İyulun 11-də Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının, YAP Səbail rayon təşkilatının və “Türk Ağsaqqalları arasında Əlaqələrin İnkişafı” İctimai Birliyinin birgə təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin Azərbaycanda ilk dəfə siyasi hakimiyyətə gəlməsinin 56-cı ildönümünə həsr olunmuş “Tərəqqi yolunun başlanğıcı: müstəqil və qüdrətli Azərbaycan naminə” mövzusunda tədbir keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli liderin büstü önünə gül dəstələri düzüblər.
YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev tədbirdə çıxış edərək, ümummilli lider Heydər Əliyevin xalq və dövlət qarşısındakı xidmətlərindən danışıb.
YAP Veteranlar Şurasının sədri Arif Rəhimzadə bildirib ki, 1969-cu ildə Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə respublikada geniş islahatlar həyata keçirilib və Azərbaycan sənaye, kənd təsərrüfatı, təhsil, səhiyyə və neft sektorlarında sürətlə inkişaf edib. O diqqətə çatdırıb ki, Ulu öndərin təşəbbüsü ilə 1971-ci ildə Bakıda hərbi lisey yaradılıb və 1978-ci ildə Azərbaycan SSR Konstitusiyasına Azərbaycan dilinin rəsmi dövlət dili kimi daxil edilməsi milli dəyərlərin qorunmasında əhəmiyyətli olub.
Sonra “Türk Ağsaqqalları arasında Əlaqələrin İnkişafı” İctimai Birliyinin sədri Sudeyif İmamverdiyev, YAP Veteranlar Şurasının üzvləri Misir Mərdanov, Tahir Məmmədov və başqaları Ümummilli liderin Vətənimiz üçün fədakar fəaliyyətinin önəmindən ətraflı danışıblar.