Prezident İlham Əliyevin 5 iyun 2023-cü il tarixli sərəncamı ilə təsdiq edilən “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nda muxtar respublikanın “Yaşıl enerji” Konsepsiyasının hazırlanması, dövlət-özəl tərəfdaşlığı ilə alternativ, habelə bərpaolunan enerji mənbələrinin yaradılmasının davam etdirilməsi, yeni istilik elektrik stansiyasının tikintisi nəzərdə tutulub.
Muxtar respublikanın Dövlət Energetika Xidmətinin mətbuat xidmətindən XQ-yə bildirilib ki, Naxçıvanın “Yaşıl enerji” Konsepsiyasının hazırlanması məqsədilə məsləhətçi şirkətlərin cəlb edilməsi üçün Energetika Nazirliyi tərəfindən dövlət satınalması həyata keçirilib. Naxçıvan Muxtar Respublikası ərazisində “Yaşıl enerji” layihələrinin reallaşdırılması üçün Əmlak Məsələləri Dövlət Xidmətinin təklif etdiyi əkinə yararsız torpaq sahələri də müəyyənləşdirilib. Bununla da qədim diyarın, ümumilikdə, 7992 hektar əkinə yararsız sahələrində “Yaşıl enerji” layihələrinin reallaşdırılması nəzərdə tutulub.
Səbuhi HƏSƏNOV
XQ-nin bölgə müxbiri