Erməni XİN-in anti-Lavrov mövqeyinə sözardı
Məlum olduğu kimi, Rusiyanın Xarici işlər naziri Sergey Lavrov ölkəsinin “Birinci kanal”ına müsahibəsində Ermənistanı ittiham edib. Prezident Vladimir Putinin Bakı səfəri əsnasında Lavrovun rəsmi İrəvana yönəlik bəyanatı adi məsələ sayıla bilməz. Çünki səfərdən əvvəl Rusiyada rəsmi səviyyədə səslənmiş fikirlər onu deməyə əsas verirdi ki, Putin ölkəmizə həm də Moskvanın Azərbaycan – Ermənistan münasibətlərinin normallaşmasındakı rolunu artırmaq məramı ilə gəlib. Nəzərə alsaq ki, son dövrlər bu rol, demək olar, minimuma enmişdi, hazırda belə bir gündəliyin meydana çıxması Rusiyanın özünü xatırlatmaq istəyi kimi dəyərləndirilə bilər. Bu istəyə qarşı Ermənistandan mənfi reaksiya var. Yazımızda əsasən bu barədə söz açacağıq. Ancaq əvvəlcə Lavrovun konkret nə dediyinə diqqət yetirək.
Beləliklə, Rusiyanın XİN rəhbəri bildirib ki, Ermənistan regional kommunikasiyaların açılmasını sabotaj edir: “Biz sülh müqaviləsinin tezliklə bağlanması və kommunikasiyaların açılmasının tərəfdarıyıq. Təəssüf ki, Ermənistanın Sünik rayonundan keçən kommunikasiyalara gəldikdə, məhz Ermənistan rəhbərliyi baş nazir Nikol Paşinyanın imzaladığı razılaşmanı sabotaj edir. Belə bir mövqenin mənasının nədən ibarət olduğunu dərk etmək çətindir. Mən əminəm ki, üçtərəfli sənədlər çərçivəsində qoyulan özül tam həcmdə aktuallığını qoruyub saxlayır”.
Qeyd edək ki, son dövrlər Azərbaycan rəsmiləri tərəfindən verilmiş bəyanatlarda ölkəmizin Ermənistanla sülh gündəliyinin regional kommunikasiyaların açılması seqmentinin aradan qalxdığı vurğulanmışdı. Əslində, erməni tərəfi də bunu inkar etməmişdi. Ancaq rəsmi İrəvanın xaricdəki havadarlarının belə bir gedişata razı olmadıqları yaxşı məlumdur. O cümlədən, Bakının da regional kommunikasiyaların açılmasını istisna edən sülh gündəminə bir o qədər maraq göstərmədiyi faktdır. Sadəcə, durumdan asılı olan məqamlar var. Ermənistan məsələ ilə əlaqədar şərtlər qoyur, hansısa prinsiplər irəli sürür. Ölkəmiz üçün həmin şərt və prinsiplər qəbuledilməzdir. Yəni ki, regional kommunikasiyalar, heç bir halda, rəsmi İrəvanın uyğun bildiyi şəkildə açıla bilməz.
Faydalanması mümkündür, ancaq Ermənistanın mühüm qlobal magistrallar üzrə dominant mövqe tutmayacaq. Çünki belə halın yaşanması erməni avantürizmi üçün münbit perspektiv deməkdir. O avantürizm ki, otuz ildən artıq müddətdə onun ölkəmizə və xalqımıza hansı bəlalar yaşatdığını gördük. Yəni Azərbaycan regional komunikasiyalarsız sülh məntiqinə erməni tərəfinin vəziyyəti qəlizləşdirdiyinə görə üstünlük verir. Ancaq vurğuladığımız kimi, Qərbin ermənipərəst kəsimi başqa düşüncədədir. Bu kəsim hesab edir ki, Azərbaycan və Ermənistan arasındakı sülh sazişi Cənubi Qafqazın Rusiyadan asılılığını aradan qaldırmalı, habelə Moskvanın regiondan tamamilə sıxışdırılmasını təmin etməlidir. Barış mühitinin formalaşmasını geosiyasi rəqabət predmetinə çevirmək də elə budur.
Digər tərəfdən, nəqliyyat əlaqələrinin blokdan çıxarılması ilə bağlı “yol xəritəsi” var. Söhbət 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatdan gedir. Bəyanatda 44 günlük müharibənin rüsvayçı məğlub tərəfi kimi Ermənistan baş naziri Nikol Paşinyanın imzası yer alır. Erməni iqtidarı neçə müddətdir nəinki bu imzanı görməzdən gəlir, ümumən üçtərəfli bəyanatı tam şəkildə inkar edir. Sanki belə bir sənəd olmayıbmış. Bu, əsl sabotajdır.
Bəli, S.Lavrov sabotajın səbəbini bilməmiş deyil. Yəni o, özünün dediyi kimi, “belə bir mövqeyin mənasının nədən ibarət olduğunu” əslində, çox yaxşı dərk edir. Sadəcə, diplomatik dildə danışır. Prinsip etibarilə, hər şeyin tam aydın olduğunu diqqətə çatdırır, eyni zamanda, ölkəsinin başqa variantı qəbul etmədiyini vurğulayır. Ermənistan xarici işlər nazirliyinin mətbuat katibi Ani Badalyan tərəfindən səsləndirilmiş anti-Rusiya bəyanatında yer alan başqa variantdan isə söz açacağıq. Yeri gəlmişkən, Lavrova Ermənistan adından cavab verən A.Badalyandır.
Nə isə, mövzunu kiçik və zəruri haşiyə ilə davam etdirək. Məlum olduğu kimi, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladıqları 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın 9-cu bəndində göstərilir ki, “Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidmətinin orqanları həyata keçirir. Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək”.
Bəli, diqqətə çatdırdığımız 9-cu maddə məğlub dövlətin kapitulyasiya aktının bir hissəsidir. Sözügedən maddənin Ermənistan üçün zəmanət məntiqi ölkəni rüsvayçı kimi təqdim etməmək, aşağılamamaq üçün seçilib. “Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək” cümləsi isə mühüm məsələdir. Həmin yola Lavrov Zəngəzur yox, Sünik deyirsə, deməli, o, Ermənistana böyük jest ifadəsindədir. Bu, eyni zamanda, bölgənin rəsmi İrəvanın yurisdiksiyasında qalmasının təsdiqidir.
Onu da xatırladaq ki, Prezident İlham Əliyev müxtəlif çıxış və bəyanatlarında ölkəmizin Ermənistana qarşı hansısa ərazi iddiasının olmadığını dəfələrlə açıqlayıb. Hərçənd, dövlətimizin başçısının AZTV-yə 2021-ci ilin aprelində verdiyi müsahibədə belə bir prinsipial məqam da var: “Biz öz maraqlarımızı təmin etmək üçün lazımi addımları atmalıyıq. Zəngəzur dəhlizinin yaradılması bizim milli, tarixi və gələcək maraqlarımıza tam cavab verir. Biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də. İstəsə, daha asan həll edəcəyik, istəməsə də zorla həll edəcəyik. Necə ki, mən müharibədən əvvəl və müharibə dövründə demişdim ki, bizim torpağımızdan öz xoşunuzla rədd olun, yoxsa sizi zorla çıxaracağıq. Belə də oldu. Zəngəzur dəhlizinin taleyi də eyni olacaq”.
Əslində, Zəngəzur dəhlizi məntiqi çox sadədir: Azərbaycanın digər ərazilərini Naxçıvanla birləşdirən yolda heç bir gömrük və sərhəd nəzarəti olmasın. Ermənistan və havadarları bunu ölkənin ərazi bütövlüyünün və suverenliyinin pozulması kimi dəyərləndirirlər. Həm də ona görə belə dəyərləndirirlər ki, üçtərəfli bəyanatın 9-cu bəndində “Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidmətinin orqanları həyata keçirirlər” fikri yer alıb. Rəsmi İrəvan Qərbin təhriki ilə aktiv anti-Rusiya xətti həyata keçirir və bununla razılaşmır. Əlbəttə, erməni iqtidarının razılaşmadığı digər məqamlar da var və A.Badalyan Lavrova cavabında onlardan söz açır.
Ermənistanın XİN rəsmisi bildirir ki, Rusiya Xarici İşlər Nazirliyinin müxtəlif rəsmilərinin ölkəsi ilə bağlı həqiqətə uyğun olmayan, açıq-aşkar qərəzli, tez-tez hörmətsiz şərhləri davam edir. Onun sözlərinə görə, belə hallar yeni deyil və erməni tərəfi bu cür şərhlərə uzun müddətdir cavab vermirdi: “Rusiya XİN rəhbərinin dünənki bəyanatı nəinki açıq-aşkar təəssüf doğurur, həm də Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesində Rusiya Federasiyasının konstruktiv iştirakını şübhə altına alır”.
Qeyd edək ki, rəsmi İrəvan 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata qarşı zidd mövqeyini həmin sənədin imzalandığı ilk vaxtlardan ortaya qoyub. Ancaq bu mövqe heç vaxt birbaşa olaraq bəyanatdan imtina məntiqinə köklənməyib. Ermənistan rəhbərliyi sənədi saymazdan gəlməklə yanaşı, özünə lazım olanda onu ehkamlaşdırmaq yolunu tutub. Ancaq indi A.Badalyanın fikirləri onu deməyə əsas verir ki, rəsmi İrəvan üçün üçtərəfli bəyanat adlı nə isə ümumiyyətlə yoxdur.
Erməni XİN sözçüsü Lavrovun diqqətinə çatdırır ki, Rusiya vaxtilə vasitəçi rolunu üzərinə götürərək, üçtərəfli bəyanatı imzalayan və bunun əsasında özünün sülh-məramlı qüvvələrini regiona yerləşdirən ölkə oldu. Yəni, Moskva öz xeyrini güddü və Lavrov bunu görməzdən gələ bilməz. Ardınca isə o bildirir ki, Rusiyanın imzasının olmasına, nəzərdə tutulmuş proseslərdə ölkənin iştirakının və məsuliyyətinin müəyyənləşməsinə baxmayaraq, bu, sənədin dönməzliyinin təsdiqi deyil. Ən başlıcası isə A.Badalyan, öz aləmində, diplomatik davranaraq deyir ki, açıq sənədlərdən başqa Ermənistan heç bir başqa sazişin tərəfi deyil və deməli, onları sabotaj edə bilməz.
Görəsən, belə bir mövqeyin səslənməsi nə deməkdir? Cavab aydındır – rəsmi İrəvan tanımadığı, qəbul etmədiyi sənədi inkar etmir. Belə yanaşmanın məzələnməkdən başqa adı yoxdur. Ancaq A.Badalyan məzələnməklə bərabər, sərsəmləməyi də yaddan çıxarmır. Deyir ki, Ermənistan hökumətinin təqdim etdiyi “Dünyanın kəsişməsi” layihəsi artıq beynəlxalq aləmdə geniş rəğbət qazanıb və bir neçə dəfə Rusiya rəsmilərinə təqdim olunub. Layihə çərçivəsində regional kommunikasiyaların açılması istənilən vaxt baş verə bilər: “Biz Rusiya Xarici İşlər Nazirliyindəki həmkarlarımızı qərəzli bəyanatlarla onun həyata keçirilməsini sabotaj etməməyə və Cənubi Qafqazda sülhün əldə edilməsi səylərini pozmamağa çağırırıq”.
Erməni XİN rəsmisi “Dünyanın kəsişməsi” avantürasını ortaya atmaqla sərsəmləyirdisə, diqqətə çatdırdığımız sitatda yer alanlar aşkar həyasızlıqdır. Deməli, hazırda regionda sülhü pozan Rusiyadır (?). O zaman yalnız bir sual verək: görəsən, nəyə görə Badalyan və onun təmsil olunduğu komandada heç kəs Qarabağdakı rus hərbçiləri vaxtilə Ermənistandan bölgəyə silah-sursat, mina daşınmasına göz yumanda, Moskvanın sülhə zərər gətirdiyini açıqlamırdılar?..
Sonda daha bir məqamın üzərində dayanaq. A.Badalyan bildirir ki, Ermənistan sülh gündəliyinə sadiqliyini dəfələrlə təsdiqləyib, yenidən təsdiqləyir və gündəliyin uğurla həyata keçirilməsi üçün əlindən gələni edəcək. Real ifadə belə olmalıdır: rəsmi İrəvan sülhdən yayınmaq, Qərbin direktivlərini yerinə yetirmək, erməni avantürizmini saxlamaq naminə hər şeyi edir və belə görünür, bundan sonra da mövqeyində qalacaq. Məsələn, Ermənistan hökuməti xaricdəki havadarları ilə birlikdə ATƏT-in artıq keçmiş sayılan, faktiki fəaliyyəti olmayan, yalnız kağız üzərində qalan Minsk qrupu formatının bərpasına və sülh danışıqlarının həmin format çərçivəsində aparılmasına hazırlıqdan dəm vurur. Heç şübhəsiz, bu, indiyədək keçilmiş yolu heçə saymaq, Lavrovun təbirincə desək, sabotajdır. Çünki erməni iqtidarı yaxşı bilir ki, sülh gündəliyi baxımından müəyyənləşdirilmiş prinsiplər var. Hazırda rəsmi İrəvan xarici dəstəkçilərinə güvənərək, həmin prinsiplərə meydan oxuyur. İndiyədək Ermənistan rəhbərliyinin bu sayaq məsuliyyətsiz və prinsipsiz davranışlarının ölkə üçün hansı ağır nəticələr doğurduğu hər kəsə yaxşı məlumdur. Ölkənin hakim dairələri anlamalıdırlar ki, gedən qatarın çarxlarının arasına saman çöpü soxmaqla, onu dayandırmaq mümkünsüzdür. Yəni, obrazlı desək, Naxçıvana qatar gedəcək və erməni millətçiləri ötən əsrin 80-ci illərinin sonu – 90-cı illərinin əvvəllərindəki kimi, onu daşa basa bilməyəcəklər.
Ə.CAHANGİROĞLU
XQ