“Köç yolu” Xan yaylağından keçdi...

post-img

Göygöl rayonunun Xan Yaylağında, III Milli Yaylaq Fes­tivalı çərçivəsində “Gəncəbasarda köç yolu və elat mədə­niyyəti: əcdadlarımızın izi ilə” adlı etnoturizm qurultayı ke­çirildi. 

Regionda təşkil olunan etnoturizmlə bağlı ilk tədbir Dövlət Tu­rizm Agentliyinin Gəncə Regional Turizm İdarəsi və “Cavadxan Mədəniyyət Fondu”nun dəstəyi ilə baş tutdu. Burada, Gəncəba­sarda elat mədəniyyətinin tarixi, müasir vəziyyəti, köç yolu və yarımköçəri həyat tərzi və başqa mövzularla bağlı müzakirələr aparıldı. Tədbirin əsas məqsədi xalqımıza xas olan milli-mənəvi dəyərləri qoruyub saxlamaq, təbliğ etməkdən ibarətdir. Qurulta­yın sonunda Gəncəbasarda köç yolu mədəniyyətinin qorunması və gələcək nəsillərə çatdırılmasını təmin etmək üçün bu cür təd­birlərin elmi-praktiki formatda mütəmadi olaraq digər rayonlarda da keçirilməsi qərara alınmışdır.

Qeyd etmək lazımdır ki, Gəncəbasarda köç yolunun əsas ana xəttini yarımköçəri mədəniyyət təşkil edir. Bu qədim məs­kənin dağlıq hissəsinin sakinləri ildə iki dəfə yaylaq-qışlaq ara­sında mövsümi köç edərək ilin 4 ayını Kiçik Qafqaz dağlarının ətəklərində (1800–2900 m), 8 ayını isə Ceyrançöl qışlaqlarında keçirirlər. Minillərdən süzülüb gələn köçmə heyvandarlıq mə­dəniyyəti Gəncəbasarın bütün mədəni tarixini, memarlıq irsini, folklorunu, inanc sistemini, ticarət əlaqələrini və s. formalaşdırıb inkişaf etdirmişdir. 

Fidan SALMANOVA
XQ

Mədəniyyət