Son elmi tapıntı Günəş sisteminin yaranması ilə bağlı onilliklərdir qəbul edilmiş bir hipotezanı sual altına alıb. Alimlərin fikrincə, daxili və xarici planetlərin yaranma zamanında böyük fərq olub. Lakin Afrikada – Mərakeş səhralarında tapılmış meteorit bu fərqin, əslində, mövcud olmadığını göstərib.
Alimlər uzun müddət hesab edirdilər ki, Merkuri, Venera, Yer və Mars kimi Günəşə yaxın planetlər daha tez – təqribən 4,566 milyard il əvvəl formalaşıb. Xarici bölgədə, Yupiter və Saturn kimi qaz nəhənglərinin yerləşdiyi zonada isə protoplanetlərin formalaşması 3-4 milyon il gec başlayıb. Bu fərqə səbəb kimi aşağı temperatur və daha çox su-buz tərkibli maddələrin olması göstərilirdi. Nəticədə, maddənin toplanması və nüvənin formalaşması ləngiyib.
Lakin britaniyalı astronom Ben Rayder-Stoksun 2018-ci ildə əldə etdiyi kiçik meteorit nümunəsi — Northwest Africa 12264 — bu təsəvvürü dəyişdi. Cəmi 50 qram çəkisi olan bu meteorit, izotop analizlərinə əsasən, Günəş sisteminin xarici zonasından gəlib. Onun tərkibi bir zamanlar bir protoplanetin mantiyasının bir hissəsi olduğunu sübut edir. Bu, alimlərin indiyədək rast gəlmədiyi unikal bir nümunədir, çünki xarici bölgədən olan "saf mantiya" materialı əvvəllər aşkar edilməmişdi.
Ən önəmlisi isə, meteoritin tərkibindəki qurğuşun izotoplarının yaşı təyin edilərkən onun 4,566 milyard il əvvəl formalaşdığı məlum olub. Bu isə o deməkdir ki, xarici zonadakı bəzi protoplanetlər də daxili zonadakı planetlərlə eyni vaxtda yaranıb. Beləliklə, əvvəlki “vaxt fərqi hipotezası” əsaslı şəkildə təkzib edilmiş olur.
Tədqiqatçılar bildirirlər ki, bu kəşf Günəş sisteminin ilk mərhələlərinin modelləşdirilməsinə yeni baxış tələb edir. Əgər planetlər eyni vaxtda yaranıblarsa, bu, bütün sistemdə formalaşma proseslərinin düşündüyümüzdən daha vahid və sinkron getdiyini göstərir. Bu fakt təkcə bizim sistemin deyil, digər ulduzların ətrafındakı planet sistemlərinin yaranma mexanizmini də yenidən nəzərdən keçirməyə əsas verir.
Elmi cəmiyyət üçün bu tapıntı, sadəcə, bir daş parçası deyil — o, kainatın yaranışına dair böyük suallara cavab verə biləcək bir açardır.
S.ELAY
XQ