BP-nin milli mətbuatın 150 illiyinə töhfəsi

post-img

BP şirkəti Azərbaycanda həyata keçirdiyi sosial sərmayə fəaliyyətləri çərçivəsində daha bir mədəni irs layihəsinə dəstək verib. Şirkət XX əsrin əvvəllərində Azərbaycanın intellektual və ədəbi həyatının formalaşmasında mühüm rol oynamış nüfuzlu nəşr olan “Dirilik” jurnalının bütün saylarının transliterasiya edilmiş variantının, eləcə də “Neftimizin Avropaya uzun yolu” kitabının nəşrini maliyyələşdirib.

Təqdimat mərasimində BP-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli, Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov, Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid, akademik Nizami Cəfərov, Milli Məclisin üzvü Ceyhun Məmmədov, tanınmış siyasi və dövlət xadimi Həsən Həsənov, Milli İrsi Mədəni Tarixi Araşdırmalar Fondunun icraçı direktoru Pərviz Əmirov, Türkiyənin Azərbaycandakı səfirliyinin media müşaviri Alptekin Cihangir İşbilir “Dirilik” məcmuəsinin Azərbaycanda milli kimlik və maarifçilik ideyalarının daşıyıcısı kimi rolundan, “Neftimizin Avropaya uzun yolu” kitabının Azərbaycanın neft tarixinin öyrənilməsində əhəmiyyətindən danışıblar.

Bildirilib ki, “Dirilik” jurnalının orijinal mətnlərinin əski əlifbadan Azərbaycan dilinin müasir əlifbasına transliterasiya etməklə həmin dəyərli yazıların bugünün oxucularına, tədqiqatçılarına və gələcək nəsillərə əlçatan olmasını təmin etmək məqsədi daşıyır. Milli İrsi Mədəni Tarixi Araşdırmalar Fondu tərəfindən həyata keçirilən toplunun nəşr xərclərini qarşılamaq üçün BP tərəfindən 25 min manat (14 min 700 dollar) vəsait ayırıb.

Azərbaycanın tarixində neftin həlledici rolunu araşdıran yeni tədqiqat layihəsi çərçivəsində “Neftimizin Avropaya uzun yolu. Bu yolun bilinən və bilinməyən faktları, işıqlı və qaranlıq səhifələri” adlı əhatəli kitab isə BP-nin Azərbaycanın zəngin tarixi və mədəni irsinin, o cümlədən onun enerji sahəsindəki möhtəşəm mirasının tədqiqi və təbliğinə verdiyi davamlı dəstəyinin bir hissəsidir. Ümumi dəyəri 48 min 500 manat (təxminən 28 min 530 ABŞ dolları) təşkil edən layihə “Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyi tərəfindən həyata keçirilib. Kitabın müəllifi isə jurnalist Müsəllim Həsənovdur.

 

İqtisadiyyat