Milli Dram Teatrı finişə “Ölülər”lə çatdı

post-img

Teatrsevərlər hər zaman bu sənət ocağının səhnəsində yaddaqalan tamaşalar izləyib, maraqlı obrazlar görüblər. Burada çalışan yaradıcı heyət üçün hər mövsümün əvvəli məsuliyyət, sonu isə bir hesabatdır. Teatr Cəlil Məmmədquluzadənin pyesi əsasında mərhum Xalq artisti Azər Paşa Nemətovun quruluş verdiyi “Ölülər” tamaşası ilə 151-ci mövsümü yekunlaşdırdı. Bəs bu mövsüm, ümumilikdə, necə keçdi?

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının mətbuat xidmətinin rəh­bəri Cavid Zeynallı mövsümün əlamət­dar hadisələrlə zəngin olduğunu bildirdi. Həmişə yeniliklərə açıq olan, tamaşaçı sevgisini əsas götürən və peşəkar ya­naşmanı təlqin edən sənət ocağının ötən mövsümdə də tamaşaçılara rəngarəng repertuar təqdim etdiyini, qastrollarda uğurla çıxış etdiyini söylədi: 

– Ötən mövsümdə teatrda mövzu­su çağdaş günümüzlə səsləşən əsər­lər səhnəyə qoyuldu, 5 yeni tamaşanın premyerası oldu. Bundan əlavə, teatr beynəlxalq festivallara, habelə forum və konfranslara dəvət aldı. IX Sankt-Peter­burq Beynəlxalq Mədəniyyət Forumunda ölkəmizi təmsil etdi. Forum çərçivəsində teatr sənətinə həsr olunan xüsusi panel­də Milli Dram Teatrının direktoru, Əmək­dar mədəniyyət işçisi İlham Əsgərov Rusiya, Belarus və Serbiya milli teatrla­rının rəhbərləri ilə bərabər çıxışlar etdi. Həmçinin Rusiyanın Aleksandrinski Teat­rı (Sankt-Peterburq) və Milli Dram Teatrı arasında əməkdaşlıq memorandumu im­zalandı. Bundan başqa, Milli Dram Teatrı Qazaxıstanda keçirilən MDB, Baltikyanı ölkələr və Gürcüstan gənclərinin 5-ci Te­atr Forumunda ölkəmizi təmsil etdi. Ötən günlərdə Suzdal şəhərində reallaşan 2-ci Rusiya Milli Teatrları Konqresi və Rusiya Milli Teatrlarının 1-ci Yay Festivalına da teatrımız fəxri qonaq qismində dəvət al­mışdı. Teatr rəhbərliyi bütün beynəlxalq tədbirlərdə iştiraka sənət ocağı üçün əl­verişli platforma kimi yanaşır. Beynəlxalq tədbirlərdə iştirakımız sənət və təcrübə mübadiləsi baxımından xüsusi əhəmiyyət daşıyır. 

– Zəhmət olmasa, ötən mövsümün yeni tamaşaları barədə də məlumat ve­rin.

– Yola saldığımız mövsümdə teatrın yaradıcı heyəti qırğız yazıçısı Çingiz Ayt­matovun “Əsrə bərabər gün”, Xalq yazıçı­sı Anarın “Dantenin yubileyi”, yazıçı-dra­maturq Şıxəli Qurbanovun “Sənsiz”, Məmmədhüseyn Təhmasibin “Bir qalanın sirri” və mənim “Şükriyyə” pyesimə səhnə həyatı verdi. Bu 5 səhnə əsərinin təqdi­matı, rejissor yozumu, səhnə tərtibatı və aktyor oyunu maraqla qarşılandı, ən əsa­sı, tamaşaçı məmnunluğuna nail olduq. Belə layihələrimizə yeni mövsümdə də davam edəcəyik.

Hazırda teatrda yeni tamaşanın məşqlərinə başlanıldığını deyən C.Zey­nallı söylədi ki, Hüseyn Cavidin "İblis" əsəri əsasında hazırlanan “İbis və...” adlı yeni səhnə əsərinin janrı dekonst­ruktiv-metadramdır. Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadənin quruluş verdiyi tamaşanın premyerası yeni möv­sümün əvvəllərinə nəzərdə tutulur.

Ceyhun ALIŞLI

Mədəniyyət