Ağrı necə əzaba çevrilir?

post-img

Amerikalı neyrofizioloqlar beynin emosional ağrını formalaşdıran sahəsini müəyyən ediblər

Ağrının özü bəzən düşündüyümüz qədər dözülməz deyil. Əslində, bu, orqanizmdə bir nasazlığın xəbərçisi olan vacib siqnaldır. Lakin insana həqiqi əzab verən onunla bağlı yaranan emosiyalardır. ABŞ-da yerləşən Solk İnstitutunun alimləri beynin məhz bu emosional reaksiya üçün cavabdeh neyron qrupunu aşkarlayıblar.

Ağrını kəskinləşdirən amil – emosiya

Müxtəlif insanlar fiziki ağrını bənzər şəkildə hiss etsələr də, ona verdikləri emosional reaksiya və ağrını "daxilən yaşama" səviyyəsi xeyli fərqlənə bilər. Bu da uzun illər alimləri düşündürən bir məsələ olub: fiziki və emosional ağrı eyni yolla ötürülürmü?

Əvvəlki tədqiqatlar göstərirdi ki, ağrı, istilik və digər sensor siqnallar onurğa beynindən talamus vasitəsilə beynin qabığına ötürülür. Emosional aspekt isə başqa bir neyron zəncir – spinoparabraxial yol vasitəsilə beyin kötüyünə çatdırılır.

Kəşf olunan neyron qrup – CGRP daşıyıcıları

Tədqiqatın əsas nəticəsi – talamusda CGRP adlı neyropeptid daşıyan xüsusi neyronların aşkarlanması oldu. Bu neyronlar birbaşa beyinin emosional mərkəzi hesab edilən amiqdalaya bağlıdır. Maraq doğuran nəticə odur ki, bu neyronlar fəaliyyətsiz olduqda siçanlar ağrını hiss edir, lakin ona qarşı qorxu və stress reaksiyası göstərmirlər. Eyni siçanlarda bu neyronlar yenidən aktivləşdirildikdə isə aydın şəkildə həyəcan və əzab əlamətləri müşahidə olunub.

Bu isə onu göstərir ki, ağrının əzaba çevrilməsi mexanizmi neyronların emosional cavab yaratmaq qabiliyyətindən asılıdır. Ağrı dəyişməz qalır, lakin onun beyin tərəfindən necə şərh olunduğu dəyişir.

Posttravmatik stress və migren müalicəsinə yol açır

Araşdırmanın müəllifləri bildirirlər ki, bu neyron mexanizmin həddindən artıq aktivliyi insanlarda ağrını daha dözülməz hala gətirə bilər. Bu, həm posttravmatik stress pozuntusu (PTSP), həm də xroniki ağrı sindromları ilə izah oluna bilər.

Tədqiqat nəticələri "Proceedings of the National Academy of Sciences" jurnalında dərc olunub. Qeyd edək ki, CGRP neyropeptidinin bloklanması hazırda miqrenin müalicəsində istifadə olunur. Bu dərmanlar ağrının ötürülməsinin qarşısını alaraq tutmaların sayını və şiddətini əhəmiyyətli dərəcədə azaldır. Üstəlik, əvvəlki müalicələrdən fərqli olaraq, minimal yan təsirlərə malikdir.

Ağrını dərk etmək – beyin qərarıdır

Alimlər hesab edirlər ki, bu yeni mexanizm yalnız fiziki ağrını deyil, həm də kədər, itki və travma kimi digər mənfi emosiyaların formalaşmasında da iştirak edə bilər. Lakin bu qənaətin təsdiqlənməsi üçün əlavə araşdırmalara ehtiyac var.

S.ELAY

XQ

 

Maraqlı