Pedaqoji elmlər doktoru, Bakı Dövlət Universitetinin professoru Mönsüm Alışovun “Təhsildə İKT (İnteraktiv proqram vasitələri və ondan istifadə yolları)” kitabı çapdan çıxıb.
Azərbaycan təhsil sistemində İKT-nin tətbiqi sahəsində tanınmış mütəxəssis olan Mönsüm Alışov təhsildə İKT-nin tətbiqi ilə bağlı bir sıra elmi əsərlərin müəllifidir. Hələ 2001-ci ildə “Kompüter texnikasının köməyi ilə şagirdlərin idrak fəaliyyətinin fəallaşdırılması” mövzusunda dissertasiya müdafiə edərək pedaqogika üzrə elmlər namizədi, 2014-cü idə isə daha aktual mövzuda tədqiqatlarına görə elmlər doktoru adına layiq görülüb.
Mönsüm Alışov 100-ə qədər elmi əsərin, o cümlədən 3 monoqrafiyanın, 25 dərslik və metodiki vəsaitin müəllifi və həmmüəllifidir. İnformatika və riyaziyyat fənlərinin tədrisinin yaxşılaşdırılmasına, kompüterin təlim prosesinə fəal tətbiqinə dair çoxsaylı publisistik əsərləri işıq üzü görüb, mötəbər konfranslarda təcrübə mübadilələri böyük maraq doğurub.
Alimin yeni, sanballı kitabı müasir tərəqqi dövründə informasiya-kommunikasiya texnologiyalarının (İKT) rolu və tətbiqi ilə bağlı elmi-praktik yanaşmaları əks etdirir. Əsərdə müəllimlərin və tələbələrin İKT biliklərinin artırılması, elektron təhsil resurslarının yaradılması və istifadəsi, həmçinin rəqəmsal bacarıqların inkişafı kimi aktual məsələlərə toxunulur.
Müəllif pedaqoji prosesə İKT-nin effektiv inteqrasiyası üçün konkret metod və yanaşmalar təqdim edir. Kitabda interaktiv proqramların tədris prosesində istifadəsi, onların pedaqoji məqsədlərə uyğun tətbiqi və bu vasitələrin təhsil keyfiyyətinə təsiri ətraflı şəkildə izah olunur. Kitaba ön sözündə akademik Məmməd Mehdiyev yazır ki, monoqrafiyanın üstün cəhəti təhsildə İKT-nin tədqiqinə, zamanın çağırışlarına uyğun iş prinsiplərinə və bütün fənlər üzrə xüsusi proqramlardan istifadə etməklə dərslərin təşkilinə həsr edilməsidir.
Nəşrin əsas məzmunu ondan ibarətdir ki, burada interaktiv proqramların təsnifatı və tətbiq sahələri özünün geniş əksini tapıb. Kitabda müxtəlif müasir proqram vasitələrinin növləri və onların tədris prosesində istifadəsi yolları geniş şəkildə təsvir edilir.
M.Alışov tədris prosesində tətbiq nümunələrində isə müəllif interaktiv proqramların dərs prosesində necə istifadə oluna biləcəyini sınaqdan çıxardığı konkret nümunələrlə göstərir. Elə onun təsisçisi olduğu “İdrak” liseyi kreativ təcrübələrin uğurla aparıldığı və gənclərdə ilk analoji təcrübələrin formalaşdırıldığı təhsil ocağıdır. Buranı bitirən məzunlar, bir qayda olaraq, çox yüksək balla ali məktəblərə daxil olur və modern təhsil texnologiyalarına asanlıqla yiyələnirlər.
Kitabda müəllimlərin və tələbələr üçün interaktiv proqramlardan səmərəli istifadə üzrə faydalı məsləhətlər və metodik göstərişlər də təqdim olunur.
Professor Mönsüm Alışovun yeni kitabı təhsil sahəsində çalışan mütəxəssislər, müəllimlər və tələbələr üçün dəyərli mənbədir. Vəsaitdə interaktiv proqramların (CROCODİLE (fizika, kimya və riyaziyyat) elektron laborator proqramlarından istifadə yolları da verilib. Həmçinin Yenka, Khan akademiya və s. tədris proqramlarından istifadə, elektron lövhələr, verilənlər bazasının idarəetmə sistemləri haqqında məlumatlar yer alıb. Bununla yanaşı, kitabda uzun müddətdən bəri “İdrak” liseyində tətbiq olunan “Media dərs” tədris üsulu haqqında izahat verilib. Bu kitabda olan materiallardan istifadə etməklə müəllimlər tədris prosesinin səmərəsini yüksəldə bilər və təhsilin inkişafına töhfə vermiş olarlar.
Əli NƏCƏFXANLI
XQ