Xalq artisti Firudin Səfərovun xatirəsinə
Əlişir Nəvai adına Özbəkistan Dövlət Opera və Balet Teatrının baş rejissoru Azərbaycanın və Özbəkistanın Xalq artisti, Dövlət mükafatı laureatı Firudin Səfərov iyulun 26-da 91 yaşında Daşkənddə vəfat edib.
Firudin Səttar oğlu Səfərov 1933-cü il avqustun 1-də Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Konservatoriyasında zərb alətləri üzrə təhsil alıb, 1953-cü ildən 1964-cü ilədək dahi dirijor maestro Niyazinin rəhbərlik etdiyi Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrində çalışıb. 1968-ci ildə N. A. Rimski-Korsakov adına Leninqrad Dövlət Konservatoriyasının musiqili teatr rejissorluğu fakültəsini bitirib.
Həmin il Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında quruluşçu rejissor kimi fəaliyyətə başlayan istedadlı rejissor qısa müddətdə yüksək yaradıcılıq imkanlarına, dərin səhnə duyumuna malik olduğunu göstərə bilib. F.Səfərov Bakı teatrında populyar milli və klassik opera tamaşalarına quruluş verib, teatr aləmində bacarıqlı rejissor kimi nüfuz qazanıb. Azərbaycanda çalışdığı müddətdə 40-a yaxın dövlət səviyyəli tədbirin hazırlanması Firudin Səfərova həvalə olunub.
Sovet dönəmində maraqlı işləri ilə bütün İttifaqda tanınan rejissor 1977-ci ildə Əlişir Nəvai adına Özbəkistan Dövlət Opera və Balet Teatrına dəvət alıb və burada çalışmağa başlayıb. Daşkənddə yaşadığı 47 il ərzində o, 60-a yaxın opera tamaşasına, o cümlədən P. İ. Çaykovskinin “Qaratoxmaq qadın”, “İolanta”, Q. Donisettinin “Sevgi şərbəti”, C. Verdinin “Traviata”, “Riqoletto”, “Trubadur”, C. Rossininin “Sevilya bərbəri”, S. Prokofyevin “Odlu mələk” və başqa əsərlərə maraqlı səhnə həyatı verib.
Firudin Səfərov Özbəkistanda keçirilən kütləvi bayramların bədii rəhbəri və quruluşçu rejissoru olub, yaradıcı adamlar sırasında Azərbaycanı ləyaqətlə təmsil edib. Qardaş ölkədə çalışdığı vaxtlarda Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında dahi Üzeyir Hacıbəylinin “Leyli və Məcnun”, “Koroğlu”, müasir türk bəstəkarı Nevit Kodallının “Van Qoq” və görkəmli Azərbaycan bəstəkarı Vasif Adıgözəlovun “Natəvan” operalarına quruluş verib.
Rejissorun Özbəkistanda peşəkar kadrların yetişdirilməsində də xidmətləri böyükdür. O, uzun illər Daşkənd Dövlət Konservatoriyasının opera hazırlığı fakültəsində bu istiqamətdə səmərəli iş aparıb. Bir çox gənc vokalçı ilk yaradıcılıq addımlarını məhz ustad rejissorun köməyi ilə atıb. Firudin Səfərov 2002-ci ildə Daşkənd Dövlət Konservatoriyasının professoru adına layiq görülüb.
F.Səfərov həmçinin Türkiyə, Rusiya, Belarus, Qazaxıstan və Qırğızıstan opera teatrlarında tamaşalar hazırlayıb.
Rejissorun 70, 80, 85 və 90 illik yubileyləri Daşkənddə yüksək səviyyədə qeyd olunub, ictimai və musiqi fəaliyyətindəki xidmətlərinə görə Firudin Səfərov Özbəkistanın “Əmək şöhrəti”, “Görkəmli xidmətlərə görə”, “Fədakar xidmətləri üçün” ordenləri ilə və medallarla təltif olunub.
O, dünya azərbaycanlılarının Bakıda keçirilmiş qurultaylarının iştirakçısı olub,
Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə diaspor quruculuğu sahəsindəki xidmətlərinə görə “Tərəqqi” medalına layiq görülüb.
Firudin Səfərov onu sevənlərin qəlbində əbədi yaşayacaq.
Allah rəhmət eləsin.
Qulu KƏNGƏRLİ,
XQ-nin xüsusi müxbiri
Daşkənd