“Azərbaycan dövlətinin bu uzaqgörən siyasəti bizi qürurlandırır”

post-img

Bu gün Qərbi Azərbaycana qayıdış tarixi zərurət kimi ortaya qoyulub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uzaqgörən və uğurlu siyasətinin nəticəsi kimi elan olunan “Qərbi Azərbaycana Qayıdış Konsepsiyası” vaxtilə indiki Ermənistan ərazisindən zorla qovulmuş, deportasiyaya məcbur edilmiş soydaşlarımızın öz ata-baba yurdlarına geri dönməsinin beynəlxalq hüquq çərçivəsində həllinə yeni yollar açır. 

Artıq ölkəmizdə bu istiqamətdə gö­rülən işlər qardaş Türkiyədə yaşayan Azər­baycanəsilli vətəndaşların da diqqətini bu məsələyə yönəldib. Elə bu yaxınlarda türkiyəli siyasətçi, sabiq millət vəkili Si­nan Oğanın əslən Qərbi Azərbaycandan olduğunu bildirməsini ictimaiyyət bö­yük maraqla qarşılayıb. Maraqlıdır, bu gün Türkiyənin Azərbaycan kökənli sakinlərinin ən çox yaşadığı İgdır (Qars da bura aiddir) bölgəsində Qərbi Azərbay­can həqiqətləri yaddaşlarda necə qorunur? Müsahiblərimiz İğdır–Azərbaycan Dil, Tarix və Mədəniyyət Birliyini Yaşatma və Dəstəkləmə Dərnəyinin sədri Ziya Zakir Acar, dərnək üzvləri – əslən Qərbi Azər­baycandan olan Fəxrəddin Budaq və Sə­lahəddin Gür Arasdır. Sualımızı ilk olaraq Ziya bəy cavablandırır.

Ziya Zakir Acar: 

– İğdır bölgəsində yaşayanların böyük əksəriyyətinin vaxtilə Qərbi Azərbaycan­dan zorla çıxarıldıqdan sonra burada yer­ləşməsi yaşadığımız tarixin bir hissəsidir. Mən ötən əsrin 80-ci illərində bu acı tarixi özündə əks etdirən “Görənlərin gözü ilə İğdırda erməni qətliamı” kitabını yazmaq üçün orada bu hadisənin şahidləri olmuş 1700-ə yaxın soydaşımızla görüşüb xa­tirələrini qələmə almışam. Bu söhbətlərin çoxunu videoçəkilişlə kasetlərə də köçür­müşəm. Bu insanlar elə şeylər danışırdı­lar ki, inanın, bunlardan minlərlə roman yazmaq mümkündür. Qərbi Azərbaycanda yaşamış həmin insanların Türkiyədəki və xaricdəki övladlarını, nəvələrini də axta­rıb tapdım. Onların çoxu bu haqda məlu­matlı idilər, hətta bir çoxunda müəyyən tarixi faktlar da var idi, sonradan mənə göndərdilər. Bu işlərlə bağlı İğdırdakı bütün kəndləri bir-bir gəzmişəm. Hətta bu kəndlərin çoxu Azərbaycan türkləri tərəfindən qurulub, qohumları, yaxınları ilə məskən salıblar. Sonra Qarsa, Amasiya­ya getdim, orada da qərbi azərbaycanlıla­rın yaşadıqları bir çox kəndləri gəzib, de­tallı olaraq onların xatirələrini toplamışam.

– Ziya bəy, siz özünüz Qərbi Azər­baycanın hansı mahalındansınız?

– Sərdarabad rayonunun – indi er­mənilər oranı Oktemberyan adlandırırlar – Canfida kəndindən köç etmişik. Bəzi mənbələrdə adı Canfəda kimi də keçir. Bizim kəndimiz Arazın sol sahilində yerlə­şir. Bu kənddə, əsasən, oğuzların reyhanlı tayfasından olanlar yaşamışlar. 1918-ci ildə bura köçərkən atam çox kiçik yaşlarda imiş. Amma babam Fətullah kişinin həmin kənddə ermənilərlə döyüşdüyünü, quyuya atıldığını, sonra oradan necə çıxıb bura gəldiklərini eşitmişəm. Mənim “İçimdəki sızı” kitabımda bunlar var. Turan Atasevər də bunları Qərbi Azərbaycanla bağlı araş­dırmalarında qələmə alıb. Turan Atasevər 4 yaşında olarkən, 1932-ci ildə ailəsi ermə­ni zülmündən qaçaraq İğdırın Kadıkışlak kəndinə gələnlərdəndir. Bu kənd onların orada yaşadıqları İydəli kəndi ilə üz-üzə­dir, arada, sadəcə, Araz çayı var. İydəli də bizim Canfidaya qonşu kənddir. Turan Atasevər sonralar Ankara Universitetinin məzunu olmuş, biz çox vəzifələrdə işlə­miş, hətta 1952-ci ildə “Araz” adlı jurnal da çıxarmışdır. 2023-cü ildə isə İzmirdə dünyasını dəyişmişdir. Yəni demək istədi­yim odur ki, Qərbi Azərbaycandan köçüb Türkiyənin bir çox bölgələrində yerləşmiş soydaşlarımız çoxdur.

– Ümumiyyətlə götürdükdə, bura köçənlərin ən çoxu hansı mahallardan gələnlərdir? 

Ziya Zakir Acar: 

– Ən çox Vedibasardan gələnlərdir. Amma Sərdarabaddan, Gərnibasardan, Qəmərlidən, Zəngibasardan belə gələnlər var. 

Səlahəddin Gür Aras: 

– Mənim ata-babalarım Qəmərlidən gəliblər, Şöllü (Çöllü) tayfasındanıq. Kəndimizin də adı Şöllü Mehmandar olub. Babamgil bura gələndə çox olublar. Qonşu Dəmirçi kəndindən də onlarla birgə xeyli sayda insan gəlib. Hazırda bizim tayfa­dan olanlar Akyüzlər, Güraraslar, Şöllər, Çöllülər soyadı ilə tanınırlar. Bizim soya­dımızın Gür Aras olması isə Arazın gur axmasını ehtiva edir. Hazırda nəslimizin davamçılarından İğdırda, İstanbulda, An­karada və digər yerlərdə yaşayanlar var. Bizim bura köçməyimiz də çox ağır şərtlər altında olub. Hərəsinin də bir dastanlıq acı hekayəsi var. 

Ziya Zakir Acar: 

– Bunu da əlavə edim ki, İrəvandan gəlib İgdır və kəndlərində yerləşənlər əsasən 1915–1918-ci illərdə, Vedibasardan köçənlər isə 1928–30-cu illərdə gələnlərdir. Onların çoxu İğdırın Daşburun kəndində yerləşib. Kərbalayı İsmayılın dönəmində bu kəndə gələnlər içərisində bir neçə tayfa olub. Mən özüm də 1985-ci ildə İrəvanda olmuşam. Babalarımın doğulub böyüdüyü, yaşadığı kəndi görmək istəyim məni apa­rıb ora. O zaman özümlə bir azərbaycanlı tərcüməçi də götürmüşdüm. Canfidanı ge­dib gördüm. Burada yaşayan ermənilərin birindən soruşdum ki, əvvəllər bu kənddə 5 məscid, 3 qəbirstanlıq olub, bəs hardadır bunlar? Bir yaşlı erməni dedi ki, həmin qəbirstanlıqların hamısını ekskavatorla dağıdıb üstündə iş yerləri tikiblər. Səbəbini soruşdum, dedi ona görə belə ediblər ki, gələcəkdə nə zamansa buranın türk yurdu olduğu bilinməsin. Bundan bir neçə il son­ra isə Qarabağ hadisələri başladı. 

Fəxrəddin Budaq: 

– Mənim atamgil köçəndə ilk olaraq İgdırın Quzügüdən kəndinə gəliblər. Amma dolanacaq çətin olduğundan, bir müddət qonşu Qasımcan kəndində yaşamalı olub­lar. Sonra yenidən Quzugüdənə qayıdıblar. Sonra bir çox hadisələr baş verib, Qüdrət bibim atam 13-14 yaşlarında olanda Doğu­bəyazidə ərə verilib, ancaq atamın bundan xəbəri olmayıb. Bunun çox acı bir tarixçə­si var. Sonra atam bibimi axtarmağa gedib, ancaq tapa bilməyib. Yolda, o zaman hö­kumətin qərarı ilə kimsəsiz uşaqları yığıb məktəblərə göndərən bir qrupun insanları ilə qarşılaşıb və onlar da atamı Ərzincana aparıb ibtidai təhsil verən bir məktəbə qo­yublar. Sonra atam ilk təhsilini alıb yeni­dən kəndə qayıdıb. Amma bacısını tapa bilməməsi onu çox üzüb və nəhayət 30 il sonra, təxminən 50-ci illərin əvvəlində Qüdrət bibimin Doğubəyaziddə yaşadığını öyrənib. Atam çətinliklə də olsa, gedib onu tapıb, bir neçə gün də orada qalaraq geri qayıdıb. Sonrakı illərdə atam da, bibim də rəhmətə gedib. Bibimin nəvələrindən indi orada yaşayanlar var, əlaqəmiz davam edir. 

Səlahəddin Gür Aras: 

– Zaman keçdikcə kəndimizin bir çox insanları Türkiyənin müxtəlif yerlərinə yayılıblar. Bunun da bir səbəbi kəndlər­də yaşayışın çətin olması idi. Gənc nəsil böyüdükcə kimisi təhsil, kimisi iş dalınca digər böyük şəhərlərə üz tutub, sonra da çoxu geri qayıtmayıb. Beləliklə, bir za­manlar Qərbi Azərbaycandan buralara gəlib yerləşmiş insanların bir çoxu digər bölgələrə də köçüb. 

– Ziya bəy, bu yaxınlarda Qarsda Qərbi Azərbaycana qayıdışla bağlı fo­rumda siz də iştirak etmisiniz. Forum necə keçdi, hansı məsələlər müzakirə olundu?

Ziya Zakir Acar: 

– Bəli, bu forum Türkiyə–Azərbay­can Dərnəkləri Federasiyası, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi və Qars bələdiyyəsinin birgə təş­kilatçılığı ilə keçirildi. Forumda bir çox məsələlərə toxunuldu. Xüsusilə, ermə­nilərin 1918–1920-ci illər arasında Şərqi Anadoluda törətdikləri cinayətlərdən bəhs olundu. Düşünürəm ki, bu kimi tədbirlə­rin həm Türkiyədə, həm Azərbaycanda keçirilməsi, Qərbi Azərbaycanla bağlı məsələlərin müzakirə olunması çox böyük əhəmiyyət daşıyır. Həm tarixi öyrənmək, təbliğ etmək baxımından, həm də Azərbay­can türklərinin tarixi hüquqlarının bərpası baxımından önəmlidir.

Fəxrəddin Budaq: – Əlavə edim ki, Türkiyəyə qarşı saxta soyqırımı iddialarını gündəmə gətirən ermənilərin Azərbaycan türklərinə qarşı törətdikləri qırğınlar indiki Ermənistan adlanan Qərbi Azərbaycan əra­zilərində də olub. Tarixi mənbələrə görə, 300 minə yaxın Qərbi Azərbaycan türkü öz ata-baba ocaqlarından ayrı düşüb. Onların bir qismi də Qarsa və onun ətrafına gəlib yerləşmişdir. Yəni, əslində, azərbaycanlılar həm Qərbi Azərbaycanda, həm də buralar­da böyük qırğınlara məruz qalıblar. Həmin qaçhaqaç zamanı İran tərəfə də keçənlər çox olub, bir müddət sonra geri qayıdıblar. Bura qayıdanda da ev-eşiklərinin tamamilə dağılmış vəziyyətdə olduğunu görüblər. Bu haqda Ziya bəyin kitablarında çoxlu məlumatlar var. 

Ziya Zakir Acar: 

– Elə forumda səsləndirilən ortaq fikir­lərdən biri də bu oldu ki, bugünkü Ermə­nistan dövləti qərbi azərbaycanlıların bu hüquqlarının pozulmasına görə təzminat ödəməlidir. 

Səlahəddin Gür Aras: 

– Qərbi Azərbaycandan Türkiyəyə köçən elə bir ailə tapılmaz ki, o ailədə bu ağrı-acılardan bir iz qalmasın. Hər kəs yaxınlarını itirib, maddi-mənəvi ziyana uğrayıb. Biz bütün bunları ata-babaları­mızdan çox eşitmişik. Sağ olsunlar, Ziya Zakir Acar, Sərdar Ünsal və digər vətən­sevər aydınlarımızın sayəsində bütün bu hadisələr qələmə alınıb. 

– Qərbi Azərbaycana qayıdış böyük və çox əhatəli bir mövzudur, bu haqda nə qədər danışsaq da, bitib-tükənməz. Amma bu gün Azərbaycan dövləti, şəxsən cənab İlham Əliyev tərəfindən qarşıya qoyulmuş bu konsepsiyanın uğurlu təbliğində hər birimiz fəal rol oynamalıyıq. Son olaraq bununla bağlı fikirlərinizi öyrənmək istərdim.

Ziya Zakir Acar: 

– Həqiqətən də, 44 günlük Vətən mü­haribəsindən sonra qazandığımız Böyük Zəfər regionumuzda bir çox reallıqları dəyişdirdi. Cənab İlham Əliyevin bu qələ­bədən dərhal sonra “Qərbi Azərbaycana Qayıdış Konsepsiyası”nı elan etməsi 100 ildən artıq bir dövrdə saxta erməni iddia­ları ilə üz-üzə qalan, bu kirli siyasətin ağ­rı-acısını yaşamış yüzminlərlə qərbi azər­baycanlının hüquqlarının bərpası yönündə atılmış ən böyük addımdır. Buna görə də bu işdə həmrəy olmalı, tarixi ədalətin bər­pasına birgə çalışmalıyıq.

Səlahəddin Gür Aras: 

– Mən də Ziya bəyin fikri ilə tamamilə razıyam. Azərbaycan türkləri son 200 ildə tarixin ən böyük sınaqları ilə üz-üzə qalıb­lar, amma şükürlər olsun ki, türkün mərdli­yi, öz el-obasına sevgisi, dövlətçilik şüuru onu ayaqda saxlayıb. İnanıram ki, yaxın gələcəkdə türkün gücü ilə hər kəs hesabla­şacaq, bu gücün önündə gedən Türkiyə və Azərbaycan tarixi ədaləti də bərpa edəcək.

Fəxrəddin Budaq: 

– Bu gün Azərbaycan dövlətinin qərbi azərbaycanlılarla bağlı ortaya qoyduğu uzaqgörən siyasət bizi qürurlandırır. Həm də ona görə ki, biz bu siyasətin arxasında güclü Azərbaycan görürük, haqqın, ədalə­tin nəhayət ki, bərpasını görürük. Həmrəy­liyimiz nə qədər güclü olarsa, arzularımız da o qədər çin olar. 

Fikirləriniz üçün sağ olun, hər birinizə təşəkkür edirəm. 

S.HƏSƏNOV, 

Naxçıvan–İğdır–Naxçıvan

Müsahibə