Məşhur amerikalı aktrisa Skarlett Yohansson Hollivud tarixində ən çox gəlir gətirən aktyorlar siyahısında birinci yerə yüksəlib. Onun iştirakı ilə çəkilən filmlərin ümumi gəliri 14,8 milyard ABŞ dollarını keçib. Bu barədə The Wrap nəşri The Numbers analitik platformasının məlumatlarına istinadla xəbər verib.
Yohanssonun liderliyini təmin edən əsas amil 2 iyulda premyerası keçirilmiş “Yura dövrü: Dirçəliş” adlı filmin uğurlu startı olub. Filmin ilk altı gün ərzində dünya üzrə kassa gəliri 318 milyon dolları ötüb. Aktrisa bu filmdə sabiq hərbçi və gizli əməliyyatlar üzrə ekspert Zora Bennett obrazını canlandırır. O, hələ də dinozavrların yaşadığı adaya göndərilən əsas personaj rolundadır.
Yeni film Yohanssona daha öncə reytinqə başçılıq edən, Marvel kainatındakı həmkarı Samuel L. Ceksonu geridə qoymağa imkan verib. Ceksonun iştirakı ilə filmlərin ümumi gəliri 14,6 milyard dollar təşkil edir.
Skarlett Yohanssonun bu uğurunda Marvel studiyasının xüsusi payı var. Onun canlandırdığı Natşa Romanoff (Qara Dul) obrazı ilə çəkildiyi “Qisasçılar” seriyasının dörd filmi və “Birinci Qisasçı: Qarşıdurma” adlı filmin birgə gəliri 8,7 milyard dollardan çoxdur. Aktrisa Marvel-dən 2021-ci ildə “Qara Dul” adlı solo filmdən sonra ayrılmışdı.
Yohanssonun digər kassalı filmlərinə “Cəngəllik Kitabı” (951 milyon dollar), “Birinci Qisasçı: Başqa Müharibə” (714 milyon), “Zveropoy” (631 milyon), “Dəmir Adam 2” (621 milyon) və “Lyusi” (457 milyon) daxildir.
Reytinqdə üçüncü yeri 14,3 milyard dollarlıq ümumi gəlirlə Robert Dauni Jr. tutur. The Wrap qeyd edir ki, o, liderliyi 2026-cı ilin dekabrında təqdim olunacaq “Qisasçılar: Qiyamət Günü” filmi ilə geri qaytara bilər. Bu filmdə aktyor Doktor Dum rolunu ifa edəcək. Lakin bu, yalnız Marvel-un kinouniversumuna Qara Dul obrazını qaytarmaması halında mümkün olacaq. Skarlett Yohansson isə hazırkı mərhələdə Marvel-dəki fəaliyyətini başa vurduğunu bəyan edib.
S.ELAY
XQ