Qərbi Azərbaycan irsinə dair fundamental nəşr

post-img

Mingəçevir Şəhər İcra Hakimiyyətinin və Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə Mingəçevir Dövlət Universitetində “Qərbi Azərbaycan irsi: Ermənistanda azərbaycanlıların maddi-mədəni irsinin – qəbiristanlıqların sistemli qaydada dağıdılmasının nəticələri və beynəlxalq hüquqi məsuliyyətə dair” hesabat və materiallar kitabının I cildinin təqdimat mərasimi keçirilib.

Əvvəlcə “Qərbi Azərbaycan irsi: Tədqiqatlar seriyası” filminə baxış keçirilib. Sonra şəhər icra hakimiyyətinin başçısı İlham İsmayılov təqdim olunan kitabın tarixi əhəmiyyəti haqqında geniş məruzə ilə çıxış edib. Qeyd olunub ki, Qərbi Azərbaycanda Azərbaycan xalqının yaratdığı tarixi mədəni irsin öyrənilməsi, təbliğ olunması və tam məhv olunmasının qarşısının alınması, həmin insanların öz ata-baba yurdlarına qayıtması hüquqlarının təmin edilməsi üzrə “Qərbi Azərbaycan İcması” İctimai Birliyinin fəaliyyəti olduqca təqdirəlayiqdir. Bu baxımdan İcmanın rəhbəri Əziz Ələkbərli və tədqiqatçı-alim Səbuhi Hüseynovun ərsəyə gətirdikləri, professor Ədalət Vəliyevin ideya müəllifi olduğu bu kitabının I cildinin çapı xüsusilə təqdirəlayiqdir. Bu təqdimat əsəri sanballı, elmi əsaslara söykənən araşdırmadır. Əminlik var ki, gələcək nəsillər bu tədqiqat əsərindən bəhrələnməklə Azərbaycan xalqının başına gətirilən müsibətlərdən xəbərdar olacaqlar.

Tədbirdə millət vəkili, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Aydın Mirzəzadə “İndiki Ermənistan Respublikası ərazisində azərbaycanlılara məxsus qəbiristanlıqların dağıdılması ilə bağlı müasir metodoloji təhlillər və şəxsi təəssüratlar”, Mingəçevir Dövlət Universitetinin rektoru, iqtisad üzrə fəlsəfə doktoru, dosent Anar Eminov “Qərbi Azərbaycan İrsi kitabının yazılmasında istifadə edilən texnoloji yeniliklər”, MDU-nun magistratura və doktorantura təhsil mərkəzinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Vəfa Məhərrəmova “Basarkeçər rayonunda Qərbi azərbaycanlılara məxsus qəbiristanlıqların mövcud vəziyyəti haqqında”, Qərbi Azərbaycan İcmasının Mingəçevir şəhəri üzrə nümayəndəliyinin rəhbəri, Əməkdar müəllim Mayıl İsmayılov “Qərbi Azərbaycanda dağıdılmış qəbiristanlıqlarla bağlı məlumatlar yerli və xarici mətbuat səhifələrində” mövzularında məruzələrlə çıxış ediblər.

İlqar HƏSƏNOV
XQ



Mədəniyyət