Onlardan dördü qətlə yetirilmiş, dördü isə vəzifə başında vəfat etmişdir
Taleyin bizə verdiyi şansdır ki, heç zaman unutmayacağımız bir çox tarixi məqamlara şahidlik edirik. Elə məqamlardan biri ilə 2020-ci il oktyabrın 27- də rastlaşmışdıq. Həmin gün biz, şəxsən mən elə bildim ki, Xeyirlə Şərin min illər boyu davam edən mübarizə səhnəsinin bir dialoqunu eşidirdim. O gün Azərbaycan Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının “Fox News” televiziya kanalına onlayn müsahibə verirdi.
Jurnalist sırtıqcasına israr edirdi ki, İkinci Qarabağ müharibəsində Azərbaycan günahkardır:
“Cənab Prezident, hüquqi müstəvi və reallıqlar var. Dağlıq Qarabağda və regionda reallıq ondan ibarətdir ki, 1980 və 1990-cı illərin bütün keşməkeşli yollarından keçdikdən sonra indi ora prinsip etibarilə erməni əhalisindən ibarətdir. Əgər siz oraya daxil olsanız, yenə də erməniləri çıxarıb, azərbaycanlıları geri gətirməlisiniz və yenə məcburi köçkünlər olacaq. Masada diplomatik plan var, Dağlıq Qarabağın müstəqilliyinin saxlanılması, Ermənistanın Dağlıq Qarabağ ətrafında yeddi rayonun geri qaytarması. Siz diplomatiya yolunu nəzərdən keçirirsinizmi?”
Fikrimcə, bu, riyakarlıq, məkr və qərəz əlaməti deyil, iyrənc bir həyasızlıq idi. Utanmadan deyirdi ki, ölkənizin 20 faizini gəlmə quldurlara və terrorçulara verin. O da faktdır ki, həmin jurnalist özbaşına deyildi və Ağ evin tapşırıqlarını yerinə yetirirdi.
Bəs ABŞ-nin həmin təklifini gənc müstəqil Azərbaycan dövlətinin qüdrətli və müdrik lideri necə cavablandırdı? Belə: “Gedin, öz problemlərinizin həlli ilə məşğul olun”.
“Sülh planında təklif, bənd var ki, Dağlıq Qarabağın ətrafında yerləşən işğal olunmuş bütün ərazilərin, – bu o ərazilərdir ki, orada azərbaycanlılar yaşamışdır və 700 mindən çox azərbaycanlı bu ərazilərdən etnik təmizləməyə məruz qalmışdır, – Azərbaycana qaytarılması deyilir. Sizin haqqında danışdığınız reallıqlar, Ermənistanın təcavüzkar separatizmi və azərbaycanlıların etnik təmizlənməsi nəticəsində yaranmış reallıqlardır. Bütün azərbaycanlılar Dağlıq Qarabağdan qovulmuşdur, müharibədən əvvəl orada 40 min azərbaycanlı var idi, Dağlıq Qarabağ ətrafında olan yeddi rayondan bütün azərbaycanlılar – 700 min nəfər qovulmuşdur...” Yəni Qarabağdan çıxacaq ermənilərdən əvvəl oradan qovulmuş yerli sakinlərin probleminə diqqət yönəldin.
Bəs “ABŞ prezidentləri haqqında bildiklərimiz” adlı qeydlərimizə dövlət başçımızın adı çəkilən müsahibədə söylədiyi cümlələrlə başlamağımızın səbəbi nədir? Səbəb odur ki, cənab Prezident həmin gün ABŞ-nin vitse-prezidenti Donald Tramp (onun da gülləyə hədəf olduğunu hamı gördü) Cənubi Qafqaz siyasəti haqqında müsbət fikirlər səsləndirmişdi:
“Düşünürəm ki, Prezident Trampın münaqişənin həlli ilə bağlı gördüyü işlər beynəlxalq münasibətlərə tam uyğundur. Biz bununla bağlı onun mövqeyini, şəxsi fikirlərini tam dəstəkləyirik. Biz görürük ki, ABŞ-nin mövqeyi balanslaşdırılmışdır və bu, belə də olmalıdır. Çünki ABŞ vasitəçidir... Prezident Trampın açıq siyasəti burada – Azərbaycanda təkcə mənim tərəfimdən deyil, xalqımız tərəfindən də dəstəklənir”.
İndi isə Amerika Birləşmiş Ştatlarının prezidentləri haqqında bəzi məlumatlara nəzər salaq. ABŞ icraedici hakimiyyətinin başçısı kimi ehtiva edilən bu vəzifə 1787-ci ildə qəbul olunmuş ABŞ Konstitusiyası tərəfindən təsis edilib. İki il sonra Corc Vaşinqton ABŞ-nin ilk prezidenti seçilmişdi. Doğrudur, onun həmin vəzifəni tutmasından öncə də “prezident” vəzifəsi var idi. Ancaq həmin prezident “Kontinental Konqresin prezidenti” idi.
Corc Vaşinqton ardıcıl iki dəfə prezident seçilsə də, o, ölkənin birinci və ikinci prezidenti yox, məhz birinci prezidenti kimi tarixə düşüb. Üstəlik, o, seçicilərin 100 faizinin səsini qazanan ilk və yeganə ABŞ dövlət başçısı olub.
Qrover Klivlend isə fasilələrlə dövlət başçısı seçildiyinə görə ölkənin 22-ci və 24-cü prezidenti hesab olunur. 1933-cü ildən 1945-ci ilədək ( 12 il) bu vəzifəni tutan Franklin Ruzvelt 4 dəfə ABŞ Prezidenti seçilmiş dövlət başçısı postunda ən uzun müddət qalan şəxs sayılır. Maraqlıdır ki, bu ölkəyə cəmi iki ay rəhbərlik etmiş prezident də var idi. Belə ki, 1841-ci ilin mart–aprel aylarında Ağ evə rəhbərlik etmiş Uilyam Harrison xəstəlikdən vəfat etdiyinə görə ABŞ-a ən az müddətdə rəhbərlik etmiş şəxs kimi tarixə düşüb.
ABŞ prezidentləri haqqında olan maraqlı məlumatlardan biri də odur ki, bu ölkə prezidentlərinin səkkizi vəzifədə olarkən vəfat etmişdir. Onlardan dördü – Uilyam Harrison, Zakari Teylor, Uorren Hardinq və Franklin Ruzvelt) vəzifədə olduğu müddətdə vəfat etmişdir. Dördü isə qətlə yetirilmişdir. Belə ki, prezident Avraam Linkoln 1865-ci ildə teatrda – Konfederasiya tərəfdarı tərəfindən, Ceyms Qarfild 1881-ci ildə vağzalda ruhi xəstə tərəfindən, Uilyam Mak-Kinli 1901-ci ildə sərgidə anarxist tərəfindən və Con Kennedi 1963-cü ildə Li Harvi Osvald tərəfindən qətlə yetirilmişlər. Riçard Nikson isə ABŞ tarixində vəzifədən istefa vermiş ilk və yeganə prezidentdir.
İlk prezident Corc Vaşinqton seçicilərin 100 faizinin səsini qazanan lider kimi yadda qalsa da, Cerald Ford seçicilərin səsi ilə seçilməyən prezident kimi tarixə yazılıb. Belə ki, Riçard Nikson onu Spiro Aqnyunun istefasından sonra vitse-prezident təyin etmiş və təyinatı Konqresin hər iki palatası təsdiqlənmişdi. Niksonun istefasından sonra isə o, seçkisiz, səsverməsiz, avtomatik olaraq prezident kürsüsündə əyləşmişdi.
Başqa bir fakta nəzər salaq. İkinci və altıncı prezidentlər, habelə qırx birinci və qırx üçüncü prezidentlər ata və oğul olmuşlar, İyirmi altıncı və otuz ikinci prezidentlər isə bir-birinə uzaq qohum idilər. O da əlavə edilir ki, Martin van Buren ingilis müstəmləkələrinin deyil, müstəqil Ştatların ərazisində doğulmuş ilk prezident idi və həm də doğma dili ingiliscə olmayan yeganə prezident idi.
İctimai və ya siyasi məzmun kəsb etməyən başqa bir fakt isə ondan ibarətdir ki, vəzifə başında olduğu zaman öldürülən iki prezidenti Conson soyadlı vitse-prezidentlər əvəz ediblər. Barak Obama ilk afroamerika mənşəli prezident olmuşdur.
Sabiq prezidentlərdən dördü hazırda yaşayır. Bunlar Bill Klinton, Corc Uoker Buş, Barak Obama və Donald Trampdır.
Sonuncu iki prezidentə gəlincə isə Donald Tramp bu yaxınlarda gülləyə hədəf oldu. Cozef Baydenin isə ilk xanımı Nella Hanter və bir yaşındakı qızları Emi 18 dekabr 1972-ci ildə Hokessin şəhərində müəmmalı avtomobil qəzasında həlak olmuşdular.
Bütün bunlar ABŞ həqiqətləridir. O ABŞ ki, az qala dünyanın bütün ölkələrinə demokratiya dərsi verməyə çalışır və demək olar ki, dünyanın yarısında müharibə, münaqişə, terror, təxribat və ya rəngli inqilablara “nail olmuşdur”.
İttifaq MİRZƏBƏYLİ