Bu elm və təhsil ocağı Xankəndidən dünyaya açılan mənəvi pəncərədir
Azərbaycan Respublikası Prezidentinin 28 noyabr 2023-cü il tarixili sərəncamı ilə Qarabağ Universitetinin yaradılmasını təkcə həmin bölgədən olan keçmiş məcburi köçkünlər deyil, bütün xalqımız böyük sevinc və qürur hissi ilə qarşıladı. Bu sərəncam yeni dövrün reallıqlarının tələblərinə uyğun yüksək ixtisaslı, müasir dünyagörüşünə malik kadrların hazırlanması ilə yanaşı, Qarabağın ali təhsil ənənələrinin bərpasına və inkişafına da verilən böyük töhfədir.
Qarşıdan gələn 2024–25-ci tədris ilində ilk dəfə fəaliyyətə başlayacaq Qarabağ Universitetində həyata keçirilən hazırlıq işlərinin vəziyyəti, qarşıya qoyulan hədəflərlə bağlı sözügedən təhsil ocağının rektoru Şahin Bayramovla həmsöhbət olduq:
– Şahin müəllim, əvvəlcə sizi Qarabağ Universitetinin ilk rektoru təyin edilməyiniz münasibətilə təbrik edirik. Yeni tədris ilinə hazırlıq necə gedir?
– Təşəkkür edirəm. Qarabağ Zəfərinin baş sərkərdəsi, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Qarabağ Universitetinin yaradılması hər bir Azərbaycan vətəndaşında qürur, fəxarət yaradıb. Qarabağ Universiteti məhz Vətən müharibəsində və onun davamı olaraq lokal antiterror aksiyasında qələbələrimizin xalqımıza daha bir layiqli töhfəsi, suverenliyimizin tam bərpası ilə bağlı tarixi ədalətin önəmli təcəssümüdür. Bu universitet işğaldan azad olunmuş torpaqlarımızda fəaliyyətə başlayacaq ilk ali təhsil müəssisəsi kimi də tariximizə düşür.
Doğma Qarabağımızda əvvəl də ali təhsil ənənəsi olub, əzəli torpağımız olan Xankəndi şəhərində vaxtilə ali məktəb fəaliyyət göstərib. Bu mənada Qarabağ Universitetinin yaradılması bölgədə həmin ənənənin bərpa edilməsinə və təhsil ekosisteminin inkişafına dəstək göstərəcək tarixi bir qərardır. Çox qürurluyuq ki, bu prosesdə iştirak edən insanlar arasında formalaşmaqda olan kollektivimiz də var.
Hazırda Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi və birbaşa iştirakı ilə Qarabağ Universitetinin qurulması prosesi sürətlə həyata keçirilir. Yeni tədris ilinə hazırlaşırıq, 2024–25-ci tədris ilində ilk tələbələrimizi qarşılayacağıq. Bununla əlaqədar hazırda universitetin akademik və inzibati heyətinin seçilməsi prosesi həyata keçirilir, abituriyentlər arasında Qarabağ Universitetinin təbliğatı aparılır.
Paralel olaraq, universitetin infrastrukturu qurulur, auditoriya və laboratoriyaların, tələbələrimizin yaşayacağı mənzil tipli yataqxananın, həmçinin əməkdaşlarımız üçün nəzərdə tutulmuş mənzillərin təmiri istiqamətində işlər görülür. Bütün bunlar kompleks tədbirlər şəklində reallaşdırılır.
– Universitetin akademik heyətinin formalaşdırılması prosesi nə yerdədir və işə qəbul zamanı namizədlərdə hansı keyfiyyətlərə üstünlük verirsiniz?
– Hazırda müəllimlər müəyyənləşdirilir, dekanlar, kafedra müdirləri seçilir. Yəni universitetin akademik məzmununu formalaşdırırıq. Yeni fəaliyyətə başlayacaq universitetimizdə ilkin olaraq 6 fakültə fəaliyyət göstərəcək ki, bu fakültələrdə 27 ixtisas üzrə tələbə qəbulu həyata keçiriləcək. Bütün ixtisasların tədris proqramını müəyyənləşdiririk, tədris planları işlənib hazırlanır. Buna uyğun olaraq da tədris ediləcək fənlərə müvafiq professor-müəllim heyətinin seçimi aparılır. Bunun üçün Elm və Təhsil Nazirliyinin rəsmi saytı, həmçinin sosial şəbəkələr vasitəsilə elanlar verilir və seçim prosesi tam şəffaf şəkildə həyata keçirilir.
Seçim zamanı namizədlərdə üstünlük verdiyimiz kriteriyalara gəlincə, bunlar, təbii ki, ilk növbədə peşəkarlıqdır. Çünki ölkə başçısı tərəfindən qarşımıza ən müasir bir universitet qurulması tələbi qoyulub. Elə bir ali təhsil müəssisəsi yaratmalıyıq ki, növbəti mərhələdə Azərbaycanın inkişafını öz çiyinlərində daşıya biləcək yüksəkixtisaslı kadrlar hazırlasın.
Qarşımıza, eyni zamanda tədqiqat ağırlıqlı universitet olmaq missiyası qoyulub. Buna görə də məqsədimiz yaxşı təhsil almış, öz sahəsi üzrə peşəkar olan, müasir dünyagörüşlü və müasir gənclərlə işləyə biləcək akademik personal formalaşdırmaqdır. Professor-müəllim heyətindən digər gözləntilərimiz onların innovativ düşüncəyə malik olmaları, ən yeni tədris metodlarından istifadə bacarıqları, müasir tədqiqat alətlərindən yararlana bilmələridir.
– Yeni ali məktəbin tədqiqat xarakterli fəaliyyəti hansı sahələri əhatə edəcək?
– Təbii ki, ilk mərhələdə ağırlıq daha çox tədrisin üzərinə düşəcək. Ancaq ümumilikdə universitetimiz tədqiqat xarakterli ali təhsil müəssisəsi olacaq. Bunun mahiyyəti ondan ibarətdir ki, tədris verməklə, kadr hazırlamaqla bərabər elmi-tədqiqatlar da aparılmalıdır. Bu tədqiqatlar nəticəyönümlü olmalı, nəticələr dünyanın aparıcı elmi jurnallarında dərc edilməli, bugünkü cəmiyyətin inkişafına töhfə verməlidir.
Bütün bunlar bizə həm də təhsil verdiyimiz tələbələrimizdə tədqiqat bacarıqları formalaşdırmağa, onların innovativ düşüncə tərzinin inkişafına yardımçı olmağa, data ilə işləyə biləcək gənclər hazırlamağa kömək edəcək. Bu məqsədlə gələcəkdə universitetin nəzdində tədqiqat mərkəzlərinin yaradılması, beynəlxalq səviyyəli elmi konfransların keçirilməsi və digər işlərin görülməsi nəzərdə tutulub.
– Qarabağ Universiteti ilk addımında yeniliklər meydanına, yaxşı mənada, respublikamızın digər ali təhsil müəssisələrinin ciddi rəqibinə çevrilib. Sizcə, builki abituriyentlərin məhz Qarabağ Universitetinin tələbəsi olmaq arzusu hansı istəkdən və üstünlükdən qaynaqlanır?
– Əvvəldə qeyd etdiyim kimi, Qarabağ Universitetinin yaradılmasını bütün xalqımız sevinc hissi ilə qarşılayıb. Təbii ki, bu universitetdə oxumaq, Zəfər ünvanlı, “Qarabağ” adlı bir ali təhsil müəssisəsinin tələbəsi olmaq hər bir gənc üçün fəxarətverici olacaq. Tez-tez abituriyentlərlə görüşlər keçirir, onlarla kommunikasiyalar qururuq.
Bizi çox sevindirir ki, həm gənclərin özlərində, həm onların valideynlərində Qarabağ Universitetinə böyük maraq var, universitetimizdə təhsil almaq istəyənlərin sayı çoxdur. Bunun başqa bir neçə səbəbi də var. Əvvəla, bu il bizim universitetimizə qəbul olanlar Qarabağ Universitetinin ilk tələbəsi olmaq kimi fürsət əldə etmiş olacaqlar. Bu həm də o deməkdir ki, həmin gənclərimiz, eyni zamanda, universitetin ilk məzunu olmaq şansını da qazanırlar.
Dövlətimizin Qarabağ Universiteti ilə bağlı ortaya qoyduğu konseptin əsas hissəsi ondan ibarətdir ki, bu ali təhsil müəssisəsində təhsil alacaq tələbələr üçün çox gözəl imkanlar formalaşdırılır. İlk növbədə, universitetə qəbulun yalnız dövlət sifarişi əsasında həyata keçiriləcəyini qeyd etmək istəyirəm. Yəni təhsil ödənişsiz olacaq və bütün tələbələrimiz dövlət vəsaiti hesabına təhsil alacaqlar. Bu həm də onların təqaüd alması deməkdir.
Eyni zamanda tələbələrə universitetə qəbul olarkən topladıqları bala uyğun olaraq əlavə təqaüdlərin verilməsi nəzərdə tutulur. Hazırda əlavə təqaüdlərin məzmununun hazırlanması üzərində iş gedir. Bundan başqa, universitetimizdə çoxsaylı adlı təqaüdlərin təsis edilməsi də gözlənilir.
– Düşmən münaqişə dövründə Qarabağı xarabalığa, tənəzzül meydanına çevirib. İnfrastruktur tamamilə yenidən qurulur, çətinliklər xeyli davam edəcək.
– Universitetimizi seçən gənclərimiz əmin olsunlar ki, onları ən müasir ali təhsil müəssisəsində məzmunlu bir tələbə həyatı gözləyir. Dediyim kimi, təhsli ödənişsizdir, onlar ən yeni infrastruktura malik universitetdə təhsil alacaqlar, hər biri mənzil tipli yataqxanalarda dövlətimiz tərəfindən ödənişsiz əsaslarla yaşayış yeri ilə təmin ediləcəklər. Üstəlik, bu il Qarabağ Universitetinin tələbəsi adını qazanan hər bir kəsə ən müasir kompyuter avadanlığı – “notebook”lar hədiyyə olunacaq.
Tələbələrimizi akademik həyatdan başqa, çox maraqlı sosial həyat da gözləyir. Məqsədimiz odur ki, onlar universiteti öz doğma evləri hesab etsinlər, auditoriyadankənar həyatları rəngarəng olsun. Bunun üçün onlara layihələrə qoşulmaq, könüllülük fəaliyyəti ilə məşğul olmaq, müxtəlif tələbə qrupları formalaşdırmaq və öz yaş dövrünün maraqları çərçivəsində digər səmərəli işlər görmək imkanı yaradılacaq.
Bir şeyi də qeyd etmək istəyirəm ki, universitetimizdə beynəlxalq dil mərkəzi fəaliyyət göstərir. Bu mərkəzin yaradılmasının məqsədi bütün tələbələrimizdə yüksək səviyyəli xarici dil bacarıqlarının formalaşdırılmasına nail olmaqdır. Yeri gəlmişkən, personalın seçimi zamanı da bu amil xüsusi diqqətdə saxlanılır. Bu da bizə gələcəkdə ingilis dilində tədris prosesi həyata keçirmək, dünyanın aparıcı ali təhsil müəssisələrində dərs deyən soydaşlarımızın, azərbaycanəsilli, həmçinin xarici alimlərin, professorların mühazirələr oxumaq üçün Qarabağ Universitetinə cəlb edilməsi imkanı verəcək.
Tələbələrimiz də təhsil müddətində çoxsaylı xarici universitetlərlə əməkdaşlıq, beynəlxalq tədbirlərdə, forumlarda iştirak şansları qazanacaqlar. Bütün hallarda çalışdığımız odur ki, quracağımız müasir universitet doğma Qarabağımızın, doğma Azərbaycanımızın elə Qarabağdan dünyaya açılan pəncərəsi, yayılan səsi olsun!
– İlk tədris ilindən Qarabağ Universitetində SABAH qruplarnın da açılması sevindiricidir.
– Ölkəmizdə artıq 10 ildir fəaliyyət göstərən SABAH qrupları Elm və Təhsil Nazirliyinin ən uğurlu layihələrindən biridir, ali təhsilimiz üçün əlavə bir dəyər deməkdir. Bəli, abreviaturasının açması “savadlı, bacarıqlı, hazırlıqlı” olan SABAH qrupları bu il ilk dəfə fəaliyyətə başlayacaq universitetimizdə də yaradılacaq və buna görə nazirliyimizin rəhbərliyinə təşəkkür etmək istəyirəm.
Bildiyiniz kimi, sözügedən qruplarda təhsil ikinci kursdan etibarən həyata keçirilir. Odur ki, hazırda respublikamızın müxtəlif ali təhsil müəssisələrinin birinci kursunu bitirmiş tələbələrinin müaricətlərinə baxılır və seçim aparılır. Qəbul prosesindən uğurla keçən tələbələr müvafiq olaraq ixtisasları üzrə təhsillərini Qarabağ Universitetinin SABAH qruplarında davam etdirəcəklər.
– Qarabağ Universitetinin yaxın və uzaq as hədəfləri necə müəyyənləşdirilir?
– Yolun tam başlanığıcındayıq, amma qarşımızda çox ciddi, strateji hədəflər qoyulub. Qeyd etdiyim kimi, biz ən müasir bir universitet qurulucuğuna başlamışıq və müasir universitetin məzmununda nə olmalıdırsa, hamısı Qarabağ Universitetində də olacaq. Hazırda Azərbaycan reallıqlarını nəzərə almaqla və öz ehtiyaclarımıza uyğunlaşdırmaqla dünyada mövcud olan ən yeni ali təhsil modellərindən faydalanaraq fərqli bir universitet qurulması prosesi həyata keçirilir.
Arzumuz ondan ibarətdir ki, yeni dövrün gənclərini yeni dövrün şərtlərinə uyğun hazırlaya bilək. Məzunlarımız həm yüksək ixtisaslı kadrlar kimi yetişsinlər, həm də müasir dünyagörüşünə malik, davamlı inkişaf təfəkkürlü insanlar kimi, öz dövlətinə, Vətəninə bağlı vətəndaşlar kimi formalaşsınlar. Bu mənada qarşımızda kifayət qədər iddialı hədəflər var.
Dövlətimizin xüsusi diqqəti və qayğısı sayəsində, cəmiyyətimizin ciddi dəstəyindən faydalanmaqla və akademik, inzibati heyətimizin bütün səylərini səfərbər etməklə ali təhsilimizin ümumi mənzərəsinə yeni dəyər qatacaq, dünya səviyyəli universitetə çevrilmək hədəfinə çatacağımıza inanıram.
– Maraqlı müsahibə üçün təşəkkür edirik.
Mahir RƏSULOĞLU,
XQ-nin bölgə müxbiri
Xankəndi