Azərbaycan–Türkiyə İş adamları Birliyi (ATİB) “Qlobal iqlim dəyişmələrinin biznes çağırışları” mövzusunda müzakirələr keçirib. Tədbir COP29 və “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “yaşıl” hədəflərin təşviqinə həsr olunub.
Qlobal istiləşmələrin hər il dünyanın bir çox bölgəsində müxtəlif təbii fəlakətlərə, o cümlədən yanğınlara səbəb olduğunu qeyd edən Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı bu fəlakətlərin Türkiyədən də yan keçmədiyindən, son illərdə ölkənin bir neçə bölgəsində genişmiqyaslı meşə yanğınlarının baş verdiyindən bəhs edib, iqlim dəyişmələrinin fəsadları ilə mübarizənin əhəmiyyətini vurğulayıb.
ATİB İdarə Heyəti sədrinin müavini Rəna Məmmədova isə çıxışında rəhbərlik etdiyi şirkətin enerji istehlakının və tullantıların azaldılması, ekoloji tarazlığı pozmayan istehsal proseslərinin tətbiqi və s. sahələrdə fəaliyyətindən danışıb.