“Mənim də silahım öz qələmimdir”

post-img

Gəncədə orta məktəbin 6-cı sinfində oxuyurdum. Atam – Xalq artisti Məhəmməd Burcəliyev tez-tez əlimdən tutub məni “Alimlər evi”nə aparırdı. Orada “İlham” ədəbi birliyi fəaliyyət göstərirdi. Atam da bu birliyin görüşlərində iştirak edər, müzakirələrə qatılardı. Onun yaxın dostu Qərib Mehdi istedadlı gəncləri başına toplayıb istiqamətləndirər, şerlərinə düzəlişlər edərdi. 

Bir gün mən özümdə cəsarət tapıb əli­mi qaldırdım. Qərib Mehdi dərhal dilləndi:

– Nə istəyirsən, Anar bala?

– Qərib əmi, mən də Gəncə teatrının tamaşası haqqında yazı yazmışam. Olar, oxuyum, qulaq asasınız?

– Yaxşı, oxu, görək, sən nə yazmısan, – dedi.

Yazımı oxudum. Məni maraqla din­ləyib məsləhətlərini verdi. Beləcə ədəbi birliklə əməkdaşlığım genişləndi. Mən də ustad Qərib Mehdi bulağından su içib, “İlham”ın yetirmələrindən sayıldım.

O, 50-ci illərin sonunda ədəbiyyata qədəm qoyub. “İşıq”la, “Qərib, hey”lə, “Rast”la etiraf edilib və böyük oxucu küt­ləsini ətrafında toplaya bilib. Sonra da 60-cı illərin ədəbi mübarizəsinə qoşulub. O illərdən söz düşərkən Qərib Mehdi dalğın baxışlarla xatirələrini vərəqləyərək deyir: “SSRİ-də, o cümlədən Azərbaycanda “60-cılar” meydana gəlməsilə bir yenilik mehinə, ədəbi küləyə çevrildi. Və daha sonra bu proses qarşısıalınmaz oldu”. 

Qərib Mehdi bir gün də olsun, doğma Gəncəmizdən ayrılmayıb. Hər zaman bu­rada Xan çinarların kölgəsində yazıb-ya­radıb, ruh dincliyi tapıb. Bir gün ona sual verdim ki, ustad, nə əcəb Bakı sizi özünə cəlb etməyib, yaradıcılığınızı orada da­vam etdirmək istəməmisiniz? Güldü və dedi: “Məndə heç vaxt paytaxt cazibəsi olmayıb. Yazılarım diqqət çəkəndən son­ra xeyirxahlarım məni də müxtəlif ünvan­lara – “Gənclik” nəşriyyatına, televiziyaya və “Azərbaycan” jurnalına dəvət ediblər. Hətta bir dəfə gedişim qatara bilet alma­ğa qədər davam edib. Son anda mərhum yazıçımız Altay Məmmədov məni bu fikir­dən daşındırıb. Biz Gəncəsiz qala bilmi­rik, bala”. 

Bir növ əyalətdə yaşasa da, oriji­nal povest, hekayə və esseləri ilə daim seçilən ustad Qərib Mehdi heç zaman şöhrətə aldanaraq, büdrəməyib. Əksinə, yeni, aktual fikir və düşüncələri ilə söz sənətinə müstəsna xidmətlər göstərib. Belə olmasaydı, “İşıq”, “Yaralı mərmər”, “Ucalan dağlar”, “Rast”, “Təmiz hava”, “Səndən sonra ”, “Çinar günü”, “Müsa­biqə”, “Qəhqəhə”, “Xatırlanmaq xoşbəxtli­yi”, “Kentavr lətifələri”, “Hamını oxumağa çağıran adam” və başqa adda 50-ə yaxın maraqlı kitabları bu günə kimi gündəmdə olmazdı. 

Onun özünəməxsus bədii fikirləri ilə oxucuların sevgisini qazanan, ədəbi mü­hitdə geniş rezonans doğuran onlarla əsəri xarici dillərə də tərcümə olunub. Tənqidçi Gülrux Əlibəyli yazır: “Bədii eti­rafın ən kamil nümunəsi Qərib Mehdinin “Məni çağıran səs” povestidir. Azərbay­can ədəbiyyatında ana haqqında yüzlərlə gözəl, kamil povest, poema və romanlar yaranmışdır. Bu, ölməz və ümumbəşəri mövzudur. Burada oxucunu təəccüblən­dirmək də sanki qeyri-mümkündür. Bu­nunla belə, Qərib Mehdi təəccübləndirir də, heyrətləndirir də”. Və ya tənqidçi Rə­him Əliyev ona üzünü tutub yazır: “Sizdən xahiş edirəm, qəzeti uşaqlara tapşırıb var qüvvənizlə işləyin, hər saatınızın qədrini bilin. Cəsarətlə Gəncənin iç dünyasını açıb tökün. Bunu siz etməsəniz, bəlkə, 100 il də keçsə heç kəsə nəsib olmaya­caq”.

Qərib Mehdi heç zaman həqiqətdən vaz keçmədi, bəziləri kimi qələm altın­da yatıb köləlik taxtında oturmadı. Buna görə də onun bütün toxunduğu mövzu­ları öz orjinallığını qorumaqla, düzü-düz, əyrini-əyri kimi göstərə bildi. Qələminin məhsulu olan “Müsahibələr və müsahib­lər”, “Əlim çatan, ünüm yetən sənətçilər”, “Bulanma, könül çayım”, “Göyçəgülü”, “Səbuhinin hekayətləri”, “Bu qızı eşit, ila­hi”, “Gördüyünü çağıran aşığın nağılı”, “Güldün, ağlım apardın”, “Gül əvəzinə söz”, “Sözün vaxtı-vaxtın sözü”, “Mən­siz gün olmaz günün”, “Küləklər ağzında şam işığı”, “Nizami Aydın şəhidliyi” kimi kitabları dövrünün aktual problemlərini açıqlaması ilə oxucu qəlbini fəth edib. Qərib Mehdi hərdən söhbətlərində de­yir: “İnsan sevəndə, yaradanda, kiməsə yaxşılıq edəndə yaşayır. Qələmim nadinc uşaq kimi dinc durmur. Elə bir ucdan ya­zıram. Döyüşə girən cəngavərin silahları cəsarətdən, atdan və qılıncdan ibarətdir. Mənim də silahım qələmim, mövzum və üslubumdur”. 

Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar onun əsərlərindən söz düşərkən maraqlı bir faktı önə çəkərək deyir: “Siz əsərlərinizlə Allah, cəmiyyət və dünya qarşısındakı məsuliyyət hissi­nin dərindən, əxlaqlı şəkildə qavranma­sına yardımçı olmaq niyyətinizdə həmişə təmənnasız olmusunuz. Bir yazar ola­raq, bir insan olaraq, sənətdaşlarınıza, xüsusən ədəbi gəncliyə davamlı şəkildə diqqət və qayğı göstərmisiniz. Bu xidmət­ləriniz heç zaman unudulmayacaq”.

Orta məktəbi bitirən kimi Gəncəyə gəlməsini xatırlayan şair, Əməkdar mə­dəniyyət işçisi Qəşəm Nəcəfzadə ilk dəfə kənddən kənara çıxdığını və şəhəri tanı­madığını söyləyir. “Bu boyda şəhərdə bir nəfər də tanışım yox idi. Bircə ağaclar, küləklər, yağışlar tanış idi. Onları kənd­də görmüşdüm, elə bil mənimlə şəhərə gəlmişdilər. Gəncə Dövlət Universitetinə (Köhnə KDPİ) dil-ədəbiyyat fakültəsinə qəbul olundum. İki aydan sonra Qərib Mehdi ilə tanış oldum və ona “aldanıb”, qaldım Gəncədə. Yaxşı ki, qaldım. Ona kimi canlı yazıçı görməmişdim, kitab hə­diyyə almamışdım, mənə avtoqraf yaz­mamışdılar. Hamısını Qərib Mehdi ilə tanıdım”.

Maraqlı burasıdır ki, Qərib Mehdi dra­maturgiyada qələmini cəmi bircə dəfə sı­nayıb. Gəncə Dövlət Milli Dram Teatrının səhnəsində onun qələmə aldığı “Oxşar­lar” pyesi maraqla izlənilib. Əsərin Gəncə Dövlət Milli Dram Teatrının səhnəsində ilk tamaşası 23 fevral 1989-cu ilə təsadüf edir. Pyes ekoloji problemlərə həsr olu­nub, satirik çalarda işlənib. Tamaşanın quruluşçu rejisoru olan atam Məhəmməd Burcəliyev dəyərli əsəri dramatik-yumo­ristik planda qurmağa müvəffəq ola bi­lib. Əslində, pyes komediya deyil. Ancaq burada yumor hissi çox güclüdür. Hətta əsərin ciddi məsələlərdən bəhs olunan səhnələrində belə, yumor dildən düşmür. 

Əməkdar jurnalist, Məmməd Araz və Həsən bəy Zərdabi mükafatçısı, sevilən yazıçı-publisist Qərib Mehdi bir sıra digər sənət ödüllərinə də layıq görülüb. Yuxa­rıda onun vaxtilə atamla dost olduğunu vurğulamışdım. Bu günsə mən ömrünün 88-ci baharını yaşayan ustadla dostlu­ğumla qürur duyuram. 

Anar Ərtoğrul BURCƏLİYEV,
teatrşünas

Mədəniyyət