Texasda tibb uzmanlığı qazanan soydaşımız

post-img

Dövlət müstəqilliyinin açdığı qapılar, yaratdığı imkanlar gənc soydaşlarımızın dünyanın Türkiyə, ABŞ, Almaniya, İtaliya, Böyük Britaniya, Kanada, Fransa, İspaniya, İsveç, İsveçrə, Niderland, Avstriya, Finlandiya, Belçika kimi ölkələrinin məşhur ali məktəblərində nüfuzlu ixtisaslar üzrə təhsil almalarını gerçəkləşdirib. Ötən illərdə minlərlə azərbaycanlı belə xarici universitetləri uğurla bitirib, ölkəmizə yüksək ixtisaslı, modern dünyagörüşlü mütəxəssislər kimi qayıdıb.

Bugünlərdə redaksiyamızın qonağı olan ABŞ-ın Ostin şəhərindəki Texas Universetində tibb uzmanlığı təhsili alan Gülçin İsayeva ilə söhbətdə bir daha əmin olduq ki, xaricdə ixtisas təhsili almaq əlavə xeyli çətinlik və zəhmət bahasına başa gəlsə də, ölkəmizin çağdaş dünyaya inteqrasiyası, qlobal tərəqqi ilə ayaqlaşması üçün bir o qədər önəmli və zəruridir.

Uşaqlıq illərindən həkimliyə marağı olan Gülçin orta məktəbi bitirəndən sonra xaricdə təhsil almaq üçün tələb edilən imtahanları uğurla verib dünyanın ən qabaqcıl ali məktəblərindən olan  Boston Universitetinin tələbəsi olur. Genetika və hüceyrə biologiyası ixtisasına yiyələnən  gənc bu məşhur universiteti fərqlənmə diplomu ilə qurtaran ilk azərbaycanlıdır. 

Amerikada həkimlik sənəti seçənlərə qoyulan çox ciddi sınaq və imtahanlardan sonra Gülçin təhsilini Los-Ancelesdəki Kaliforniya Universitetində davam etdirib. Hazırda Texas Universitetində uzmanlıq təhsili alan qızın davamlı uğurları Azərbaycan gəncliyinin dünyanın o qədər də böyük olmadığını sübut etməyə qadir olduğunun parlaq göstəricisidir.  Gülçin İsayevanın oxuduğu ali təhsil həm də ABŞ-nin ən böyük ştatı olan Texasın iri elmi-tədqiqat mərkəzidir. Belə bir elm-təhsil ocağında soydaşımızın da uzmanlıq ixtisası qazanması olduqca qürurvericidir. Elə bu qənaətlə də qonağımızdan soruşduq:

– Niyə daha yaxın Türkiyə, Almaniya, İtaliya ... yox, uzaq Amerika?

– Bu, əslində, məndən çox ailəmizlə bağlı oldu. Müstəqilliyimiz bizim ailəyə də Amerikaya köçmək fürsəti yaratdı. Yaşadığımız Boston şəhərində universitet tələbəsi oldum.100-dən çox ölkədən gəlmiş tələbənin oxuduğu bu məktəb dünyanın da aparıcı ali təhsil ocaqlarından biridir.  Boston Universitetinin 285 mindən çox məzunu dünyanın bir çox ölkəsində prezident, baş nazir kimi ən mötəbər və rəhbər vəzifələrdə çalışır. Ali məktəbin müəllim-professorları arasında 3 Nobel mükafatı laureatı və ən məşhur mükafatlara layiq görülmüş alimlər yer alırlar. 

– Xaricdə təhsil almağın fərqliliyi, yaxud özəlliyi nədir? 

– Ən önəmlisi heç bir ayri-seçkilik yoxdur. Professor və müəllimlərin münasibətində tələbələrə fərqli yanaşma yoxdur. Amerikanın üstün təhsil siyasəti və modeli var. Bu sistem tələbələrin inkişafı üçün çox şey edir. 2 imkan isə daha önəmlidir: birincisi,  oxuduqlarını təcrübədən keçirmək, ikincisi, əhatəli və güvəncli dialoq mühiti. Müəllim və professorlarla, təcürbə rəhbərləri ilə açıq fikir mübadiləsi aparmaq olur. 

– Həkim ixtisası qazanmaq  o qədər də asan başa gəlmir –xüsusən də Amerikada. Necə oldu ki, səhiyyədə ən yüksək tələblər ölkəsində bu ixtisası seçdiniz?

– Atam hüquqşünas, anam isə bioloqdur, hər ikisi Bakı Dövlət Universitetinin məzunudur. Həkim olmağı uşaqlıqdan arzu edirdim, çətinliyini də  bilirdim. Bəli, Amerikada təbabətin tələbləri başqa ölkələrdən daha ağırdır. İlk olaraq insanlarla rəftarı öyrənməlisən, tibb təhsilinə başlamazdan könüllü kimi kimsəsiz uşaq və qocalar evlərində çalışmalı,  onlara qulluq etməlisən. Sınaqlardan çıxıb təhsilə davam edirsən. Mənim həkimliyə olan həvəsim bu çətinliyi dəf etməyə imkan verdi. Azərbaycanda yaşadığım və orta təhsil illərində həkimlik sənətinə olan hörməti dərindən hiss etməyim köməyimə gəldi. Yəni məqsədimdən dönmədim. Eyni zamanda, yaxşı həkimə ciddi ehtiyac olduğunu da yəqin etmişəm. 

– Bostondan Kaliforniyaya getməyiniz necə oldu?

– Bostondan sonra tibb təhsilimi davam etdirmək üçün Los-Ancelesdəki Kaliforniya Universitetinə qəbul olundum. Amerikada təhsil xeyli dərəcədə fərqlidir, yüksək tibb təhsil almaq üçün mərhələli bir yol keçməlisən. Mən ən yüksək balla (4 ballı sistemə görə 3,92) 4 illik bakalavr və magistr təhsilimi 2023-cü ildə başa vurdum. 

Onu da deyim ki, arada 2 il də işlədim. Kaliforniya Universitetinin tibb fakultəsində oxuduğum zaman 2-ci və 3-cü kurslardan sonra 2 dövlət imtahanı verdim. Bu imtahalar – ABŞ-də tibbi lisenziyalaşdırma imtahanı 1 və 2-ci dərəcəli tıbb doktoru kimi çalışmaq istəyən hər kəsin keçdiyi 3 mərhələli imtahandır. 3-cü mərhələ isə 2025 ilində olacaq. Bu imtahanlarda ən yüksək bal 275-dir. Mən 274 və 269 bal aldım. Bu uğurum mənə ümumi cərrahiyyə ixtisası üzrə rezidentura şansı verdi.

Kaliforniyadakı təhsidən sonra uzmanlıq ixtisası olaraq ümumi cərrahiyyəni seçdim və Texas Universitetini qazandım. Uzmanlıq təhsilimin birinci ilini başa vurmuşam, cərrahiyyə ixtisası üzrə rezidentura 5 ildir.

– Tələblər yüksək, bilik yüksək, bəs təhsil haqqı?

– Təhsil haqqları da yüksəkdir. Bir də Amerikada ən yüksək bal toplasan belə hüquq və tibb təhsilinin ödənişləri dövlət tərəfindən qarşılanmır. Məcbursan özün ödəyəsən. Amma yaradılan şərait imkan verir ki, hər bir tələbə təhsil haqqını özü ödəyə bilsin. Bunun üçün dövlət krediti var. 

– Bu imkandan bütün tələbələr istifadə edə bilirmi?

– Mən Amerika vətəndaşı olduğum üçün kredit almağım mümkün oldu. Bakalavr və magistr dövründə bir az çətin idi. İndi isə uzmanlıq oxuduğumdan işləyə də bilirəm və bu, maddi imkanlarımı xeyli artırıb. Təhsil illərində aldığım borcu işləyəndə qaytaracağam. Amma başqa bir üstünlük də var: 10 il dövlət tabeliyində olan müəssisədə çalışacaqsansa, götürdüyün borcu dövlət sənə bağışlayır və buraya 5 illik uzmanlıq təhsili də daxildir.

İndi mən uzmanlığın ilk pilləsində olduğumdan maaşım yüksək deyil, ancaq yemək-içmək, kirayə haqqı kimi cari xərcləri ödəməyə imkan verir. Amerikada həyat çox bahalıdır. Amma sonrakı mərhələdə verilən maaşlar yüksəkdir.

– Qayıdaq Vətənə – Amerikadan Bakı necə görünür?

– Bu sual ən yaralı yerimdir. Bakı üçün çox darıxıram. Böyüyüb başa çatdığın, dostlarının, qohumlarının və özünün də daha rahat olduğun bir diyara ülvi bir bağlılıq var bunun köklərində. Biz azərbaycanlılar digər millətlərdən fərqliyik, torpağa, Vətənə daha çox bağlıyıq. Azərbaycana qayıdıb Bakıda çalışmaq niyyətim də var. Xaricdə təhsil alan tələbələr həm də öz ölkələrinin səfiri də hesab oluna bilərlər. Onlar qərib diyarda öz vətənlərini və xalqlarını təmsil edirlər.

– Deyirlər, kənardan gələnlər dəyişiklikləri daha yaxşı görürlər...

– Doğrudur, mən də çox şeyin dəyişdiyini dərhal və əhatəli görüb-duydum. Son illərdə olan müsbət dəyişikliklər Azərbaycanda həyata yüksək əhval gətirib. Hər şeydən əvvəl, biz indi qalib ölkənin övladlarıyıq. Bu hər bir azərbaycanlıya qürür verən hadisədir. Elm, təhsil sahəsində uğurlar, xüsusən də səhiyyədə görülən işlər, xəstəxanaların yeniləşməsini, tibbi təchizatı görmək çox xoş oldu.

– Dost-tanışlara, həm də oxucularımıza nə demək istərsən?

– Azərbaycan dünyanın ən gözəl məkanıdır. Hərdən giley-güzarlar da eşidilir, ola bilsin ki, nədənsə narazı olanlar da  var. Amma uzaqlardan baxanda, bir də o “tərifli yerlərin” həyat tərzini görəndə Vətənə, xalqa, onun adət və ənənələrinə daha çox bağlanırsan. Bir vaxtlar xəritədə Azərbaycanın yerini bilməyənlər indi onun haqqında çox şey bilmək istəyirlər. İndi Azərbaycanı dünya tanıyır. Ətrafımızda olanların sualları bu maraqdan doğur. Müharibədən, tarixi qələbədən sonrakı informasiya bolluğu bu marağı daha da artırıb. Adamlar mədəniyyətimizdən, adət-ənənələrimizdən, sosial şəbəkələrdən aldıqları məlumatlardan məftunluqla söz açırlar. 

P.S. Yazını hazırlayarkən maraqlı bir faktla da üzləşdim: Gülçin İsayeva Türkiyənin Bilkənt Universitetinin professoru, fizika-riyaziyyat elmləri doktoru, Əmirulla Məmmədovun nəvəsidir. O, ABŞ-ın elm-təhsil mərkəzlərində mühazirələr oxuyub.  Əmirulla müəlim Yaponiyada və İtaliyada da çalışıb. Azərbaycan Respublikasının Dövlət Mükafatı  laureatı,  əməkdar elm xadimidir. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Dostluq” ordeni ilə təltif olunub. Türkiyə - Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun Qəyumlar Şurasının üzvü, bu ölkədə yaşayan Azərbaycanlı Elm Adamları Dərnəyinin rəhbəridir. Atalar yaxşı deyib: ot kökü üstə bitər.

Namiq QƏDİMOĞLU 
XQ

 

Müsahibə