“Bir uyuşmaq dəxi var nəqş ilə nəqqaş arasında”...

post-img

Sumqayıtda yaşayıb-yaradan xalçaçı-rəssam, Əməkdar mədəniyyət işçisi, Beynəlxalq Rəssamlar Fondunun üzvü Fazil Abasquluzadəni 30 ildən çoxdur ki, tanıyıram. Ölkəmizdə və xaricdə keçirilən mötəbər sərgilərdə uğurlu iştirakından xəbərim var. Özü bu barədə çox danışmağı sevməsə də, faktlar hər şeyi deyir.

Əslən Qubadlı rayonunun Cılfır kəndindən olan Fazil Abasquluzadə illərdən bəri arzularını çeşni-çeşni, ilmə-ilmə reallaşdırır. Molberti hana, kətanı xalçalardır. Bu bağlılıq onda lap uşaq yaşlarından yaranıb. Dediyinə görə, nənəsi balaca Fazili qonşu Teymur Müskənli kəndinə aparardı. İlk dəfə orada, hanada xalça toxunduğunu görüb. Bu proses ona çox maraqlı gəlib. Xalça alətləri, hana, üstündə əlvan rəngli saplar sanki uşağı ovsunlayıb. Rəssamlığa meyilli olduğundan, naxışların çəkilməsi, xalça üzərində hər hansı bir təsvirin verilməsi onda güclü maraq yaradıb. Elə bu istəklə də Azərbaycan Pedaqoji İnstitutunun bədii qrafika fakültəsinə daxil olub. Ali məktəbi bitirərək təyinatla İsmayıllı rayonuna yollanandan sonra bu sənətə ömürlük bağlanıb.

– Təbiətin dilbər guşəsi, qədim sənətlərin məskəni olan İsmayıllıda Lahıc xalçaçılıq məktəbinin sirlərini daha dərindən öyrəndim – deyə o bildirdi. – Bununla da biryolluq xalça sənətinə keçdim. İlk əsərlərimi də o vaxtlar yaratmışam. 1993-cü ildə Sumqayıta köçdüm, bacarıqlı toxucuları tapdım, mehriban bir kollektiv yaratdıq. Çünki bu, birgə sənətdir, tək rəssamın işi deyil. Müxtəlif məkanlarda, şəraiti olmayan yerlərdə çalışdıq. Amma ruhdan düşmədik. Yaratdığım bütün xalçaların həmmüəllifləri toxucu xanımlar – usta Rəmziyə, Leyla, Müqəddəs, Həlimə, Leysan, Südabə, Sarıtel, Validə, Bənövşə, Sonadır. Biz əsasən süjetli və ya portret xalçalar toxuyuruq. Əl işlərimiz dünyanın 25-dən artıq muzeyində saxlanılır. İspaniyada, Fransada, Almaniyada, dəfələrlə Moskvada sərgilərimiz olub.

Əməkdar mədəniyyət işçisi ölkəmizdə xalçaçılığın inkişafını birbaşa Prezident İlham Əliyevin və ölkəmizin 1-ci xanımı – Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın milli mədəniyyətimizə və onun ayrılmaz hissəsi olan xalçaçılıq sənətinə göstərdiyi diqqətin əyani təzahürü kimi dəyərləndirdi.

Xalçaçı-rəssam illərdir ki, Sumqayıtda, mənim yaşadığım məhəllədəki emalatxanasında fəaliyyət göstərir. Ora gedəndə əvvəlcə həyətdəki böyürtkən kollarına, budaqları gilasla dolu olan ağaclara baxdım. Sonra möcüzəli ünvandakı xalçalar gözümü-könlümü oxşadı. Fazil Abasquluzadənin əsərlərində xalqın tarixi yaddaşından süzülüb gələn rənglərin, naxışların, süjet və obrazların yaratdığı bədii güc xalçanı həqiqi sənət zirvəsinə yüksəldir. İllər öncə Portuqaliyanın paytaxtı Lissabonda 36 dövlətdən peşəkar rəssamların qatıldığı beynəlxalq sərgidə birdən-birə 8 əsəri nümayiş olunub və bəyənilib.

Onun dünya şöhrətli unudulmaz fırça ustası Tahir Salahovla əməkdaşlığı da gözəl nəticələr verib. Tahir müəllimlə bir sərgidə tanış olublar. Görkəmli rəssam özünün rəngkarlıq əsərlərinin xalçaya köçürülməsini istədiyini deyib və yaradıcı əməkdaşlığa başlayıblar. Bu iş xeyli vaxt aparıb, bəzən bir neçə ay çəkib. Toxucu qızların rəssamlıq duyumu da onun yardımçısı olub. Fazil Abasquluzadə Tahir Salahovun ümumilikdə 50-yə yaxın əsərini xalçaya köçürüb. Toxunuş üçün gərək olan sapların hamısını özü boyayıb, materialı isə Təbrizdən gətizdirib. Bu işlərə heyranlıqla baxdığımı görən Fazil Abasquluzadə dedi:

– Tahir Salahovun palitrası çox zəngindir, tez-tez rəng çalarları dəyişir. Biz bu əsərləri 50 sıxlıqla toxumuşuq, yəni hər 10 santimetrdə 50 düyün var. Rəsmləri xalçaya köçürən zaman onların orijinaldakı ölçüsünü olduğu kimi saxlamışıq, müəllifin razılığı ilə qıraqlarında ayrıca haşiyələr, naxışlar işləmişik. Bütün toxunuş prosesi Lətif Kərimovun qoyduğu qaydalara uyğun aparılıb. Beləliklə, kətan üzərində yaranmış əsərlər xalça variantında özünün ikinci ömrünə qədəm qoyub.

Naxışları xalçanın danışan dili adlandıran rəssam əsərlərində milli klassikaya, folklor üslubuna daha çox diqqət yetirir. Məram milli mədəniyyətimizin qədimliyini qoruyub saxlamaq, gələcək nəsillərə ötürməkdir.

Fazil usta tarixi şəxsiyyətlərə həsr olunan xalçalarda onların yaradıcılığını da əks etdirməyə çalışır. Nizami Gəncəviyə həsr etdiyi süjetli bədii-tematik əsəri ABŞ-da Karolina Universiteti muzeyinin fondunda saxlanılır. Bu əsərdə rəssamın dahi şairə olan sevgisi ilə xalça sənətinə bağlılığı gözəl vəhdət təşkil edib.

Tanınmış şəxsiyyətlərin obrazlarını xalça naxışlarında əbədiləşdirəndə onların bəziləri ilə şəxsən görüşdüyü də olub. Bu barədə dedikləri:

– Xalq şairi Bəxtiyar Vahabzadə ilə bağlı iki əsərim var. Bəxtiyar müəllimlə sağlığında görüşdüm, bəzi məsləhətlər də verdi. Onun “Şəhidlər” poeması əsasında da xalça yaratmışam, həmin əsər indi Şəki Tarix-Diyarşünaslıq Muzeyindədir. Şəhriyara həsr etdiyim “Heydərbabaya salam” əsərim İsmayıllının Təzəkənd kəndində toxunub, respublika müsabiqəsində 76 rəssamın əsəri içərisində 1-ci yeri tutub. Bundan başqa, Zəlimxan Yaquba, Nüsrət Kəsəmənliyə, Paşa Qəlbinura həsr etdiyim xalçalar var.

Elə şairlərin obrazlarını yaratması Fazil müəllimin poeziya vurğunu olduğunu bəlli edir. Söhbət zamanı onların şeirlərindən çoxlu misallar gətirdi. Məsələn, ulu Şəhriyardan bu misraları əzbər dedi: “Şəhriyar, sən yazan əşarı uzaqdan tanıram mən, Bir uyuşmaq dəxi var nəqş ilə nəqqaş arasında”.

Böyük zəfərlə başa çatan 44 günlük Vətən müharibəsindən sonra doğma yurd yerlərinə səfərlər edən Fazil Abasquluzadə qələbə mövzusunda da dəyərli əsərlər yaradır. O, hazırda yeni eskizlər üzərində işləyir.

Əli NƏCƏFXANLI
XQ

Mədəniyyət