Hər kitab bir dünyadır

post-img

Elçinin pyesləri türkcədə

Xalq yazıçısı Elçinin dramaturgiyası Türkiyədə də geniş yayılıb və kitab halında nəşr edilib. Onun pyesləri qardaş ölkənin Ankara, Ərzurum, Kayseri və digər şəhər­lərinin dövlət teatrlarında, eləcə də İstanbul Böyük Bələdiyyə Teatrında tamaşaya qoyu­lub, müxtəlif mükafatlara layiq görülüb.

Bu günlərdə isə qardaş ölkənin “Mi Ya­yınları” ədibin pyeslərindən ibarət “Teles­kop. Teatro oyunları” kitabını çap edib.

Nəşriyyat müəllifi təqdim edərək yazır: “Dünyada tanınmış yazar Elçin günümüzdə deyil, gələcəkdə də oxunacaq və əsərlərindən dərslər alınacaq bir yazardır”.

Kitaba Elçinin “Teleskop”, “Mənim se­vimli dəlim”, “Şekspir” və “Cəhənnəm sakin­ləri” pyesləri daxil edilib. Əsərləri türkcəyə tanınmış yazıçı Orxan Araz uyğunlaşdırıb. 

Magellanın dünya səyahəti

Alman tarixçisi, yazıçı və rəssamı Her­bert Votenin “Magellanın dövri-aləm sə­yahəti” adlı romanı Azərbaycan dilində çap olunub. 

Son dərəcə maraqlı əsəri almancadan Ni­zami Gəncəvi adına Milli Azərbaycan Ədə­biyyatı Muzeyinin əməkdaşı Munisə İsmayı­lova tərcümə edib. 

Əsər portuqal mənşəli dəniz səyyahı Fer­raro Maqalyaeşin ağır və məşəqqətli dünya səyahətindən bəhs edir. İspaniyaya mühacirət edən səyyah uzun çətinliklərdən sonra Fer­nando Magellan adı altında yeni səhifə açır. Bu gün dünyada ilk dəniz səyahəti edən Ma­gellanı tanımayan yoxdur.

Kitabın redaktoru Nizami Muzeyinin Məktəblilər və ictimaiyyətlə iş şöbəsinin elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Təbəssüm Muxtarovadır.

“Dəniz kənarında”

İngilis dilində yazan ərəb mənşəli tanza­niyalı yazıçı, 2021-ci ilin Beynəlxalq Nobel mükafatçısı Abdulrəzak Qurnanın nəşr olu­nan romanı Azərbaycan dilində belə adlanır.

Yeni əsrin əvvəlində yazılmış bu əsər Afrikada və Qərb ölkələrində böyük ma­raqla qarşılanıb. Müəllif imperialist ölkələr­də təhsil alan şəxslərin fərdi dünyagörüşü ilə Afrikanın yerli adətlərinin, ənənələrinin qarşılaşmasının doğurduğu ziddiyyətləri, pa­radoksları təsvir edir. Romanda İngiltərəyə qaçmış Saleh Ömər adlı gəncin “Qura­ni-Kərim”dən duyduğu milli-dini bağlılıq hissləri ilə Qərb təhsilindən əxz etdiyi dün­yəvi bilgilər arasında çarpışması, çabalaması oxucuların diqqətinə çatdırılır. Köçkün kimi ayaq basdığı ölkədə ingilis dilini bildiyini gizlədərək gözəgörünməz olmaq qərarına gəlir. Bir növ passiv müqavimət nümayiş et­dirmək istəyir. Lakin vaxt keçdikcə ətrafdakı insanlara özü haqqında danışmağa başlayır.

Abdulrəzak Qurna özü də qaçqın, miq­rant olduğu üçün obrazların daxili dünyası­nı, yaşantılarını bütün incəlikləri ilə, dolğun təsvir edib. 

Ə.DOSTƏLİ
XQ





Mədəniyyət