yeni reallıqlar sayəsində Azərbaycanla Ermənistan sülhə çox yaxındır. Bakı və İrəvan arasında ləng də olsa davam edən ikitərəfli təmaslar sül­hə ümidləri xeyli artırıb. Makron koman­dasını daha çox məhz bu amil əndişələn­dirir. Axı, onlar sülhün kənar güclərin, o cümlədən Fransanın Cənubi Qafqaza mü­daxilə imkanlarını sıfıra endirəcəyini başa düşürlər. Bu səbəbdən Paris hər vasitəyə əl ataraq bölgədə “suyu bulandırmağa” cəhd­lər edir. Belə cəhdlərin realizə meydanı kimi isə İrəvandan qeyri heç kəsi görmür. A.Lukaşenko Fransanın adını çəkəndə, əs­lində, bunu nəzərdə tutur.

* * * 

Aleksandr Lukaşenkonun açıqlaması Ermənistan cəmiyyətində “bomba” effekti yaradıb və ona qarşı ən müxtəlif cəbhələr­dən hücumlar, aşağılamalar müşahidə olunmaqdadır. Xüsusilə, Belarus Prezi­dentinin ölkəsinin Rusiya ilə bir qayıqda olduqlarını, o qayıqdan düşənin boğulaca­ğını deməsi hay cəmiyyətində “təlatümə” səbəb olub və kəskin reaksiya doğurub. 

“Biz özümüzü heç nə vermədən yal­nız Rusiyadan nəsə qoparmaq istəyən bəzi başqa dövlətlər kimi aparmırıq”, – deyən Lukaşenko geridə qalmış Ermənistanı yan­lış siyasi xətt yürütməkdə günahlandıraraq Paşinyan hökumətini doğru yola çağırıb. Onun fikrincə, vəziyyət belə davam edə bilməz: “Gəlin birlikdə olaq. Kömək üçün Rusiyaya üz tutacağınız vaxt uzaqda deyil. Böhran baş verdikdə, Qazaxıstanda olduğu kimi, hamı kömək üçün Putinə müraciət edir. Biz, yəni KTMT ölkələri ora qüvvələr göndərib, iğtişaşları sakitləşdirməklə tez cavab verdik”.

“Lukaşenko niyə qonşu dövlətlərin Rusiyadan kömək istəyəcəyini düşünür? Məsələ həmin ölkələrin Rusiyadan iqti­sadi, təhlükəsizlik, enerji, ərzaq və sosial asılılığındadır. Əgər bir dövlət öz təh­lükəsizliyini Rusiyaya həvalə edirsə, on­dan kömək gözləməyi təbiidir. Son dörd ildə ermənilər, nəhayət, başa düşdülər ki, Rusiyadan yardım gözləyə bilməzlər, ək­sinə, Rusiyadan asılılıq ölümcül təhlükə­dir. Belarus Prezidenti bu cür danışmağa davam edə bilər, amma Ermənistanın və­zifəsi özünü rus müstəmləkəçiliyindən qurtulmaq olmalıdır. Əminəm ki, biz bu məsələdə tək deyilik...”. Bu fikirləri ermə­ni politoloq, bloger Robert Ananyan sosial şəbəkədə paylaşıb. 

Ermənistanın parlamentindəki Rusiya­meyilli müxalifət, təbii olaraq, Paşinyan komandasını Moskva ilə münasibətləri korladığına görə tənqid atəşinə tutur. Bu məqamı xüsusi vurğulayan hay bloger İrə­vanın Qərbdə və başqa yerlərdə özünün təhlükəsizliyi üçün yeni tərəfdaşlar tapma­ğa çalışdığını və hətta “uğur qazandığını” yazır.

* * * 

Siyasi konyukturaya və diplomatik etiketə görə, NATO-nun aparıcı ölkəsi sayılan ABŞ-nin Rusiya ilə eyni birlik və təşkilatda olan Ermənistanı silahlandırma­sı qeyri-mümkündür. Amma indi dünyada çox “qeyri-mümklünlərin” böyük güclə­rin əlində rahatlıqla mümkünə çevrilməsi problem deyil. Erməni politoloq Ananyan hesab edir ki, erməni xalqı öz gələcəyini Rusiya ilə görmədiyini artıq Qərbə sübut edib: “Parisin Ermənistanı silahlandırma­sının əsas səbəbi də budur. Fransa və ABŞ Ermənistana hərbi-texniki, hətta loqistik yardımlar etməklə, onun silahlı qüvvələ­rində islahatların yaxından iştirakçılarına çevriliblər. Bununla da onlar Rusiyanın yerini tutublar”. Ardınca hay bloger ma­raqlı statistikanı ortaya qoyur: “Bu gün Ermənistana silahların yalnız 5 faizi Ru­siyadan gəlir. 2020-ci ildə bu rəqəm 95 faizə bərabər idi. Öz ölkəsini Rusiyanın forpostuna çevirən Aleksandr Lukaşenko erməni xalqını tənqid edir. Mənə belə gəlir ki, Lukaşenko müəyyən mənada Ermənis­tanın Qərblə müstəqillik istəklərinə paxıl­lıq edir”. 

Bu zaman Ananyan sadə bir həqiqəti dilə gətirməyə çəkinir ki, 4 il əvvəl Er­mənistan və Belarus Rusiyadan asılılığa görə MDB-də lider ölkələr idi. Bəli, son illər Belarus Rusiya ilə daha da yaxınla­şaraq, ittifaq dövləti daxilində inteqrasiya səviyyəsini artırıb. Amma Ermənistan ötən müddətdə həm daxildən, həm də xaricdən parçalanmaya doğru gedir. İrəvan, guya, KTMT-dəki üzvlüyünü dondurmaqla üzü­nü Qərbə tutduğunu nümayiş etdirir. Bəs, onun illik ticarət dövriyyəsi milyardlarla dollar həcmində ölçülən Avrasiya İqtisadi İttifaqı ilə münasibətlərinin aqibəti necə olacaq? Təsadüfi deyil ki, bu yaxınlarda Rusiya Xarici İşlər Nazirliyinin MDB üzrə birinci departamentinin direktoru, ermə­ni əsilli Mixail Ağasandyan “RİA novos­ti”yə açıqlamasında Ermənistanın Aİİ-də iştirakının faydalı olduğunu, Moskvanın İrəvanın bu iqtisadi platformadan geri çə­kilməyəcəyinə ümid etdiyini bildirib. Əgər geri çəkilərsə, ABŞ və Aİ Ermənistana “sərmayələr” və “parlaq gələcəklə” bağlı vədlərini yerinə yetirəcəklərmi? Onların öz sözlərinin üstündə müvazinətlərini necə itirdiklərini, 5 aprel Brüssel görüşündə cız­dıqları məxfi “yol xəritəsinin” icra vəziy­yətini hamı gördü. 

* * *

“Aİİ İrəvan üçün sərfəlidir və bunun sayəsində Ermənistanda iqtisadi artım tempi təsiredici müsbət dinamika nüma­yiş etdirib ki, bununla da az adam öyünə bilər”, – deyən Ağasandyan qeyd edib ki, “Ermənistan Qərb ölkələrinin tələ­sinə düşüb”. “Ermənilər kimə lazımdır?” – sualına 2023-cü ilin noyabrında ATƏT Parlament Assambleyasının iclasında Er­mənistanın təhlükəsizlik şurasının katibi Armen Qriqoryan cavab verib. Onun sözlə­rinə görə, Ermənistan xarici və təhlükəsiz­lik siyasətini şaxələndirir və bu kontekst-də Qərb və Asiya ölkələri ilə tərəfdaşlığını yüksək qiymətləndirilir.

ABŞ, Fransa və Aİ ilə tərəfdaşlığın də­rinləşməsini Ermənistan dövlətçiliyinin və müstəqilliyinin qorunmasında bir nömrəli amil kimi görən Paşinyanın Qərbyönümlü komandası bu gün ciddi seçimlə üz-üzə­dir. Okeanın o tayındakı diasporun, lobbi qurumlarının dəstəyi ilə Ermənistan ABŞ ilə strateji tərəfdaşlıq qurmaq, dialoq sə­viyyəsini yüksəltmək barədə düşünərkən, şimaldan əsməyə başlayan və fırtınaya çevrilə biləcək küləkləri də nəzərə alma­ğa məhkumdur. Belə məlum olur ki, Er­mənistandakı “kollektiv müxalifət” MDB məkanında ölkələrinə qarşı formalaşmış bu münasibətin təqsirkarı kimi, əlbət­tə ki, Paşinyan iqtidarını görürlər. Onlar rəsmi İrəvanın Yelisey sarayından verilən direktivlərlə hərəkət etdiyini aşkar görür və yaxşı başa düşürlər. “5-ci kolon” üçün Ermənistana Rusiya, Belarus və İran daha yaxındır. Hayastanın hələ də bunlarla və digər dövlətlərlə eyni itifaqda (Aİİ), bir­likdə (MDB) və təşkilatda (KTMT) təmsil olunduğu faktdır. Yəni, Paşinyan istəsə də, istəməsə də, birlikdə üzdüyü qayığın sərni­şinidir və onların razılığı olmadan onu tərk etməyə çalışmaq ölümə bərabərdir. 

Amma digər reallığı da etiraf etmək lazımdır ki, bu gün siyasi, iqtisadi, təh­lükəsizlik baxımdan, Haystan xeyli dərə­cədə Qərbdəki “uzaq qohumlarından” asılı vəziyyətə düşüb. Dünənə qədər stullardan birini seçmək dilemması qarşısında qalan rəsmi İrəvan bu gün hansı qayıqda üzməyə qərar vermək əzabını yaşamaqdadır. Qa­yıqdan qayığa keçid eləmək isə təhlükəli tryukdur... 

İmran BƏDİRXANLI
XQ



Siyasət