Vaqif Sultanlının kitabı yayınlandı

post-img

Yazıçı-ədəbiyyatşünas Vaqif Sultanlının yaradıcılığı haqqında “Dənizlə sahil arasında” adlı kitabı “Turan evi” nəşriyyatında oxuculara təqdim olunub. 

Kitaba müəllifin həyat və yaradıcılıq yolundan bəhs edən müxtəlif səpkili araş­dırmalar – yubiley yazıları, esselər, ədəbi portretlər, məqalələr, xatirələr daxil edil­mişdir. Yazıçının doğumunun altmış beş illiyinə həsr olunmuş kitabın tərtibçisi və yayına hazırlayanı gənc yazar Fidan Vahid, redaktoru filologiya elmləri doktoru, pro­fessor Bədirxan Əhmədlidir.

“Dənizlə sahil arasında” kitabına Azər­baycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Misir, Böyük Britaniya, Koreya, Rusiya və başqa ölkələrin alimlərinin Vaqif Sultanlı haqqında yazıları yer almışdır. Bunların içərisində Azərbaycan müəlliflərindən Rais Rəsulzadənin “Mənalı ömür yolu”, Əli Şamilin “Vaqif Sultanlının həyatının bəzi anları”, Almaz Əliqızının “Zolaqlı yuva”nın sakinləri”, Cavanşir Yusiflinin “Küldən təpəcik olmaz”, Bədirxan Əh­mədlinin “Vaqif Sultanlı portretinin bəzi cizgiləri” və başqalarının yazıları diqqəti çəkir. 

Kitaba daxil edilmiş Əhməd Sami Elaydinin (Misir) “Keçmiş və gələcək ara­sında zaman metaforası”, Pərvanə Bayra­mın (Türkiyə) “Tarixə işıqtutan bir hekayə: “Kulikovo savaşı”, Burak Sarıcının (Tür­kiyə) “İnsan dənizi” romanı haqqında in­cələmə”, Alsu Kamaliyevanın (Tatarıstan) “Azərbaycan postmodern romanında fəlsə­fi bir arayış”, Salavat İshakovun (Rusiya) “Tarixçinin bir neçə sözü”, Min Can Kimin (Koreya) “Vaqif Sultanlının sönmüş ulduz­ları”, Bakıtgül Kuljanovanın (Qazaxıstan) “Yaxşılığın özgələşməsi yoxdur”, Xurşidə Qədirovanın (Özbəkistan) “Həyat və xə­yalların inikası”, Mixail Brannokun (Bö­yük Britaniya) “Tərs axın” kitabı ilə bağlı düşüncələr” və başqa yazılar müəllifin ya­radıcılığına yanaşma tərzinin fərqliliyi ilə maraq doğurur.

Kitabın mühüm özəlliklərindən biri məqalələrin yazıldığı dildə təqdim olun­masıdır.

Vaqif Sultanlı, həmçinin tərcümə ya­radıcılığı ilə də məşğul olmuş, Sergey Jitomirskinin “Surakuzlu alim” tarixi ro­manını, Rəşad Nuri Güntəkinin “Yarpaq tökümü” və “Dəyirman” romanlarını, Məhəmməd Əmin Rəsulzadənin “Pantu­ranizm haqqında” kitabını, habelə bir sıra dünya yazıçılarının hekayələrini dilimizə çevirmişdir. Müəllifin bədii və elmi əsər­ləri dünyanın bir sıra dillərinə çevrilmişdir. 

XQ

Mədəniyyət