Vətəndaş cəmiyyəti erkən nikahları hədəfə alıb

post-img

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Yeni həyat” Humanitar və Sosial Dayaq İctimai Birliyi uşaq evliliyi və onun fəsadlarından bəhs edən, eyni zamanda bu istiqamətdə yeniyetmə qızlar və onlarıın valideynləri arasında maarifləndirmə işinin təşkili ilə bağlı layihənin icrasını davam etdirir. İctimai birliyin sədri Nailə İsmayılova bu istiqamətdə  gördükləri işlərdən söz açdı:

– Həyata keçirdiyimiz layihə “Erkən nikahın fəsadları” adlanır. Bu mövzu bizim üçün yeni deyil. 7–8 ildir ki, erkən nikah, məişət zorakılığı, insan alveri, uşaq hüquqlarının qorunması ilə bağlı layihələr icra etmişik. Bunlar bir-birilə zəncirvari əlaqədə olan ailə münasibətlərinin gündəmdə olan, ağrılı məsələləridir. Erkən nikah deyəndə məişət zorakılığını, həm də, bu amillə bağlı insan alverini unutmamalıyıq. 

Son aylar erkən nikahla bağlı apardığımız maarifləndirici layihələrlə əlaqədar bölgələrdə oluruq. Sənədi 3 ay müddətində Saatlı, Sabirabad və Goranboy rayonlarında icra etməyimizin səbəbi var. Sosial Xidmətlər Agentliyinin verdiyi sosial sifarişi Sabirabadda Günərzi qayğı mərkəzində həyata keçirən zaman həmin rayonda və Saatlıda erkən nikah statistikasının yüksək olduğunu müşahidə etmişdik. Ona görə də məhz o rayonlarda tədbirlər keçirməyi nəzərdə tutmuşuq. Eyni zamanda, gerçəkləşdirəcəyimiz layihələrdə valideynlərin də iştirakını zəruri hesab edirik. Çünki ötən tədbirlərdə qızlardan çox valideynlərin maariflənməyə ehtiyacı olduğunu görmüşdük.

Qeyd edim ki, may ayından başlayaraq hər 3 rayonda erkən nikahlarla bağlı sorğu keçirmişik. 100 nəfərin iştirak etdiyi görüşlərdə sorğuları ikitərəfli apardıq. Erkən nikaha valideynlərin, eyni zamanda, qızların münasibətinin öyrənilməsini vacib bildik. Bununla bağlı fikirləri öyrəndikdən sonra anaların və qızların iştirakı ilə “dəyirmi masa”lar təşkil etdik. Yalnız bu yolla ailə ilə bağlı mövcud stereotipləri sındırmaq, maarifləndirmədə səmərəliliyə nail olmaq mümkündür. 

Layihənin məqsəd və vəzifələrindən irəli gələrək valideynlər və yeniyetmələr arasında sorğu anonimlik qorunaraq aparıldı. Bu zaman uşaq evliliyi və erkən nikahın fəsadlarının cəmiyyəti daha çox narahat etdiyi qeyd edildi. Problemin qarşısının alınması üçün vətəndaş cəmiyyətinin apardığı maarifləndirmə işlərinin daha faydalı olduğu vurğulandı.

Biz izah etdik ki, ailə qurarkən tərəflərin düzgün seçim etməməsi, erkən nikaha qərar verilməsi bu cür ailələrdə narahatlıq doğuran fəsadların yaranmasına, körpələrin sağlamlığında ciddi problemlərin üzə çıxmasına səbəb olur. Bir çox hallarda həmin ailələr dağılır. Belə düşünülməmiş evliliklərdən ən çox ziyan çəkən isə dünyaya gələn uşaqlar olur. Ailə məsuliyyətini düzgün dərk etməyən, azyaşlı ikən dünyaya uşaq gətirən qızlar sonradan çox ciddi problemlərlə üzləşir və bunun öhdəsindən gəlməyə çox vaxt gücləri çatmır. Təhsildən ayrılan, heç bir peşə-sənətə malik olmayan, hüquqlarını bilməyən qadınlar üzləşdikləri çətinlikləri aradan qaldıra bilmirlər. 

Müsahibimiz hazırda erkən nikaha girən, eləcə də rəsmi nikahı olmayan, ailəsi dağılan çox sayda qadın olduğunu bildirdi:

– Hətta həmin izdivacdan dünyaya gəlmiş övladlarına soyad ala bilməyən analar var. Heç bir sənətə sahib olmayan belə xanımlar sonradan maddi ehtiyaclarını təmin etməkdən məhrum olurlar. Bu da cəmiyyətdə sosial problemli insanların sayını artırır.  Yetkinlik yaşına çatmayanların erkən evliliyi və qohum nikahlarla bağlı ölkədə mövcud olan ciddi problemlərin qarşısının alınması məqsədilə artıq Ailə, eləcə də Cinayət və İnzibati Xətalar məcəllələrində dəyişiklik edilməsi haqqında qanun qəbul edilib. Bu bizim həyata keçirdiyimiz layihəyə birbaşa aid olduğuna görə, görüşlərdə bu məsələlərə yalnız maarifləndirmə yolu ilə yox, həm də qanunvericilik yolu ilə təsir ediləcəyini valideynlərə də, cəmiyyətə də izah etməliyik. 

Layihə avqust ayında seminarların təşkili ilə davam etsə də, maarifləndirmə işləri sosial media və sosial şəbəkələr vasitəsilə respublika ərazisini əhatə edir. Hədəf qrupu hər bölgədən 70 nəfər olmaqla 14–17 yaş arasında gənc qızlar və onların valdeynləri iştirak edəcəklər. Azərbaycan qanunvericiliyinə görə 18 yaş həddində olan oğlan və qız arasında bağlanan rəsmi nikah yeni qurulan ailənin təməlidir.  

Uşaqların Konstitusiya hüquqlarına görə, 18 yaşa qədər uşaq valideyn himayəsində olması şərt olduğundan, bu məsuliyyəti valideynlər daşıyır, məhz cavabdeh də onlardır. Elə bu səbəbdən də valideynlərin də hədəf qrupu kimi iştirakı təbiidir və onların daha çox maariflənməsinə ehtiyac var.

 Qızların erkən nikaha məcbur edilməsi onların təhsildən kənarda qalmalarına səbəb olduğundan bu işdə məktəbin də məsuliyyəti var. Belə ki, əgər qızların dərsə davamiyyəti azalırsa və ya ümumiyyətlə, məktəbə getməkdən məhrum qalırlarsa, məktəb rəhbərliyi və ya müəllimlərin bununla bağlı məsuliyyətini danmaq olmaz. Onlar həmin məsələ haqqında icra nümayəndəliklərinə, yaxud icra hakimiyyətlərinə, eyni zamanda hüquq-mühafizə orqanlarına məlumat verməlidirlər.

Nailə İsmayılova sonda aparılan maarifləndirmə işlərinin təsirinin daha geniş ictimaiyyəti əhatə etməsi məqsədilə layihə çərçivəsində sosial çarx hazırlandığını bildirdi. O qeyd etdi ki, videomaterial adıçəkilən rayonlarda avqust ayında keçiriləcək seminarlarda iştirakçılara nümayiş etdiriləcək, eyni zamanda, sosial şəbəkə vasitəsilə cəmiyyətə təqdim olunacaq. 

Zərifə BƏŞİRQIZI
XQ

 



Sosial həyat