İyulun 11-də İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) tərəfindən “Sənaye 4.0 Forumu - Gələcəyin sənayesi: Texnologiya və insan gücü” adlı beynəlxalq forum keçirilib.
Forumda aidiyyəti dövlət və beynəlxalq qurumların nümayəndələri və sahibkarlar iştirak ediblər.
Tədbirdə çıxış edən iqtisadiyyat naziri Mikayıl Cabbarov qlobal çağırışlar və yeni trendlər fonunda Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən inkişaf modelinin Azərbaycanın sosial-iqtisadi potensialını gücləndirdiyini, iqtisadiyyatımızın davamlı inkişaf etdiyini vurğulayıb.
Bildirilib ki, ölkəmizdə reallaşdırılan uğurlu sosial-iqtisadi inkişaf strategiyasının nəticələri beynəlxalq reytinq agentliklərinin son hesabatlarında da təsdiqini tapır. Azərbaycanın mövqelərinin yüksəlməsi iqtisadiyyatın şaxələnməsi və neft-qaz gəlirlərindən asılılığının azalması ilə bağlıdır. Bu isə öz növbəsində, bilik və bacarıq tutumlu sahələrin inkişafı üçün möhkəm baza yaradaraq, dördüncü sənaye inqilabının elementlərinin tətbiqini sürətləndirir.
Diqqətə çatdırılıb ki, süni intellekt, data idarəetməsi, robototexnika, əşyaların interneti və bulud texnologiyaları yalnız texniki yeniliklər deyil, həmçinin iqtisadiyyatların böyümə modelini tamamilə dəyişən amillərdir. Bu çağırışlar ölkəmiz üçün də aktualdır. Sənaye və texnologiya parklarının yaradılması, ölkənin sosial-iqtisadi strategiyasında rəqəmsal iqtisadiyyatın əsas fəaliyyət istiqamətlərindən biri kimi müəyyən edilməsi, 4SİM Azərbaycan Mərkəzinin açılması və rəqəmsallaşma təşəbbüsləri bu transformasiyanın bir hissəsidir.
4SİM-in icraçı direktoru Fariz Cəfərov təqdimatında sənaye transformasiyası üçün zəruri olan üçlü yanaşmadan - biznes, texnologiya və təşkilati transformasiyadan bəhs edib, “Sənaye 4.0 Hazırlıq Proqramı” barədə məlumat verib.
Tədbir çərçivəsində “Sənaye 4.0 Hazırlıq Proqramı”nın pilot mərhələsini uğurla başa vurmuş METAK şirkətinin təsisçisi Alik Kərimov, “Azerfloat” şirkətinin baş direktoru Emil Həsənov və STP şirkətlər qrupunun baş icraçı direktoru vəzifəsini icra edən Ələkbər Abbaslı çıxış edərək, proqramın müəssisələrin fəaliyyətinə və məhsuldarlığına müsbət təsirlərindən danışıblar. Beynəlxalq ekspert Andres Kadoska “Dünyada transformasiya təşəbbüsləri necə həyata keçirilir? Sənaye 4.0 Mərkəzləri və dəstək proqramları” mövzusunda təqdimatla çıxış edib. Beynəlxalq təcrübələr fonunda Azərbaycanda atılan addımların əhəmiyyəti vurğulanıb.
Forumda rəqəmsal iqtisadiyyatla bağlı qlobal trendlərə həsr edilmiş panel müzakirələri təşkil olunub. Beynəlxalq ekspert Cengiz Ulubaşın moderatorluğu ilə keçən paneldə “MEXT” Texnologiya Mərkəzinin rəhbəri Efe Erdem, “Honeywell” şirkətinin regional meneceri Oktay Başer, Qətər İnkişaf Bankının KOB-ların inkişafı üzrə icraçı direktoru Hamad Salem Mejegheer və SOCAR-ın Əməliyyat satınalması və təchizat departamentinin rəis müavini Elçin Musayev çıxış edərək regional təcrübələr, müasir texnologiyaların tətbiqinin yaratdığı iqtisadi təsirlər və əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparıblar.
Tədbirdə, həmçinin “NigArt” Rəsm Məktəbinin şagirdlərinin süni intellekt və robototexnika mövzusunda hazırladıqları əl işləri sərgilənib.
XQ