Azərbaycanın sülh təşəbbüsünün beynəlxalq əks-sədası

post-img

Əbu-Dabu görüşü Bakının geosiyasi arxitektor rolunu dünyaya sərgilədi

2025-ci il iyulun 10-da Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu Dabidə baş tutmuş Ermənistan–Azərbaycan ikitərəfli görüşü regional geosiyasətin dinamikasında yeni səhifə açmaqla yanaşı, diplomatik təşəbbüskarlığın klassik nümunəsi kimi də diqqət çəkdi. Görüşün əsas xüsusiyyəti onun birbaşa tərəflərin siyasi iradəsi ilə və Bakının təşəbbüsü əsasında baş tutması oldu. Əbu Dabi isə bu prosesdə yalnız ev sahibi-məkan funksiyası yerinə yetirdi. Yəni üçüncü tərəfin diplomatik və ya siyasi vasitəçi kimi çıxış etməməsi görüşün beynəlxalq rezonansını daha da artırdı.

Görüşün formatı və məkanı üzərində Azərbaycanın tam təşəbbüskarlığı Bakının regional diplomatik konfiqurasiyada yeni funksional rola iddialı şəkildə daxil olduğunu göstərir. Rəsmi Bakının bu addımı Azərbaycanın proaktiv və qurucu aktor kimi çıxış etdiyinin sübutudur. Görüşün təşəbbüskarının Azərbaycan olması regionda güc mərkəzlərinin yeni paylanma trayektoriyasını da ortaya qoyur: Azərbaycan yalnız təhlükəsizlik və enerji oyunçusu deyil, eyni zamanda diplomatik dizayn və tənzimləmə səlahiyyəti qazanan dövlətə çevrilməkdədir.

Mövcud konfiqurasiya həm də regional liderlik uğrunda gedən geosiyasi yarışda Azərbaycanı ön plana çıxarır. Burada iki əsas məqam diqqətəlayiqdir: birincisi, mediator tərəflərin yoxluğu təşəbbüsün tam suveren diplomatik akt kimi dəyər qazanmasına səbəb olur; ikinci məqam isə, format və gündəmin Azərbaycanın daxili və xarici siyasi strategiyaları ilə uyğunluğudur.

Prosesi konstruktivist nəzəri yanaşmaya uyğun izah edək: Azərbaycan özünü regionda identitet formalaşdıran aktor kimi təqdim edir. Sözügedən addım həm də liberal diplomatiyanın (sülh təşəbbüskarlığı, dialoq, siyasi iradə üzərində qurulmuş model) klassik formasıdır. Burada diqqətçəkən əsas məsələ Azərbaycanın regional siyasi məkan daxilində konseptual xəritə dəyişikliklərinə rəhbərlik etməyə başlamasıdır. Görüş Azərbaycanın sülh doktrinasının vizualizasiyasıdır. Azərbaycanın “problemin bir hissəsi deyil, həllinin açarı” konsepsiyası klassik diplomatik diskursdan uzaqlaşıb, post-konflikt dizayn fəlsəfəsi yaradır ki, bu da diplomatiyanın, sadəcə, vasitə deyil, məqsəd və ideoloji mövqe olaraq formalaşmasına işarədir. Beləliklə, Bakı artıq regional sabitliyin simvolik təminatçısı rolunu öz üzərinə götürür.

Əbu Dabidə görüşünün mahiyyətində Azərbaycanla Ermənistan arasında illərdir dondurulmuş və hərbi-siyasi gərginliklə yüklənmiş münasibətlərin tam normallaşdırılması ideyası dayanırdı. Görüş konkret siyasi gündəmlə, real nəticəyə yönəlmiş yanaşmalarla müşayiət olundu. Artıq tərəflər sülhə praktik proses kimi baxırlar. Danışıqlar zamanı diqqət mərkəzində olan əsas məsələlərdən biri dövlət sərhədlərinin dəqiqləşdirilməsi idi. Çünki iki ölkə arasında münaqişə nəticəsində uzun müddət kağız üzərində qalan sərhədlər indi real geopolitik xəritədə tam hüquqi əsaslarla müəyyənləşdirilməli idi. Məhz bu amil iki dövlət arasında münasibətlərin gələcəyini və bütün regionda sabitlik parametrlərini müəyyən edən əsas texniki və siyasi məsələ idi.

Danışıqlarda diplomatik münasibətlərin mərhələli şəkildə bərpası ideyası da öz əksini tapdı. İllərlə əlaqəsiz yaşayan iki qonşu dövlət indi bir-birini tanımaq və qarşılıqlı legitimliyi qəbul etmək kimi tarixi bir transformasiyaya doğru irəliləyir. Məhz bu amil, eyni zamanda, Cənubi Qafqazda siyasi mədəniyyətin yenilənməsi demək idi. Ən vacibi isə odur ki, bütün bu mövzular süni şəkildə masaya qoyulmamışdı. Tərəflərin öz daxili gündəliklərindən doğan ehtiyaclar əsasında, realist və funksional çərçivədə formalaşdırılmışdı. Bütün bunlar onu göstərdi ki, 2025-ci ilin bu görüşü sülh düşüncəsinin və siyasi iradənin formalaşması mərhələsində strateji dönüş nöqtəsinə çevrilib

***

2025-ci il iyulun 10-da baş tutan görüş beynəlxalq münasibətlər sistemində bir neçə mühüm konseptual tendensiyanı üzə çıxardı. Tərəflərin birbaşa siyasi iradəsi ilə və üçüncü tərəfin diplomatik neytrallığı şəraitində həyata keçirilən bu format “neoyekunçu diplomatiya” (post-hegemonik vasitəçilik modeli) anlayışının praktikaya keçdiyini göstərir. Məhz bu modeldə danışıqların təşəbbüsü, formatı və nəticələri klassik vasitəçi güclərin deyil, lokal aktorların iradəsinə əsaslanır. Belə formatlar, qlobal sistemin mərkəzdən-çevrəyə doğru yenidən konfiqurasiya olunmasının nümunəsi kimi çıxış edir. Artıq siyasi proseslər təkcə güc mərkəzlərinin idarəsində deyil, regional təşəbbüslərin sintez olunduğu platformalarda cərəyan edir. Bütün bu amillər mövcud beynəlxalq düzənin çoxqütblü və plüralist xarakterini daha da gücləndirir.

Belə formatda görüşlər diplomatiyada üç əsas prinsipin aktuallığını önə çıxarır ki, bunlardan birincisi siyasi iradənin avtonomiyası – yəni, tərəflərin danışıqlara hər hansı beynəlxalq təşkilatın və ya qlobal gücün təzyiqi olmadan qatılması onların suveren qərarvermə mədəniyyətinin möhkəmləndiyini göstərir.

İkincisi isə, formatlaşdırılmış neytrallıq prinsipidir – ev sahibi məkanın neytral, lakin təşkilati-fasilitativ rol oynaması isə yeni növ “passiv vasitəçilik” praktikasını doğurur.

Nəhayət, üçüncü amil simvolik diplomatiyadır – görüşün özünün siyasi nəticələrindən əlavə, simvolik yükləməsi (ev sahibi ölkənin neytrallığı, təşəbbüsün lokal xarakteri, qlobal aktorların iştirak etməməsi) daha güclü mesajlar ötürdü.

Qərbdə bu cür təşəbbüslər yeni vasitəçilik mədəniyyətinin başlanğıcı kimi qəbul olunur. Avropa siyasi düşüncəsində bu yanaşma qeyri-zorakı dialoq əsaslı sabitlik konsepsiyası ilə üst-üstə düşür. Konsepsiya beynəlxalq sistemin yeni normativ strukturunda lokal aktorların konstruktiv rolunu gücləndirir. Şərq geosiyasi düşüncəsində isə belə təşəbbüslər güc balansının transformasiyası və regional avtonomiya meyllərinin artması kontekstində analiz olunur. Burada böyük güclər üçün həm çağırış, həm də alternativ əməkdaşlıq modeli əks olunur.

Maraqlısı budur ki, görüş öz təbiətinə görə nəinki konkret tərəflər arasında dialoq modeli, həm də qlobal diplomatik arxitekturanın yenilənməsinə dair siqnaldır. Artıq diplomatiya regional təşəbbüslərin qurduğu məkanlara çevrilir. Bunlar beynəlxalq hüquq və suveren qərarvermə prinsiplərinin praktik real siyasətdə yenidən aktuallaşmasına səbəb olur.

***

Müasir beynəlxalq münasibətlər sistemində əksər sülh təşəbbüsləri və danışıqlar formatları ya beynəlxalq təşkilatların vasitəçiliyi, ya da dominant güclərin təşviqi ilə formalaşır. Belə bir mənzərədə ikitərəfli və tam suveren iradəyə əsaslanan görüşlərin baş tutması həm nadir, həm də normayaratma potensialına malik presedentdir. Siyasi kontekst baxımından belə təşəbbüslər klassik “gücün çağırışı” doktrinasından fərqli olaraq, daxili siyasi gündəmlərin və strateji vizyonların real diplomatik nəticəyə çevrilməsini ifadə edir.

Digər tərəfdən, burada müşahidə olunan “hibrid diplomatiya” modeli – yəni beynəlxalq hüquqa, sülh çağırışına və suveren təşəbbüsə əsaslanan kompleks yanaşma – çağdaş beynəlxalq sistemin çoxtərəfli və qeyri-sabit təbiətinə uyğun yeni diplomatik adaptasiya formasıdır.

Beləliklə, burada formalaşan model – “yüksək səviyyəli neytrallıq + təşəbbüskarlıq” – diplomatiyada balanslaşdırılmış aktivlik formasına çevrilir. Bir tərəfdən kənar güclərdən asılı olmamaq, digər tərəfdən təşəbbüs göstərərək prosesin arxitekturasını dizayn etmək. Mövcud vəziyyət beynəlxalq münasibətlərdə “təşəbbüs yolu ilə legitimlik” doktrinasının aktuallaşmasına səbəb olur. Görüşün əsas nəticələrindən biri beynəlxalq aləmin Azərbaycanı prosesin dizayneri kimi tanımağa başlamasıdır. Əbu Dabi isə lokasiya olaraq passiv iştirakla prosesin legitimliyinə və tərəflərin bərabər məsafədə yerləşdirilməsinə şərait yaratdı. Amma formatın təşəbbüskar və arxitektor aktoru Bakı idi.

Hadisə həm də beynəlxalq münasibətlər aspektində mühüm siqnaldır: Azərbaycan regionda yeni siyasi nizamın təşəbbüskarı və təminatçısı rolunu oynayır. Bütün bu proseslər ölkənin beynəlxalq mövqeyində keyfiyyətcə yeni mərhələnin başlandığını göstərir.

Şəbnəm ZEYNALOVA,
XQ-nin siyasi analitiki, siyasi elmlər üzrə fəlsəfə doktoru



Siyasət