Xəzərin sahilində möhtəşəm festival

post-img

Bakıda yenə də əfsanəvi festival ovqatı hökm sürür. Artıq bir neçə gündür ki, Xəzər dənizinin sahilində, açıq havada – “Sea Breeze” (“Dəniz mehi”) istirahət mərkəzində “Dream Fest – 2024” Beynəlxalq Musiqi Festivalı davam edir.

Tərcümədə arzu, xəyal mənası verən “Dream Fest”də səslənən musiqilərin tər­cüməçiyə ehtiyacı yoxdur. Bu, sözün əsl mənasında, dəniz mehinə qarışıb-qayna­yan nəğməli könül duyğularıdır. Musiqi bayramının təşkilatçısı və təşəbbüskarı – bəstəkar, müğənni, Azərbaycanın Xalq artisti Emin Ağalarov əvvəlcədən bildir­mişdi ki, “Dream Fest” Xəzərin sahilində keçirilən əfsanəvi musiqi təqdimatları­nın ab-havasını saxlamaqla yanaşı, ifaçı ölkələrin coğrafiyasını qlobal miqyasda genişləndirəcək.

Budur, festivalda əksəriyyəti postso­vet məkanından, eləcə də Türkiyə, Bö­yük Britaniya, Kanada və digər ölkələr­dən Bakıya qonaq gəlmiş 100-dən çox musiqiçinin çıxışı böyük maraqla iz­lənilir. Onların arasında Rusiyada fəa­liyyət göstərən azərbaycanlı müğənni Jony (Cahid Hüseynli), həmçinin Xalq artistləri Aygün Kazımova, Emin, isveç­li müğənni Bosson, rusiyalı sənətçi Ani Lorak, Azərbaycan əsilli Qazaxıstan mü­ğənnisi Jah Khalib (Bəxtiyar Hüseynov), Mot (Matvey Melnikov) və başqaları var. MDB ölkələri arasında “Ən yaxşı remiks” nominasiyası üzrə “Qremmi” mükafatını alan ilk musiqiçi qazax İman­bek Zeikenov (DJ İmanbek) da “Dream Fest”in iştirakçısıdır.

Artıq neçə gündür ki, “Sea Breeze” is­tirahət mərkəzində bir neçə nəsil musiqi­çilər populyar mahnılarla, hitlərlə mavi Xəzəri salamlayırlar. Festivalda səhnə alan hər bir ifaçı seyrçilərə zövq verməyə, bura­da keçirilən hər anı mənalı etməyə çalışır. Festivalda belə bir qeyri-rəsmi şüar da ya­ranıb və dillərdə gəzir: “Musiqidə ən yaxşı nə varsa, ənənəvi olaraq yayda Xəzər sahi­lində yaranır”. 

Festival gözəlliklərindən zövq alan seyrçilərin təəssüratları ilə də maraqlandıq. Onlardan biri – qardaş Türkiyədən növbə­ti dəfə Bakıya istirahətə gəlmiş İbrahim Arslanoğlu suala həvəslə cavab verərək bildirdi: 

– Bura, həqiqətən də, Avropa səviyyəli infrastruktura malik dənizkənarı premi­um istirahət kompleksidir. Əvvəllər də bu ecazkar məkan belə gözəl performansların meydanı olub. İndi yenə də parlaq musiqi hadisəsinin şahidiyik.

Sumqayıtlı Turan Məmmədov isə dedi:

– Bu gözəl məkan Mayami, Antalya, Dubay kimi mədəni istirahət üçün əvəz­siz yer olmaqla bərabər, Azərbaycanın qeyri-neft sektorunun inkişafını göstərən çoxsaylı ünvanlardan biridir. Bir vaxtlar baxımsız olan Nardaran tərəflərdə bu qız­mar günlərdə belə bir yerdə dincəlmək və dünya musiqi ulduzlarının ifalarına şahid olmaq adama unudulmaz təsir bağışlayır. Təşkilatçılara minnətdarıq!

Qeyd edək ki, televiziya tamaşaçıları­nın da ekran versiyasına baxaraq özlərini tədbirin birbaşa iştirakçıları kimi hiss edə bildikləri “Dream Fest” bu gün axşam ye­kunlaşacaq və canlı musiqi həvəskarları üçün şirin xatirəyə dönəcək.

Ə.DOSTƏLİ
XQ

Mədəniyyət