İyulun 10-11-də Azərbaycanın xarici işlər nazirinin müavini Yalçın Rəfiyevin başçılıq etdiyi nümayəndə heyəti İtaliyanın paytaxtı Roma şəhərində Ukraynanın Bərpası Konfransında iştirak edib.
Sayca 4-cü olan builki konfransda 56 dövlət, 27 beynəlxalq təşkilat və maliyyə institutu, eləcə də 120 şirkət təmsil olunub.
Y.Rəfiyev çıxışı zamanı Azərbaycanın ilk günlərdən etibarən münaqişənin beynəlxalq hüququn norma və prinsipləri əsasında diplomatik yolla həllini, habelə Ukraynanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyi vurğulanıb. Azərbaycanın Ukraynaya humanitar yardım göndərən ilk ölkələrdən biri olduğu, bu çərçivədə dərman, qida, elektrik avadanlıqları və s. daxil olmaqla, humanitar, həmçinin bərpa və yenidən qurmaya dəstək məqsədli ümumilikdə 42 milyon ABŞ dolları dəyərində yardım göstərildiyi diqqətə çatdırılıb.
Nazir müavini ölkəmizin bundan sonra da ikitərəfli əsasda Ukraynaya humanitar dəstəyini davam etdirəcəyini nəzərə çatdırıb.
Y.Rəfiyev konfrans çərçivəsində Ukraynanın xarici işlər naziri Andriy Sıbiha, həmçinin İtaliya xarici işlər nazirinin müavini Edmondo Çirielli ilə görüşüb.
XQ